Məhkəmə qərarları › İş №e-2(004)-4874/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4874/2023

16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4874/2023 16.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Mənzil Tikinti Kooperativi Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənzilin ümumi dəyərinin 2%-i məbləğində 3426 manat cərimə və mənzildə yaşadığı otuz ay müddət üçün aylıq 800 manat olmaqla 24000 manat kirayə haqqının, ümumilikdə 27426 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK ilə Cavabdeh arasında kooperativin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Kənar dairəvi yol ünvanında öz vəsaiti hesabına inşa etdiyi yaşayış binasının 6-cı giriş, 7-ci mərtəbəsində yerləşən sahəsi 129,8 m olan 3 otaqlı 54 nömrəli mənzilə dair 12 mart 2021-ci il tarixdə kooperativ mənzil titikntisi haqqında müqavilə bağlanmışdır. Müqavilə üzrə payçı yəni Cavabdeh müqavilə bağlanan gün 5000 manat məbləğində ilkin ödəniş edərək qalıq 166.336 manat borcu aylıq 4620 manat olmaqla nağd şəkildə ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Lakin, cavabdeh götürmüş olduğu öhdəliyi icra etməyərək 30 ay heç bir ödəniş etməmişdir. Dəfələrlə kooperativ tərəfindən cavabdehə ünvanlanmış borcun ödənilməsi barədə xx.xx.2023-cü il tarixdə 48 nömrəli, xx.xx.2023- cü il tarixdə 67 nömrəli müraciətlər edilməsinə baxmayaraq kooperativə heç bir ödəniş edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən "xxxx" müqavilə üzrə ödənişi 10 gündən artıq gecikdirdikdə, mənzilin ümumi dəyərinin 2% məbləğində cərimə tətbiq olunur. Göründüyü kimi, cavabdeh öhdəliyini yerinə yetirmədiyindən dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə kooperativ haqlı olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisəli mənzil kirayə verilmiş və binanın komendantı X3 məxsus hesabdan cavabdehin hesabına kirayə haqqının müəyyən hissəsi köçürülmüşdür. Cavabdehin həmin mənzildə yaşamasını hal-hazırda həmin mənzildə əşyalarının yerləşməsi, mənzilin açarlarının cavabdehdə olması sübut edir. Mənzilin açarları əvvəlcədən cavabdehdə olmuşdur. Cavabdeh həmin mənzildə təmir işləri aparmışdır. Cavabdehin həmin mənzildə yaşamasını binanın komendantı da təsdiq edə bilər. Cavabdeh həmin mənzildə 30 ay müddətində yaşamış, faktiki sahiblik etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, pandemiyaya görə ödənişləri həyata keçirə bilməmişdir. Sonradan bir neçə dəfə ödəniş etmək istəsə də, qarşı tərəf onu qəbul etməmişdir. Mənzili binanın komendantı X1 vermişdir. Hər ay mənzilin kommunal ödənişləri ödəmişdir. O, həmin mənzildə qeydiyyatda deyil və heç bir zaman həmin mənzildə yaşamamışdır. Mənzilin açarları binanın komendantında olmuşdur. Onun xəbəri olmadan həmin mənzil digər şəxsə kirayəyə verilmişdir, lakin kirayəçini tanımır. O, mənzildə heç bir zaman yaşamamış, lakin kommunal ödənişləri ödəmişdir. Hal-hazırda Badamdar şossesi 77 ünvanında yaşayır. Mənzil 7-ci mərtəbədə yerləşir. Həmin mərtəbədə 6 mənzil yerləşir. Həmin mənzillərdən bir qismində yaşayış var. Beləliklə məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib sübutlara və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Mənzil Tikinti Kooperativi (“satıcı”) ilə Cavabdeh ("xxxx") arasında bağlanmış 54 saylı 12 mart 2021-ci il tarixli Kooperativ mənzil tikintisi haqqında müqaviləyə əsasən, satıcı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal y/m, Kənar dairəvi yol ünvanında inşa edilmiş binanın 6-cı giriş, 7-ci mərtəbədə yerləşən ümumi sahəsi 129,8 kv.m olan 54 saylı mənzili payçıya təhvil verməyi, payçı mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini müqavilə bağlanan gün 5000 manat, qalıq 166336 manat borcu aylıq 4620 manat olmaqla 12 mart 2024-cü il tarixə qədər ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.2-ci bəndinə əsasən, "xxxx" bu müqavilənin 3.2-ci bəndinə qeyd olunan ödənişi 10 gündən artıq gecikdirdikdə, mənzilin ümumi dəyərinin 2% məbləğində cərimə tədbiq olunur, 2 ay gecikdirdikdə, "xxxx" xəbərdarlıq edilmədən MTK tərəfindən müqavilə bir tərəfli olaraq pozulur, həmin mənzil başqa şəxsə satılır. Müqavilənin 5.3-cü bəndinə əsasən, "xxxx" bu müqavilənin 3.3-cü bəndində qeyd olunan müddətədək mənzilin dəyərini tam ödəməzsə, mənzilin qiymətinə yenidən baxılır və "xxxx" həmin günə olan qiymətlərlə ödəniş aparır. Müqavilənin 5.5-ci bəndinə əsasən, bu müqavilənin 5.2, 5.3-cü bəndlərində qeyd olunan hallar baş verdikdə və "xxxx" mənzili yeni qiyməti ilə almaqdan imtina etdikdə, müqavilə MTK tərəfindən bir tərəfli qaydada pozulur və mənzilin dəyərinin 20%-i məbləğində “dəbbə pulu” və mənzildə yaşadığı müddətdə hər ay üçün 800 (səkkiz yüz) manat kirayə haqqı çıxıldıqdan sonra "xxxx" ya qaytarılır və mənzil azad olunur. İş materiallarında olan İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh ünvanlanmış 03 aprel 2023-cü il tarixli 48 nömrəli təklifin surətindən görünür ki, göründüyü kimi müqavilənin 5.5-ci bəndinə əsasən mənzilin 10 gün müddətinə yeni qiymətlə alınması təklif edilmiş, mənzilin yeni qiymətlə alınmasından imtina olunduğu halda müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi və digər şəxsə satılacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh ünvanlanmış 03 aprel 2023-cü il tarixli 48 nömrəli təklifin surətindən görünür ki, müqavilənin 5.5-ci bəndinə əsasən mənzilin 10 gün müddətinə yeni qiymətlə alınması təklif edilmiş, mənzilin yeni qiymətlə alınmasından imtina olunduğu halda müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi və digər şəxsə satılacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh ünvanlanmış 03 may 2023-cü il tarixli 67 nömrəli təklifin surətindən görünür ki, mənzilin yeni qiymətlə alınmasından imtina edildiyi üçün müqavilənin kooperativ tərəfindən bir tərəfli qaydada pozularaq, digər şəxsə satıldığı bildirilmiş və 5 gün müddətində mənzildəki əmlakını götürüb mənzili boşaltması təklif edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan İddiaçı Mənzil Tikinti Kooperativinin 14 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani ünvanında inşa edilmiş yaşayış kompleksinin 6-cı giriş, 3 otaqlı, 54 saylı mənzili xx.xx.2021-ci il tarixdə, ilkin olaraq 5000 (beş min) manat ödəniş etməklə, X2 adına rəsmiləşdirilmişdir. O tarixdən bu günə kimi heç bir ödəniş olmamış, 166336 manat qalıq borc qalmışdır. Məhkəmə tərəfindən mübahisəli ünvana yerli baxış keçirilmiş, binanın komendantı X4 da yerli baxışda iştirak etmişdir. Yerli baxış zamanı binada mənzillərin soldan sağa nömrələndiyi müəyyən olunmuşdur. Mübahisəli mənzilə baxış keçirilərkən mənzildə olan qonaq otağı və yataq otağı dəstlərinin işlənmiş olduğu bəlli oldu. Yaşayış kompleksinin 6-ci giriş, 7-ci mərtəbə, 53 nömrəli mənzilində yaşayan sakinlər həmin mübahisəli 54 nömrəli mənzildə təmir işlərinin aparıldığını, 1-2 aydır ki, mənzildə heç kimin yaşamadığını, həmin mənzildə Cavabdeh yaşamadığını bildirmişlər. Yaşayış kompleksinin 6-ci giriş, 7-ci mərtəbə, 52 nömrəli mənzildə yaşayan sakinlər 2 aydır ki, öz mənzillərinə köçdüklərini, mənzildə yaşadıqları müddətdə mübahisəli 54 nömrəli mənzildə yaşayışın olmadığını, Cavabdeh tanımadıqlarını bildirmişlər. Binanın komendantı X4 və Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani ünvanında inşa edilmiş yaşayış kompleksinin 6-ci giriş, 7-ci mərtəbə, 54 nömrəli mənzilin əvvəllər kirayə verildiyini bildirdilər. Azərbaycan Republikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 465.1-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Məhkəmə qeyd edir ki, tərəflər arasında podrat müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, İddiaçı Mənzil Tikinti Kooperativi Bakı şəhəri, Yasamal Rayonu, Yeni Yasamal y/m, Kənar dairəvi yol ünvanında inşa edilmiş binanın 6-cı giriş, 7-ci mərtəbədə yerləşən ümumi sahəsi 129,8 kv.m olan 54 saylı mənzili Cavabdeh (payçı) təhvil verməyi, Cavabdeh (payçı) isə mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini müqavilə bağlanan gün 5000 manat, qalıq 166336 manat borcu aylıq 4620 manat olmaqla 12 mart 2024-cü il tarixə qədər ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirməmiş və mənzilin dəyərini iddiaçıya ödəməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən, Cavabdeh öhdəliyin icra edilməməsi üçün mənzilin dəyərinin 2 %-i məbləğində “dəbbə pulu” ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, iddiaçı cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Bununla belə məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Belə ki Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Çünki, müqavilədə dəbbə pulu əldə ediləcək gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə 3426 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək olmasını nəzərə alaraq hesab edir ki, dəbbə pulu azaldılaraq 1713 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə 24000 manat kirayə haqqının” tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı həmin hissədə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, cavabdeh mənzildə yaşadığı müddət üçün kirayə haqqı ödəməlidir. Lakin, iddiaçı cavabdehin mənzildə yaşamasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əksinə məhkəmə tərəfindən mübahisəli mənzilə yerli baxış keçirilərkən həmin mənzillə eyni mərtəbədə yerləşən mənzillərdə yaşayan qonşular sözügedən mənzildə Cavabdehın yaşamadığını, ümumiyyətlə Cavabdeh tanımadıqlarını bildirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1713 (bir min yeddi yüz on üç) manat məbləğində pul alınaraq İddiaçı Mənzil Tikinti Kooperativinə verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 173 (bir yüz yetmiş üç) manat məbləğində dövlət rüsumu İddiaçı Mənzil Tikinti Kooperativinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1713 (bir min yeddi yüz on üç) manat məbləğində pul alınaraq İddiaçı Mənzil Tikinti Kooperativinə verilsin. İş üzrə ödənilmiş 173 (bir yüz yetmiş üç) manat məbləğində dövlət rüsumu İddiaçı Mənzil Tikinti Kooperativinə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar