Məhkəmə qərarları › İş №e-2(004)-496/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-496/2024

21.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-496/2024 21.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: mənzil tikintisi haqqında müqavilə) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MTK-ya (bundan sonra – cavabdeh) qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 125,64 kv.metr göstərilmiş 3 otaqlı mənzil üçün artıq ödənilən 16940 manat (16,94X1000=16940) məbləğində pulun, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 58, M19, m2 ünvanında yerləşən ümumi sahəsi 125,64 kv.metr göstərilmiş 3 otaqlı mənzil üçün artıq ödənilən 19954 manat (18,14x1100=19.954) məbləğində pulun və ödənilmiş 201 manat dövlət rüsumunun Cavabdeh MTK-dan alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MTK-dan daxili və ipoteka krediti olmaqla iki mənzil almışdır. Belə ki birinci mənzili İddiaçı Cavabdeh MTK i1lə5.03.2018-ci il tarixdə bağlanmış 0900 nömrəli alqı-satqı müqaviləsi əsasında almışdır. Müqavilənin predmeti isə ondan ibarət olmuşdur ki, Cavabdeh MTK (satıcı) inşa etdiyi ona məxsus olan, ünvan 3ünvanında yerləşən 3 otaqlı, tam yəni ümumi sahəsi 125,64 kvadratmetr olan, 125.640,00 (bir yüz iyirmi beş min altı yüz qırx) manat dəyərində mənzili iddiaçının mülkiyyətinə verməli, iddiaçı isə qarşılığında həmin mənzilin dəyərinin 50.256,00 (əlli min iki yüz əlli altı) manat pulunu ilkin ödəniş kimi həyata keçirməli, qalan 75.384,00(yetmiş beş min üç yüz səksən dörd)manat həcmində pulu müqavilənin imzalandığı gündən 36 ay ərzində müqaviləyə edilən aylıq ödəniş qrafiki üzrə bərabər hissələrə bölməklə ödəməlidir. Müqavilə üzrə mənzilin hər kvadrat metrinin qiyməti ƏDV daxil olmaqla 1.000 (bir min) manat təşkil etmişdir. Tərəflər arasında bağlanmış Müqaviləyə əsasənmənzilin pay dəyəri tam olaraq vaxtlı-vaxtında iddiaçı tərəfindən ödənilmiş və müqavilə üzrə öhdəliklər tam şəkildə yerinə yetirilmişdir. Lakin mənzilə iddiaçı çıxarış alan zaman ona məlum olmuşdur ki, cavabdehə tam ödəniş etməsinə baxmayaraq öhdəliyə uyğun olaraq mənzil ona təhvil verilməmiş, mənzilin isə ümumi sahəsinin 108,70 kv.metr təşkil etmişdir. Halbuki, həmin müqavilənin 1.7-ci bəndinə əsasən göstərilən mənzilin tam sahəsinin 125,64 kvadratmetr olduğu göstərilmişdir. Göründüyü kimi, iddiaçı müqavilənin tələblərini tam olaraq icra etsədə cavabdeh müqavilənin 1.7-ci bəndini kobud şəkildə pozaraq müqavilədə nəzərdə tutulmuş ölçüdən az sahədən ibarət mənzili (125,64- 108,70=16,94)ona təhvil vermişdir. Müqavilənin 1.8-ci bəndində mənzilin yaşayış sahəsinin 64,23 kvadratmetr olduğu göstərildiyi halda AR ƏMDK-nin yanında DƏDRX 1 saylı Bakı Ərizi İdarəsi tərəfindən təqdim olunmuş texniki pasportda mənzilin yaşayış sahəsinin 57,2 kvadratmetr olduğu müəyyən edilmişdir. Bununla iddiaçıya cavabdeh tərəfindən birinci aldığı mənzilə (ünvan 1) münasibətdə 16940 manat (16,94X1000=16940) məbləğində maddi ziyan vurulmuşdur. Bundan əlavə ikinci mənzil ilə bağlı qeyd olunur ki, İddiaçı ilə "xxxx" ASC və Cavabdeh MTK arasında üçtərəfli müqaviləsi bağlanmışdır. İkinci bağlanan müqavilənin predmeti ondan ibarətdir ki, Cavabdeh MTK (satıcı) inşa etdiyi ona məxsus olan, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 58, M19, m2 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 125,64 kvadratmetr olan 138.204,00 (bir yüz otuz səkkiz min iki yüz dörd) manat dəyərində mənzili iddiaçının mülkiyyətinə verməli, qarşılığında isə həmin mənzilin dəyərinin 28.204,00(iyirmi səkkiz min iki yüz dörd) manat məbləğində hissəsi iddiaçı tərəfindən tərəfindən, qalan 110.00,00 (yüz on min) manat məbləğində hissəsi isə "xxxx" ASC (Kreditor-ipoteka saxlayan) ilə aralarında bağlanmış 047-18/İ saylı kredit müqaviləsi üzrə "xxxx" ASC (Kreditor-ipoteka saxlayan) tərəfindən iddiaçıya ayrılmış 300 ay müddətinə illik 7 faiz olmaqla kredit hesabına satıcıya ödənilməli və qarşılığında həmin əmlak ipoteka ilə yüklü edilməli idi. Tərəflər arasında bağlanmış Müqaviləyə əsasənmənzilin pay dəyəri tam ödənilmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilmiş və kredit məbləği hazırda ödənilməkdədir. Lakin bu yaxınlarda iddiaçı mənzilə çıxarış alan zaman ona məlum olmuşdur ki, cavabdehə tam ödəniş edilməsinə baxmayaraq öhdəliyə uyğun olmayan 107,50 kv.metr sahəli mənzil təhvil verilmişdir. Belə ki, müqavilə şərtlərinə uyğun olaraq iddiaçının yaşadığı , Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 58, M19, m2 saylı mənzilin sahəsi 125,64 kvadratmetr deyil, 107,50 kvadratmetrdir. Yəni mövcud olmayan 18,14 kvadratmetr mənzil sahəsi üçün iddiaçıdan 19.954,00 (on doqquz min doqquz yüz əlli dörd) manat pul vəsaitini artıq alınmışdır. İddiaçının aldığı mənzilin müqavilə üzrə bir metr kvadratı təxminən 1100 manat təşkil edir(138.204,00:125,64=1100). Faktiki təhvil verilən mənzil 107,50 kvadratmetr olduğundan cavabdeh iddiaçıdan 18,14 kvadratmetr sahənin dəyərini artıq almaqla ümumilikdə ona 19.954,00 (on doqquz min doqquz yüz əlli dörd) (18,14x1100=19.954,00) manat məbləğində maddi ziyan vurmuşdur. Həmçinin həmin pul vəsaitini 25 illik kredit vasitəsilə aldığını hesab etsək ona dəymiş ziyanın daha da artacağı istisna olunmur. Halbuki, həmin müqavilənin 1.2-ci bəndinə əsasən göstərilən mənzil 3 (üç) otaqdan ibarət olmaqla, mənzilin ümumi sahəsi 125,64 kvadratmetr olması göstərilmişdir. Göründüyü kimi, bir daha cavabdeh müqavilənin 1.2-ci bəndinin tələblərini kobud şəkildə pozaraq müqavilədə nəzərdə tutulmuş ölçüdən az sahəli mənzili təhvil vermişdir. Yəni, cavabdeh ikinci müqavilə üzrədə öhdəliklərinə əməl etməmiş və nəticə də iddaçının hüquqlarımı pozmuş, olmayan ölçüyə görə artıq pul vəsaiti alınmış nəticədə ona küllü miqdarda maddi ziyan vurmuşdur. İddiaçı qeyd olunan məsələni aydınlaşdırmağa çalışmış, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməkdən yayınmışdır. Beləlikdə müəyyən olunur ki, cavabdeh iddiaçıya, 1. ünvan 3ünvanında yerləşən 3 otaqlı mənzilə münasibətdə 16940 manat (16,94X1000=16940) məbləğində maddi ziyan; 2. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 58, M19, m2 saylı 3 otaqlı mənzilə münasibətdə19954 manat (18,14x1100=19.954,00) maddi ziyan vurmuşdur.

İİ. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X4 iddianı qəbul etmədiyini bildirmişdir.

6. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

İİİ Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 48, 48A, 50, 50A, 52, 52A, 54, 54A, 54B, 56, 56A, 56B, 56C, 58, 58A,58B, 60, 60A, 60B, 60C, 62, mənzil 2, yeni qaydalarla: AZ1121, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 58, m20, m.2 ünvanında yerləşən 108,70 kv.m mənzil İddiaçı xüsusi mülkiyyətindədir.

9. xx.xx.2018-ci il tarixli qəbzə əsasən 21,29 manat, TT**********982425 nömrəli qəbzə əsasən Gəncə pr. 2942A məh. T blok 20, mərtəbə 3, otaq T 7 tipli 125,64 kv.m mənzilə görə 42589,83 manat, TT**********1177666,17 nömrəli qəbzə əsasən Gəncə prt., 2942A məh., T blok 20-ci mərtəbə, 3 otaq T7 tipli 125 nömrəli 64 kv.m mənzilin ƏDV-si üçün 7666,17 manat İddiaçı tərəfindən Cavabdeh MTK-a ödənilmişdir.

10. İddiaçı tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış dəymiş ziyanın ödənilməsinə dair pretenziyaya əsasən dəymiş 16940 manat pul vəsaitinin 5 gün ərzində qaytarılması xahiş olmuş, əks halda pozulmuş hüquqların bərpa edilməsi və dəymiş maddi ziyanın qaytarılması barədə aidiyyəti məhkəməyə müraciət olunacağı bildirilmişdir.

11. Cavabdeh MTK ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə, 0900 nömrəli müqaviləyə əsasən Cavabdeh MTK inşa edəcəyi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, İ.Zülfüqarov küçəsinin kəsişməsindəki 2942A saylı məhəllədə blok T, mərtəbə 20, mənzil T02 ünvanında yerləşən 3 otaqlı, tam sahəsi 125,64 m2, yaşayış sahəsi 64,23, hər bir kvadratmetrinin qiyməti 1000 manat olmaqla, ümumi dəyəri 125640 manat olan mənzili iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə 50256 manat ilkin ödəniş həyata keçirməklə ümumi dəyərinin qalan 75384 manat həcmində pulu 36 ay ərzində bu müqaviləyə əlavə edilən aylıq ödəniş qrafiki üzrə bərabər hissələrə bölünməklə ödəməyi öhdəsinə götürür.

12. İlkin ödəniş rekvizitinə əsasən Cavabdeh MTK-ya 50256 manat (42589,83 manat əsas məbləğ və 7666,17 manat ƏDV) məbləğində ödəniş edilmişdir.

13. Aylıq ödəniş rekvizitinə əsasən Cavabdeh MTK-ya 2094 manat (1774,58 manat əsas məbləğ və 319,42 manat ƏDV) məbləğində ödəniş edilmişdir.

14. xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 48, 48A, 50, 50A, 52, 52A, 54, 54A, 54B, 56, 56A, 56B, 56C, 58, 58A,58B, 60, 60A, 60B, 60C, mənzil 2, yeni qaydalarla: AZ1121, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 58, M19, m.2 ünvanında yerləşən 107,50 kv.m mənzil İddiaçı xüsusi mülkiyyətindədir.

15. İddiaçı tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış dəymiş ziyanın ödənilməsinə dair pretenziyaya əsasən dəymiş 19954 manat pul vəsaitinin 5 gün ərzində qaytarılması xahiş olmuş, əks halda pozulmuş hüquqların bərpa edilməsi və dəymiş maddi ziyanın qaytarılması barədə aidiyyəti məhkəməyə müraciət olunacağı bildirilmişdir.

16. 29 iyun 2018-ci il tarixli 047-18/İ saylı Əlavədə aylar üzrə aylıq ödəniş məbləğləri qeyd olunmuşdur.

17. 28.06.2018-ci il tarixli qəbzə əsasən 28204 manat ipoteka üzrə ilkin ödəniş İddiaçı tərəfindən ödənilmişdir.

18. Cavabdeh MTK ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə, 047-18/İ nömrəli mülkiyyət hüququ qabaqcadan alınmış mənzilin alqı-satqı və ipoteka müqaviləyə əsasən Cavabdeh MTK inşa edəcəyi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 58, M19, m2 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 125,64 m2, yaşayış sahəsi 64,23, ümumi dəyəri 138204 manat olan mənzili iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə 28204 manat məbləğində olan hissəsini özü tərəfindən, 110000 manat məbləğində olan hissəsi isə İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 29 iyun 2018-ci il tarixli, 047-18/İ nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən İddiaçı verilmiş kredit vəsaiti hesabına ödəməyi öhdəsinə götürür.

19. 29.06.2018-ci il tarixli, 047-18/İ nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC bu müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 110000 manat məbləğində illik 7% dərəcəsi ilə 300 ay müddətinə ipoteka krediti verir. Kredit İddiaçı Bakı şəhəri, Xətai rayonu.ş Gəncə prospekti, 58, M19, m2 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 14 iyun 2018-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** olan Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən müəyyən edilən daşınmaz əmlakın alınmasına verilir.

20. İddiaçı və cavabeh arasında tərtib olunmuş xx.xx.2020-ci il tarixli mənzil açarının təqdim edilməsi barədə aktdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ilə İ.Zülfüqarov küçələrinin kəsişməsindəki 2942A saylı məhəllədə inşa edilmiş “Xətai Park” yaşayış kompleksində T (58) saylı binanın, 19-cu mərtəbəsində, 3 otaqlı, 2 saylı mənzili istifadəsinə və sahibliyinə qəbul etməsi üçün qeyd olunan mənzilin 7 sayda eyni nüsxədə giriş açarları cavabdeh tərəfindən iddiaçıya təhvil verilmişdir.

21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/972 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 58 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 19 və 20-ci mərtəbələrində yerləşən 2 saylı mənzillərin ayrı-ayrılıqda hər birinin ümumi sahəsinin 107,5 m2, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 58 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 19 və 20-ci mərtəbələrində yerləşən 2 saylı mənzillərin ayrı-ayrılıqda hər birinin ümumi sahəsinin müvafiq azaldılma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı, şaxtalar nəzərə alınmadan 111,3 m2, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 58 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 19 və 20-ci mərtəbələrində yerləşən 2 saylı mənzillərin ayrı-ayrılıqda hər birinin ümumi sahəsinin bayır və ara divarlarını, arakəsmələrin, dəhliz və eyvanların sahəsi, şaxtalar, habelə yardımçı sahə nəzərə alınmaqla, 125,64 m2 təşkil etdiyi müəyyən edilmişdir.

22. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır.

23. Belə ki, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə mahiyyəti üzrə podrat müqaviləsidir. Odur ki, məhkəmə həmin müqaviləni podrat müqaviləsi kimi qiymətləndirir, podrat münasibətləri üzrə hüquq normalarını müqaviləyə tətbiq etməyi əsaslı hesab edir.

24. Müqavilə üzrə mənzilin sahəsinin hesablanması üzrə xüsusi şərtlər müəyyən edilməmişdir.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

26. 762.2-ci maddəsinə əsasən Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

27. Həmin Məcəllənin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.

28. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.

29. Beləliklə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixdə, 0900 nömrəli müqaviləyə əsasən cavabdeh inşa edəcəyi ünvan 9 ünvanında yerləşən 3 otaqlı, tam sahəsi 125,64 m2, yaşayış sahəsi 64,23, hər bir kvadratmetrinin qiyməti 1000 manat olmaqla, ümumi dəyəri 125 640 manat olan mənzili iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə 50256 manat ilkin ödəniş həyata keçirməklə ümumi dəyərinin qalan 75384 manat həcmində pulu 36 ay ərzində bu müqaviləyə əlavə edilən aylıq ödəniş qrafiki üzrə bərabər hissələrə bölünməklə ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin iddiaçı ilə cavabdeh arasında arasında xx.xx.2018-ci il tarixdə, 047-18/İ nömrəli alqı-satqı və ipoteka müqaviləyə əsasən Cavabdeh MTK inşa edəcəyi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 58, M19, m2 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 125,64 m2 olan ümumi dəyəri 138204 manat olan mənzili iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə 28204 manat məbləğində olan hissəsini iddiaçının özü tərəfindən, 110000 manat məbləğində olan hissəsi isə İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 29 iyun 2018-ci il tarixli, 047-18/İ nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən İddiaçı verilmiş kredit vəsaiti hesabına ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı hər iki müqavilə öhdəliklərinə tam əməl etmişdir. Lakin iddiaçı mənzillərə dair çıxarış alan zaman ona məlum olmuşdur ki, cavabdehə tam ödəniş etməsinə baxmayaraq, ona iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulan ölçüdən az sahədən ibarət mənzil təhvil verilmişdir. Bununla da, cavabdeh tərəfindən öhdəlik münasibətləri pozulmuşdur.

30. Azərbaycan Respublikası Ədliyyə X3 mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/972 nömrəli ekspert rəyinə əsasən isə iddiaçının mülkiyyətində olan sözügedən mənzillərin ayrı-ayrılıqda hər birinin ümumi sahəsinin müvafiq azaldılma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı, şaxtalar nəzərə alınmadan 111,3 m2 təşkil etdiyi müəyyən edilir.

31. Məhkəmə AR ƏN Mərkəzi Ekspertiza mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/972 nömrəli ekspert rəyini əsaslı hesab edir.

32. Belə ki, iddiaçıya hər iki müqavilə üzrə hər birinin ümumi sahəsi 125,64 m2 mənzil təhvil verilməli olduğu halda, mənzillərin hər birinin ayrı-ayrılıqda ümumi sahəsi 111,3 m2 təşkil edir.

33. Məhkəmə qeyd edir ki, xx.xx.2018-ci il tarixdə, 047-18/İ nömrəli müqavilədə mübahisə predmeti olan mənzilin satış qiyməti 138204 manat, mənzilin ümumi sahəsinin isə 125,64 m2 olması göstərilmişdir. Belə olan halda həmin mənzilin 1 kv.m-nin dəyəri 1100 manat təşkil edir (138204/125,64=1100).

34. Məhkəmə qeyd edir ki, xx.xx.2018-ci il tarixli müqavilə üzrə fərqin 14,34 m2 olması və hər kvadrat metri üçün 1000 manat təşkil etməsi, həmçinin xx.xx.2018-ci il tarixli müqavilə üzrə fərqin 14,34 m2 olması və hər kvadrat metri üçün 1100 manat təşkil etməsi nəzərə alınmaqla cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməməsi nəticəsində iddiaçı tərəfindən cavabdehə 30114 manat əsassız pul vəsaiti ödənilmişdir.

35. Məhkəmə qeyd edir ki, iddiaçının hər iki müqavilə üzrə ayrı-ayrılıqda 125,64 2 m üçün nəzərdə tutulmuş ödənişi etməsi iş materialları ilə müəyyən olunur. Buna görə də, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 14340 ((125,64-111,3)*1000) manat və xx.xx.2018-ci il tarixli müqavilə üzrə 15774 ((125,64-111,3)*1100) manat artıq ödənilmiş məbləğ olmaqla, ümumilikdə 30114 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

36. Bundan başqa cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək həmin əsasla iddianın rədd olunmasını xahiş etmişdir.

37. Məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair yazılı ərizəyə münasibət bildirərək hesab edir ki, iddia tələbi üzrə 5 illik (podrat münasibərlərindən irəli gələn) iddia müddəti ötürülməmişdir. İddia müddətinin ötürülməsinin əsasları cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Belə ki, müəyyən edilir ki, sözügedən mənzillər xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli çıxarışlarla iddiaçının mülkiyyətinə keçmişdir, iddia əriəsi isə məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Deməli, iddia tələbi üzrə 5 illik iddia müddəti ötürülməmişdir.

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.

39. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

40. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MTK-dan 30114 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 180 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 180 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan21 manat hissədə isə iddiaçının özünə aid edilməlidir.

43. İş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.

V Nəticə:

44. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MTK-dan 30114 (otuz min yüz on dörd) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 180 (bir yüz səksən) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə İddiaçı özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 50 (əlli) manat ekspertiza xərci Cavabdeh MTKdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar