Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4967/2025 29.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: alqı-satqı müqaviləsi, pul) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı və cavabdeh arasında bağlanmış arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 18301696 nömrəli müqaviləyə əsasən, satıcı **********41428 İmei kodlu Samsung Galaxy Z Flıp 5, Samsung Charger+Cable markalı müqavilənin predmeti olan əşyaları alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
2. Müqavilənin 2.6-c; bəndinə əsasən, müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir.
3. Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, əşyanın qiyməti 2938,86 manat, qaytarılma müddəti 18 ay, 0 manat ilkin ödəniş etməklə aylıq ödəniş 163,27 manat müəyyənləşdirilmişdir.
4. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən əşya alıcı tərəfindən təhvil alnmışdır.
5. İddiaçı və cavabdeh arasında bağlanmış arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 05076784 nömrəli müqaviləyə əsasən, satıcı **********64057 İmei kodlu İphone 15 Pro , Apple Adapter, Vinil Şəffaf, Case markalı müqavilənin predmeti olan əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
6. Müqavilənin 2.6-cı bəndinə əsasən, müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir.
7. Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, əşyanın qiyməti 3500,28 manat, qaytarılma müddəti 18 ay, 0 manat ilkin ödəniş etməklə aylıq ödəniş 194,46 manat müəyyənləşdirilmişdir.
8. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən əşya alıcı tərəfindən təhvil alnmışdır.
9. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən xx.xx.2024-cü il tarixli müqavilə üzrə əşyanın alqı-satqı qiyməti 2938,86 manat ilkin ödəniş olmadan aylıq 163,27 manat ödəmək şərti ilə 18 aylıq ödəniş müddəti, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əşyanın alqı-satqı qiyməti 3500,28 manat, ilkin ödəniş olmadan aylıq 194,46 manat ödəmək şərti ilə 18 aylıq ödəniş müddəti müəyyənləşdirilmişdir. Hazırda müqavilə üzrə əsas borca ödənilməmiş məbləğ 5377,60 manat, cərimə 537,76 manat məbləğdədir.
10. xx.xx.2025-ci il tarixli xəbərdarlıqla müqavilələrə əlavədə qeyd olunmuş məbləğin tam şəkildə ödənilməsi təklif olunmuşdur.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, **********41428 İmei kodlu Samsung Galaxy Z Flıp 5, Samsung Charger+Cable üçün 2260,06 manat ödənilməmiş hissə, 226,01 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, **********64057 İmei kodlu İphone 15 Pro , Apple Adapter, Vinil Şəffaf, Case üçün, 3117,54 manat ödənilməmiş hissə, 311,75 manat dəbbə olmaqla, ümumilikdə 5915,36 manat borc, 79,16 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddianın əsaslarına görə, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən **********41428 İmei kodlu Samsung Galaxy Z Flıp 5, Samsung Charger+Cable, **********64057 İmei kodlu İphone 15 Pro , Apple Adapter, Vinil Şəffaf, Case markalı müqavilənin predmeti olan əşyaları almış və nəticədə 5915,36 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2938,86 manat olan **********41428 İmei kodlu Samsung Galaxy Z Flıp 5, Samsung Charger+Cable üçün ümumilikdə, 2486,07 manat olmaqla ondan, 2260,06 manat ödənilməmiş hissə, 226,01 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3500,28 manat olan **********64057 İmei kodlu İphone 15 Pro , Apple Adapter, Vinil Şəffaf, Case üçün ümumilikdə, 3429,29 manat olmaqla ondan, 3117,54 manat ödənilməmiş hissə, 311,75 manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1061,54 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.
b) iddiaya etiraz
13. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
c) məhkəmə icraat iştiakçılarının izahatları
14. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunmasını və məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
Məhkəmə baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
19. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, alqı-satqı müqavilələrinə əsasən təhvil aldığı əşyaların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilələr üzrə iddiaçıya olan borcunu ödəməlidir.
20. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.
21. Belə ki, borcun əsası olan alqı-satqı müqavilələri, müqavilələrə əlavə olan ödəniş cədvəli, əşyaların təhvil-təslim aktları və maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən cavabdeh müvafiq olaraq **********41428 İmei kodlu Samsung Galaxy Z Flıp 5, Samsung Charger+Cable, **********64057 İmei kodlu İphone 15 Pro , Apple Adapter, Vinil Şəffaf, Case markalı müqavilənin predmeti olan əşyaları almış, əşyaların qiyməti müvafiq olaraq 2938,86 manat və 3500,28 manat olmaqla razılaşdırılmış, əşyalar alıcıya təhvil verilmişdir.
22. Cavabdeh aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozaraq ümumi olaraq 5377,60 manat əsas borcu yaranmışdır, hansı ki, bu məbləğ cavabdehdən tutulmalıdır.
23. Həmçinin, iddiaçı tərəfindən müqavilələr üzrə müvafiq olaraq 226,01 manat və 311,75 manat cərimə borcları hesablanmışdır.
24. Məhkəmə cərimə məbləğlərinə münasibətdə qeyd edir ki, bu hissədə iddia tələbi qismən əsaslıdır.
25. Belə ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Bununla belə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (MM 467).
26. Hazırkı işin halları baxımından da əsas borc və dəbbə pulunun nisbəti nəzərə alan məhkəmə xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 226,01 manat dəbbə pulunun məbləğinin azaldılaraq 100 manat və xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 311,75 manat dəbbə pulunun məbləğinin azaldılaraq 150 manat məbləğdə müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır.
27. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddia təmin olunan hissəyə münasib 76,28 manat hisssəsi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
29. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2260,06 manat ödənilməmiş hissə, 100 manat manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3117,54 manat ödənilməmiş hissə, 150 manat manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76,28 manat olmaqla, cəmi 5703,88 manat pul Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməlidir.
30. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2260,06 manat ödənilməmiş hissə, 100 manat manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3117,54 manat ödənilməmiş hissə, 150 manat manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76,28 manat olmaqla, cəmi 5703,88 manat pul Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə