Məhkəmə qərarları › İş №e-2(004)-4931/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4931/2023

14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4931/2023 14.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, ECK5638014 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 208 manat əsas borc, 62 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 300 manat məbləğində pulun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair 2(004)-4931/2023 saylı mülki iş üzrə iddia icraatına keçirilmişdir. İddia onunla əsaslandırılmışdır ki, 26 mart 2019-cu il tarixdə alıcı Cavabdeh ilə satıcı İddiaçı arasında ECK5638014 nömrəli hissə-hissə ödənişlə alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı 712 manat dəyəri olan 1 ədəd “Samsung Galaxy J4” markalı telefon və 1 ədəd “Samsung Galaxy J2” markalı telefon alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini, alıcı isə 40 manat ilkin ödəniş olmaqla, qalan 672 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 56 manat olmaqla, hər ayın 25-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.4-cü maddəsinə əsasən alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1 %-i həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir. Müqavilənin 4.1-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıq əsasında həll edilir. Qarşılıqlı razılıq əsasında həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmələr tərəfindən həll edilir. Alıcı tərəfindən müavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun 208 manat əsas, 62 manat dəbbə pulu olmaqla, 270 manat borcu yaranmışdır. Alıcı tərəfindən ECK5638014 nömrəli, 26 mart 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 16 manat ödəniş edilmişdir. İddiaçı tərəfindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək mülki iş üzrə məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, sonuncu dəfə bu ilin iyun ayında borcla bağlı təxminən 2023-cü ilin iyun ayında ödəniş etmişdir. Lakin ödəniş qəbzini tapa bilmədiyi üçün məhkəməyə təqdim edə bilməmişdir. İşləmədiyi üçün borcunu hazırda tam şəkidlə ödəyə bilməmişdir. Suala cavab olaraq bildirir ki, 14 iyun tarixində iddiaçıya ödəniş etdiyini etiraf edir. Borcunu hissə-hissə ödəmək istəyir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* saylı alğı-satqı müqaviləsinə əsasən, satıcı – İddiaçı tərəfindən alıcıya – Cavabdeh ümumi dəyəri 712 manat olan 1 ədəd “Samsung Galaxy J4” markalı telefon və 1 ədəd “Samsung Galaxy J2” markalı telefon satılmış, alıcı isə 40 manat ilkin ödəniş edilməklə əşyanın ümumi dəyərini 12 ay müddətinə hər ay 56 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2023-cü il tarixdə ******* saylı alğı-satqı müqaviləsi üzrə 208 manat məbləğində əsas, 62 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 300 manat məbləğində borcu vardır. Məhkəmə qeyd edir ki, tərəflər arasında alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. İddiaçı öz öhdəliyini icra edərək əmlakı alıcıya – cavabdehə vermiş, lakin cavabdeh müqavilə üzrə müəyyən edilmiş qaydada əmlakın dəyirinin ödənilməsini təmin etməmişdir. Borclu Cavabdeh alğı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən və iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Belə ki, cavabdeh məhkəmə iclasında müqavilə üzrə sonuncu dəfə iyun ayında ödəniş etdiyini bildirmiş, həmçinin borcunu etiraf etmişdir. Qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsonə görə məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə, cərimənin əsas borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, əsas borcun 7% həcmində, yəni 15 manat məbləğində cərimə borcu müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, əsas borc hissəsində iddia tam təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 208 manat məbləğində əsas borc, 15 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 223 manat (iki yüz iyirmi üç) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, qalan hissədə iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 208 manat əsas, 15 manat cərimə borcu olmaqla, ümumilikdə 223 manat (iki yüz iyirmi üç) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar