Məhkəmə qərarları › İş №e-2(004)-4893/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4893/2022

19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4893/2022 19.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin ləğvi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5754 (beş min yeddi yüz əlli dörd) manat məbləğində əsas borcun, 1201.44 (bir min iki yüz bir manat qırx dörd qəpik) manat məbləğində cərimə borcunun, cəmi 6958.44 (altı min qəpik) manat və ödənilmiş 89,58 (səksən doqquz manat əlli səkkiz qəpik) manat dövlət rüsumunun tutularaq ödənilməsi, xx.xx.2020-ci il tarixli OPLK01715 saylı nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli OPLK01715 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, borcluya 11143 manat (borclu tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulu nisyə satılmışdır və məhsul cavabdehə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə tərəfimizdən yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yertirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında müqavilə üzrə qalıq borcu 5754 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 %-i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Cavabdehin kreditor qarşısında müqavilə üzrə cərimə borcu 12014.35 manat təşkil edir. Hazırda cavabdehə qarşı güzəşt siyasəti tətbiq etdikləri üçün hesablanmış cərimə məbləğinin yalnız 10%-ni ödəməyi borcludan tələb edirlər. Belə olan halda, hesablanmış cərimə məbləğinin 10%-i 1201.44 manat təşkil edir. Odur ki, iddiaçı məhkəməyə müraciət edərək cavabdehdən borcun tutulmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 5754 (beş min yeddi yüz əlli dörd) manat məbləğində əsas borcun, 1201.44 (bir min iki yüz bir manat qırx dörd qəpik) manat məbləğində cərimə borcunun, cəmi 6958.44 (altı min qəpik) manat və ödənilmiş 89,58 (səksən doqquz manat əlli səkkiz qəpik) manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, cavabdeh bu müqavilə ilə borcu tam məbləğdə ödəməyi öhdəsinə götürsə də, borc məbləğini ödəməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini yerinə yetirməmişdir. Bütün bu halları nəzərə alaraq, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, AZEMİS vasitəsilə cavabdehə məxsus telefon nömrələrinə SMS bildiriş göndərilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli OPLK01715 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdehə 11143 (on bir min yüz qırx üç) manat dəyəri olan məişət avadanlıqları satılmışdır. xx.xx.2020-ci il tarixli OPLK01715 saylı Nisyə satış müqaviləsinə 1 saylı Əlavədən görünür ki, cavabdeh ilkin ödəniş 4500 manat olmaqla, 15 ay müddətinə hər ay 443 manat, sonuncu ay 441 manat olmaqla ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, xx.xx.2020-ci il tarixli OPLK01715 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən BOSCH markalı qabyuyan, BOSCH markalı aspirator, BOSCH markalı soyuducu, BOSCH markalı ankastre duxovka, BOSCH markalı qaz ustu, LG 65 markalı televizor, Vestel markalı paltaryuyan Cavabdeh təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli OPLK01715 saylı nisyə alqı-satqı müqaviləsi üzrə cavabdehin 5754 manat qalıq borcu, 1201.44 manat cərimə borcu, cəmi 6958.44 manat borcu vardır. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişin surətindən görünür ki, müqavilə üzrə öhdəliklərin icrası gecikdirildiyindən, hesablanmış ödənilməmiş borcun və gecikdirilmiş günlər üçün hesablanmış cərimə borcunun qısa zaman ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə aidiyyatı üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinin tələbinə görə, Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən: “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. Bu iş üzrə isə cavabdehin öhdəliklərinin vaxtında və lazımi şəkildə icra edilmədiyi görünür; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli OPLK01715 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən BOSCH markalı qabyuyan, BOSCH markalı aspirator, BOSCH markalı soyuducu, BOSCH markalı ankastre duxovka, BOSCH markalı qaz ustu, LG 65 markalı televizor, Vestel markalı paltaryuyan üçün 5754 (beş min yeddi yüz əlli dörd) manat ödənilməmiş hissə, 1201.44 (min iki yüz bir manat qırx dörd qəpik) manat cərimə, cəmi 6958.44 (altı min doqquz yüz əlli səkkiz manat qırx dörd qəpik) manat borc yaranmışdır. Məhkəmə, iddia tələbinin cərimə hissəsi ilə əlaqədar hesab edir ki, cərimənin məbləği tənasübsüz surətdə yüksək qiymətləndirilməli və həmin məbləğ 300 (üç yüz) manat məbləğinədək azaldılmalıdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli OPLK01715 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 5754 (beş min yeddi yüz əlli dörd) manat ödənilməmiş hissə, 300 (üç yüz) manat məbləğində cərimə olmaqla, cəmi 6054 (altı min əlli dörd) manat məbləğində pul tutularaq iddiaçı “Optimal Elektronika" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 89.58 (səksən doqquz manat əlli səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun 70 (yetmiş) manat hissəsi Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalı, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli OPLK01715 saylı nisyə alğı-satqı müqaviləsi üzrə 5754 (beş min yeddi yüz əlli dörd) manat ödənilməmiş borc ve 300 (üç yüz) manat cərimə olmaqla, cəmi 6054 (altı min əlli dörd) manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Ödənilmiş 89.58 (səksən doqquz manat əlli səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun 70 (yetmiş) manat hissəsi Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. Dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar