Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-497/2024 23.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında quraşdırılmış işıq sayğacına yazılmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında quraşdırılmış işıq sayğacına yazılmış 932 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29 iyul 2023-cü il tarixdə azərişıq əməkdaşları tərəfindən akt tərtib olunaraq yaşadığı və qeydiyyatda olduğu ünvan 2 ünvanında guya ki, işıq sayğacından kənar xətt çəkilərək ondan istifadə olunur. Bu səbəbdən azərişıq əməkdaşları 29 iyul 2023-cü il tarixdə onun və ailə üzvlərinin iştirakı olmadan qeyri iş vaxtı yəni 06:00 radələrində ona məlumat vermədən AKT NDM 033795 nömrəli akt tərtib etmiş və onu 932 manat məbləğində cərimələmişlər. Bundan əlavə həmin aktın nüsxəsini də ona təqdim etməmişlər, vətəndaş hüquqlarını pozmuşlar. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi 11 sentyabr 2003-cü il tarixdən onun mülkiyyətindədir artıq 20 ildir və bugünədək kommunal sistemlərdən heç birində kənar xətt çəkilməmişdir. Hətta işıq sayğacı belə smart sayğacıdır və sayğacın şəkillərini ərizəsinə əlavə etmişdir. Ona məxsus fərdi yaşayış evində qeyri-qanuni işıqdan istifadə olunmayıb, əgər kənar xətt çəkilmiş olsaydı illər öncə aşkar olunardı. Ondan əlavə azərişığın əməkdaşlarının hərəkətlərindən aydın görünür ki, saxtakarlıq etmişlər çünki, sayğaca heç bir müdaxilə olunmamış və plombu zədələnməmişdir. Əgər azərişıq əməkdaşları qanuni hərəkət etsəydilər səhər saat 06:00-da yox normal iş vaxtı yəni 09:00-dan 18:00-a kimi mənzilin mülkiyyətçisi kimi ona məlumat verərək gəlib akt tərtib edərdilər. Aktda belə “iştirak etməyib” sözünü qeyd etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, evi ilə şitin arasındakı məsafə 25-30 metrdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, 29 iyul 2023-cü il tarixdə onların əməkdaşları baxış keçirmiş, həmin sayğacdan kənar xətt aşkar olunmuşdur. Kənar xətt aşkar ediləndə akt tərtib edilən zaman videoçəkiliş aparılmışdır. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin 29 iyul 2023-cü il tarixli, NDM 033795 nömrəli Aktında qeyd edilmişdir ki, İddiaçı məxsus ünvan 2 ünvanında quraşdırılmış elektrik sayğacına azərişıq əməkdaşları tərəfindən baxış keçirilən zamanı məlum olmuşdur ki, işıq sayğacından kənar xətt çəkilərək ondan istifadə olunur. Akt 29 iyul 2023-cü il tarixdə, saat 06:00-da tərtib olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələbdən görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında quraşdırılmış elektrik sayğacına azərişıq əməkdaşları tərəfindən baxış keçirilən zamanı məlum olmuşdur ki, işıq sayğacından kənar xətt çəkilərək ondan istifadə olunur. Kənar xətt paylayıcı şəbəkədən Nkəsik sahəsi S=1x2.5 kv.mm-lik mis naqilin uclarına xüsusi sıxac bərkidilərək qoşulmuş sayğacdan çıxış faza xəttinə birləşdirilib. İşıq sayğacından kənar xətdən istifadə nəticəsində dəyən zərər 908 manat məbləğində müəyyən edilmişdir. Kənar xəttin ləğv edilməsi tələbi qoyulmuşdur. İş materiallarında olan Kodu **********30012 olan İddiaçı adına olan abonentin saldosundan görünür ki, ünvan 2 ünvanı üzrə işıq sayğacından kənar xətdən istifadə üzrə İddiaçı xx.xx.2023-cü il tarixdə cəmi 908 manat məbləğində borc müəyyən edilmişdir. Məhkəmə iclasında dindirilmiş şahid "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin mühəndisi X1 ifadəsində bildirmişdir ki, 29 iyul 2023-cü il tarixdə ikili xətlərlə bağlı verilmiş tapşırıq üzrə sayğaclara baxış zamanı İsmayıl Qutqaşınlı küçəsi 43 ünvanına baxış zamanı məlum oldu ki, İddiaçı məxsus şit komplektində kənar xətt götürülərək sayğacdan kənar istifadə olunmuşdur. Bu barədə tərəflərindən akt tərtib olunmuşdur. 8-10 mənzilin sayğacları xüsusi panoda quraşdırılır. İddiaçının evi və pano arasındakı məsafə təxminən 30 metrdir (bu hal şahid tərəfindən də təsdiq edilmişdir). Pano mənzillərin arxa hissəsində quraşdırılmışdır. Çıxış xətləri tavan hissəsi ilə gedir və mənzillərə paylaşdırılır. Çıxış xəttindən hansı mənzilin xətti olduğunu təyin etmək olmur. Yalnız sayğaca baxış zamanı görünür ki, sayğacın çıxış xəttinin üzərində qurulmuş avtomat sönülü vəziyyətdə və paylayıcı şitdən birbaşa xüsusi sıxac vasitəsi ilə quraşdırılmış məftil vasitəsi ilə paylayıcı və oradan da avtomatın çıxışındakı mənzilə gedən xəttin üzərində aşkar görünür. Sayğacın zavod nömrəsi yoxlanılır, abonentin kodu, ad-soyadı çıxır. Aktın iddiaçıya verilməməsi ilə bağlı bildirmək istəyir ki, saat 06:00 radələrində qüsur aşkar olunub. Həmin vaxtı vətəndaşı narahat etməmək üçün akt iddiaçıya təqdim edilməmişdir. Yay aylarında havaların isti olması və əksər müdaxilələrin gecə və səhər saatlarında olması ilə bağlı onlar rəhbərliyin icazəsi ilə bir az tez baxış keçirmişlər. İş vaxtları 09:00-dan 18:00-a kimidir. Mandat açılır və yoxlama reydləri təşkil edilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»-nın 8.1-8.3-cü bəndinə görə dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektik enerjisindən istifadə Qaydaları”nın 8.4-cü bəndinə əsasən 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövüründə ona buraxılmış elektrik enerjisinin haqqını enerji təchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Dövlət elektroenergetika müəssisəsindən enerji təchizatı müəssisəsinə, enerji təchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 8.26-cı bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar özünəxidmət üsuluna, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. Göstərilən Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Eyni Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 29 iyul 2023-cü il tarixdə İddiaçı məxsus ünvan 2 ünvanında quraşdırılmış elektrik sayğacına azərişıq əməkdaşları tərəfindən baxış keçirilən zamanı məlum olmuşdur ki, işıq sayğacından kənar xətt çəkilərək ondan istifadə olunur. Kənar xətt paylayıcı şəbəkədən N-kəsik sahəsi S=1x2.5 kv.mm-lik mis naqilin uclarına xüsusi sıxac bərkidilərək qoşulmuş sayğacdan çıxış faza xəttinə birləşdirilib. İşıq sayğacından kənar xətdən istifadə nəticəsində dəyən zərər 908 manat məbləğində müəyyən edilmişdir. Kənar xəttin ləğv edilməsi tələbi qoyulmuşdur. Bununla bağlı Azərişıq” ASC tərəfindən 29 iyul 2023-cü il tarixdə, aktın özündə də qeyd edildiyi kimi saat 06:00-da NDM 033795 nömrəli Akt tərtib olunmuşdur. Lakin həmin akt cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, iddiaçı tərəfindən imzalanmamış, həmçinin həmin aktın tərtib edilməsinə hal şahidləri cəlb edilməmiş, ümumiyyətlə iddiaçının bu akt barədə məlumatı olmamışdır. Bu da aktın doğruluğuna şübhə yaradır. Belə ki, "xxxx" ASC-də iş vaxtının saat 09:00-dan saat 18:00-dək olmasına baxmayaraq, azərişıq əməkdaşları sözügedən aktı iş vaxtı ərzində deyil, səhər saat 06:00da tərtib etmişlər, bu da öz növbəsində İddiaçı aktda qeyd edildiyi kimi özünün iştirak etmədiyinə deyil, iştirakının qərəzli şəkildə təmin edilməməsinə əsas yaradır. Həmçinin cavabdeh məhkəməyə işıq sayğacından kənar xətt çəkilməsinin məhz iddiaçının hərəkət və ya hərəkətsizliyi səbəbindən baş verməsi barədə heç bir sənəd təqdim etməmiş, mövqeyini hər hansı bir sübutla əsaslandırmamış, mülahizə əsasında qurmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən işıq sayğacına hər hansı bir müdaxilənin edilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, ünvan 2 ünvanında quraşdırılmış işıq sayğacı İddiaçı məxsus mənzilin daxilində deyil, xaricində quraşdırıldığından işıq sayğacına hər hansı bir müdaxilənin məhz həmin sayğacın məxsus olduğu şəxs tərəfindən edilməsini demək əksini göstərəcək fakt olmadığı təqdirdə mümkün deyildir. İddiaçının məhkəmə iclasında verdiyi izahatından, habelə iş materiallarına əlavə edilmiş diskə baxış zamanı da müəyyən edilmişdir ki, iddiaçının evi ilə işıq sayğacının yerləşdiyi şitin arasındakı məsafə 25-30 metrdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, işıq sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən iddiaçının təqsiri müəyyən edilmədiyindən, cavabdeh vurulmuş ziyanın iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Odur ki, Azərişıq” ASC tərəfindən 29 iyul 2023-cü il tarixdə tərtib olunmuş NDM 033795 nömrəli Akt əsasında İddiaçı hesablanmış 908 manat məbləğində borc silinməlidir. Belə ki, İddiaçı öz tələbində ünvan 1 ünvanında quraşdırılmış işıq sayğacına yazılmış 932 manat borcun silinməsini qeyd etsə də, iş materiallarında olan sənədlərdən görünür ki, ünvan 2 ünvanı üzrə işıq sayğacından kənar xətdən istifadə üzrə İddiaçı xx.xx.2023-cü il tarixdə cəmi 908 manat məbləğində borc müəyyən edilmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus ünvan 4 ünvanı üzrə elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış 908 (doqquz yüz səkkiz) manat borc cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı (abonent kodu:**********30012) abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus ünvan 4 ünvanı üzrə elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış 908 (doqquz yüz səkkiz) manat borc cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı (abonent kodu:**********30012) abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-497/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-497/2024
23.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver