Məhkəmə qərarları › İş №e-2(004)-504/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-504/2024

28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-504/2024 28.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz qızının sədrliyi, X4 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" ASC və Cavabdeh MTK arasında üçtərəfli müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti ondan ibarətdir ki, Cavabdeh MTK (satıcı) inşa etdiyi ona məxsus olan, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 56C, M13, m2 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 133.43 kvadratmetr olan 138.768,00 (bir yüz otuz səkkiz min yeddi yüz altmış səkkiz) manat dəyərində mənzili iddiaçının mülkiyyətinə verməli, qarşılığında isə həmin mənzilin dəyərinin 38.768,00(otuz səkkiz min yeddi yüz altmış səkkiz) manat məbləğində hissəsi iddiaçı tərəfindən tərəfindən, qalan 100.00,00 (yüz min) manat məbləğində hissəsi isə "xxxx" ASC (Kreditoripoteka saxlayan) ilə aralarında bağlanmış 075-18/İ saylı kredit müqaviləsi üzrə "xxxx" ASC (Kreditor-ipoteka saxlayan) tərəfindən iddiaçıya ayrılmış 360 ay müddətinə illik 4 faiz olmaqla kredit hesabına satıcıya ödənilməli və qarşılığında həmin əmlak ipoteka ilə yüklü edilməli idi. Tərəflər arasında bağlanmış Müqaviləyə əsasənmənzilin pay dəyəri tam ödənilmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilmiş və kredit məbləği hazırda ödənilməkdədir. Lakin bu yaxınlarda iddiaçı mənzilə çıxarış alan zaman ona məlum olmuşdur ki, cavabdehə tam ödəniş edilməsinə baxmayaraq öhdəliyə uyğun olmayan 109.20 kv.metr sahəli mənzil təhvil verilmişdir. Belə ki, müqavilə şərtlərinə uyğun olaraq iddiaçının yaşadığı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 56C, M13, m2 saylı mənzilin sahəsi 133.43 kvadratmetr deyil, 109.20 kvadratmetrdir. Yəni mövcud olmayan 24.23 kvadratmetr mənzil sahəsi üçün iddiaçıdan 25.199,20 (iyirmi beş min bir yüz doxsan doqquz manat iyirmi qəpik) manat pul vəsaitini artıq alınmışdır. Bununla da iddiaçıya əhəmiyyətli dərəcədə zərər vurulmuşdur. Belə ki, iddiaçının aldığı mənzilin müqavilə üzrə bir metr kvadratı təxminən 1040 manat təşkil edir(138.768:133.43=1040). Faktiki təhvil verilən mənzil 109.20 kvadratmetr olduğundan cavabdeh iddiaçıdan 24.23 kvadratmetr sahənin dəyərini artıq almaqla ümumilikdə ona (24.23x1040=25.199,20) 25.199,20 (iyirmi beş min bir yüz doxsan doqquz manat iyirmi qəpik) manat məbləğində maddi ziyan vurmuşdur. Həmçinin həmin pul vəsaitini 30 illik kredit vasitəsilə aldığını hesab etsək ona dəymiş ziyanın daha da artacağı istisna olunmur. Halbuki, həmin müqavilənin 1.2-ci bəndinə əsasən göstərilən mənzil 3 (üç) otaqdan ibarət olmaqla, mənzilin ümumi sahəsi 133.43 kvadratmetr olması göstərilmişdir. Göründüyü kimi, cavabdeh müqavilənin 1.2-ci bəndinin tələblərini kobud şəkildə pozaraq müqavilədə nəzərdə tutulmuş ölçüdən az sahəli mənzili təhvil vermişdir. Yəni, cavabdeh müqavilə öhdəliklərinə tam əməl etməmiş və nəticə də iddaçının hüquqlarımı pozmuş, olmayan ölçüyə görə artıq pul vəsaiti alınmış nəticədə ona küllü miqdarda maddi ziyan vurmuşdur. İddiaçı qeyd olunan məsələni aydınlaşdırmağa çalışmış, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməkdən yayınmışdır. İddiaçı nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Nümayəndə yazılı ərizə təqdim edərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Çıxarışa əsasən müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 56C, M13, m2 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. Mənzilin sahəsi 109.20 kv.m. təşkil edir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 075/18 nömrəli İlkin bazardan mənzilin alqı-satqısı və ipoteka müqaviləsinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 56C, M13, m2 ünvanında yerləşən mənzilə dair Satıcı Cavabdeh MTK, Alıcı (ipoteka qoyan) İddiaçı və İpoteka saxlayan "xxxx" ASC arasında üç tərəfli müqavilə bağlanmışdır. İş materiallarına Kreditor "xxxx" ASC və Borcalan İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 075-18/İ nömrəli kredit müqaviləsi əlavə edilmişdir. Həmin müqaviləyə əsasən müəyyən edilir ki, mübahisə predmeti olan mənzilin satış qiyməti 138768 manat, mənzilin ümumi sahəsi isə 133.43 kv.m. təşkil edir. Deməli, sözügedən mənzilin 1 kv.m. üçün dəyəri 1040 manat təşkil edir (138768 manat : 133.43 kv.m= 1040 manat). İş materiallarında olan xx.xx.2019-cu il tarixli Akta əsasən müəyyən edilir ki, mübahisə predmeti olan mənzil Satıcı tərəfindən Alıcıya həmin tarixdə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 56C, M13, m2 ünvanında yerləşən mənzilin müvafiq azaltma əmsalları tətbiq edilmədən sahəsi 116.2 kv.m. təşkil edir, faktiki sahəsi ilə müqavilə şərtləri əsasında sahəsi arasında 17,23 kv.m. (133.43-116.2=17.23) fərq vardır. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. MM-in 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 568.1-ci maddəsinə əsasən, Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. MM-in 577.1-ci maddəsinə əsasən, Alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. MM-in 578.1-ci maddəsinə əsasən, Satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər MM-in 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. MM-in 373.2-ci maddəsinə əsasən, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Beləliklə müəyyən edilir ki, İddiaçı ilə "xxxx" ASC və Cavabdeh MTK arasında üçtərəfli müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti ondan ibarətdir ki, Cavabdeh MTK (satıcı) inşa etdiyi ona məxsus olan, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 56C, M13, m2 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 133.43 kvadratmetr olan 138.768,00 (bir yüz otuz səkkiz min yeddi yüz altmış səkkiz) manat dəyərində mənzili iddiaçının mülkiyyətinə verməli, qarşılığında isə həmin mənzilin dəyərinin 38.768,00(otuz səkkiz min yeddi yüz altmış səkkiz) manat məbləğində hissəsi iddiaçı tərəfindən tərəfindən, qalan 100.00,00 (yüz min) manat məbləğində hissəsi isə "xxxx" ASC (Kreditor-ipoteka saxlayan) ilə aralarında bağlanmış 075-18/İ saylı kredit müqaviləsi üzrə "xxxx" ASC (Kreditor-ipoteka saxlayan) tərəfindən iddiaçıya ayrılmış 360 ay müddətinə illik 4 faiz olmaqla kredit hesabına satıcıya ödənilməli və qarşılığında həmin əmlak ipoteka ilə yüklü edilməli idi. Tərəflər arasında bağlanmış Müqaviləyə əsasənmənzilin pay dəyəri tam ödənilmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilmiş və kredit məbləği hazırda ödənilməkdədir. Lakin bu yaxınlarda iddiaçı mənzilə çıxarış alan zaman ona məlum olmuşdur ki, cavabdehə tam ödəniş edilməsinə baxmayaraq öhdəliyə uyğun olmayan 109.20 kv.metr sahəli mənzil təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, müqavilə öhdəlikləri üzrə fərqin 17.23 kv.m. olması və hər kvadrat metri üçün 1040 manat təşkil etməsi nəzərə alınmaqla cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməməsi nəticəsində iddiaçı tərəfindən cavabdehə 17919,30 manat əsassız pul vəsaiti ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyini əsaslı hesab edir. Bu səbəbdən, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Mülki iş üzrə ətraflı araşdırma aparılmasının təmin edilməsi, sübutların tam toplanması və tədqiq edilməsi məqsədilə 3 (üç) məhkəmə hazırlıq iclası və 1 (bir) məhkəmə baxış iclasının keçirilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, hazırki mülki iş üzrə sübutetmə yükü cavabdehin üzərindədir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair yazılı ərizə təqdim edilsə də, məhkəmə hesab edir ki, iddia tələbi üzrə 6 illik (daşınmaz əşyalarla bağlı müqavilə tələbləri) iddia müddəti ötürülməmişdir. İddia müddətinin ötürülməsinin əsasları cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Belə ki, müəyyən edilir ki, sözügedən mənzil xx.xx.2019-cu il tarixdə Alıcıya təhvil verilmişdir, iddia ərizəsi isə məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Deməli, iddia tələbi üzrə 6 illik iddia müddəti ötürülməmişdir. Məhkəmə cavabdehin müdafiə arqumentinə münasibətdə qeyd edir ki, hazırki mübahisəyə müqavilədən doğan 3 illik ümumi iddia müddəti deyil, xüsusi norma qismində 6 illik iddia müddəti təşkil etməlidir. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyini əsas götürür. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlar əsasında mülki işə baxaraq qətnamə qəbul etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 166 (yüz altmış altı) manat dövlət rüsumunun 100 (yüz) manat hissəsi cavabdehə aid edilməlidir. İş üzrə aparılmış ekspertiza üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh MTK-dan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MTK-dan 17919,30 (on yeddi min doqquz yüz on doqquz manat otuz qəpik) manat pul vəsaiti və ödənilmiş 166 (yüz altmış altı) manat dövlət rüsumunun 100 (yüz) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilməlidir . Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh MTK-dan 17919,30 (on yeddi min doqquz yüz on doqquz manat otuz qəpik) manat pul vəsaiti və ödənilmiş 166 (yüz altmış altı) manat dövlət rüsumunun 100 (yüz) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə aparılmış ekspertiza üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh MTK-dan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar