Məhkəmə qərarları › İş №e-2(004)-4933/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4933/2022

06.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4933/2022 06.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********01606 olan İPHONE 12 markalı telefon üçün 2224 manat ödənilməmiş hissə, 222 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə HOFFMANN LED TV üçün 575 manat ödənilməmiş hissə, 57 manat cərimə olmaqla, ümumilikdə 3078 manat borc, 50,78 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 021313 saylı müqaviləyə əsasən müəyyən olunur ki, iddiaçı İMEİ kodu **********01606 olan İPHONE 12 markalı telefonu cavabdehə verməyi, cavabdeh isə 12 ay müddətinə, hər ay 182,92 manat olmaqla, ümumlikdə ilkin ödəniş də daxil olmaqla 2424 manat məbləğində pulu ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli təhviltəslim aktından görünür ki, sözügedən əşya cavabdeh tərəfindən bildirişə imza etməklə təhvil alınmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22311448 saylı müqaviləyə əsasən müəyyən olunur ki, iddiaçı HOFFMANN LED TV-ni cavabdehə verməyi, cavabdeh isə 12 ay müddətinə, hər ay 115 manat olmaqla, ümumlikdə ilkin ödəniş də daxil olmaqla 1380 manat məbləğində pulu ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, sözügedən əşya cavabdeh tərəfindən bildirişə imza etməklə təhvil alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlığa əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2224 manat ödənilməmiş hissə, 222 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 575 manat ödənilməmiş hissə, 57 manat cərimə borcu olmaqla, ümumilikdə 3078 manat borcu vardır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********01606 olan İPHONE 12 markalı telefon üçün 2224 manat ödənilməmiş hissə, 11,1 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN LED TV üçün 575 manat ödənilməmiş hissə, 5,7 manat cərimə borcu olmaqla, ümumilikdə 2815,8 manat borc və 50,78 manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdeh öz öhdəliklərini yerinə yetirməyərək borcunu tam ödəməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 222 manat məbləğində cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə isə 57 manat məbləğində cərimə tənasübsüz surətdə yüksək hesab olunmalı, buna görə də azaldılaraq ağlabatan miqdarda, yəni xx.xx.2021-ci tarixli müqavilə üzrə 11,1 manat məbləğində, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 5,7 manat məbləğində müəyyən edilməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********01606 olan İPHONE 12 markalı telefon üçün 2224 manat ödənilməmiş hissə, 11,1 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN LED TV üçün 575 manat ödənilməmiş hissə, 5,7 manat cərimə borcu olmaqla, ümumilikdə 2815,8 manat borc və 50,78 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar