Məhkəmə qərarları › İş №e-2(004)-5053/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5053/2022

18.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5053/2022 18.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı Müzəffər qızının nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Müzəffər qızının Cavabdeh qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüquqlarına xitam verilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Müzəffər qızı Cavabdeh qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, 583 məhəllə, ev 99, 8 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Sözü gedən mənzil 14 may 2020-ci ildən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsində ********** qeydiyyat nömrəsi ilə onun adına qeydiyyata alınmışdır. Həmin idarə tərəfindən ona çıxarış verilmişdir. Mənzildə cavabdeh olan oğlu Cavabdeh öz ailəsi ilə birlikdə yaşayır və onu heç cürə evə buraxmır. O, əri, azyaşlı oğlu və yaşlı atsım isə evsiz qalmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətindən məhrum olmuşdur. Bu səbəbdən kompensasiya vermək yolu ilə cavabdehin evindən istifadə hüququnun itirilməsi barədə məhkəmyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən cavabdeh X1 xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, 583 məhəllə, ev 99, 8 saylı mənzildən 15000 (on beş min) manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı Müzəffər qızının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı öz mülkiyyətindən məhrum olmuşdur. O evi ilə bağlı sərəncam verə bilmir, digər hüqquqi prosedurları yerinə yetirə bilmir. Cavabdehin ora istifadə hüququ olduğunan və iddiaçının doğma oğlu olduğu üçün kompensasiya verilməsi ilə istifadə hüququna xitam verilməsini xahiş edir. İddiaçının sözü gedən mənzilə görə cavabdehə ödəyə biləcəyi kompensasiya miqdarı 15000 manat təşkil edir. Belə ki, mənzil 2 otaqdan ibarətdir və eyni zamanda uzun müddətdir ki, təmir olunmamışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, o, iddia tələbi ilə razı deyildir. Belə ki, o heç zaman evin satılmasının əleyhinə olmamışdır. Hətta satılmasına kömək edə biləcəyini bildirmişdir. O, sözü gedən mənzildə doğulmuş, uşaqlıq illərini və yeniyetməlik dövrünü orada keçirmiş, sonradan isə 2016-cı ildən iki il Türkiyədə yaşaymış, 2018-ci ilin axırnda geri qayıdaraq yenidən həmin evdə ailəsi ilə birlikdə yaşamışdır. Qeyd edilən kompensasiya məbləğindən narazıdır. O, özü üçün ucuz qiymətə ev götürmək istəyir, lakin təklif edilən məbləğə ucuz evin belə alınması mümkün deyildir. Ona 20000 manat veriləcəyi təqdirdə mənzildən istifadə hüququna xitam verilə bilər. Nəzərə alınmalıdır ki, evlidir və himayəsində iki azyaşlı uşağı vardır. Eyni zamanda bildirir ki, evi ona baba və nənəsi vəsiyyət etmiş, lakin yazılı vəsiyyətnamə olmadığı üçün qanunüzrə vərəsəlik anasına keçmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, 583 məhəllə, ev 99, 8 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı Müzəffər qızının adına ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2020-ci il tarixli çıxarışı ilə qeydiyyata alınmışdır. Cavabdeh hazırda sözü gedən mənzildə qeydiyyatda olmaqla yaşayır. İddiaçı cavabdehə 15000 manat məbləğində kompensasiya verilməklə cavabdehin istifadə hüququna xitam verilməsini, mənzildən çıxarılmasını tələb edir, cavabdeh isə 20000 manat kompensasiya verilməsini tələb edir. Koral Consulting MMC-nin xx.xx.2022-ci il tarixli arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, 583 məhəllə, ev 99, 8 saylı mənzilin yerləşdiyi ərazidə orta aylıq kirayə haqqı 350-400 manat təşkil edir. İş materialları ilə həmçinin müəyyən edilmişdir ki, cavabdeh sözü gedən ünvanda uzun müddət qeydiyyatda olmaqla yaşamış, sonradan 2016-cı il tarixdə yaşayış yerini tərk etmiş, 2018-ci ildən yenidən sözü gedən ünvanda hazıradək yaşamağa davam etmişdir. Cavabdehin iddia predmeti olan mənzilə istifadə hüququ olmuş, həmin mənzil iddiaçının adına yüklü keçmişdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında göstərilmişdir ki,”... Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Qərarı ilə müəyyən edilmişdir ki, “məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “...kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir.” Həmin Qərarda daha sonra göstərilir ki, “...birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır.” Məhkəmə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsinə dair yuxarıda göstərilən qanunvericilik müddəalarını və onların şərhinə dair Konstitusiya Məhkəməsinin qərarlarını rəhbər tutmaqla ödəniləcək kompensasiyanın məbləği ilə bağlı həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. Məhkəmə qeyd olunanları və İddiaçı Müzəffər qızının mülkiyyətində olan mənzilin şəraitini, həmin mənzilin yerləşmə ərazisini nəzərə alıb hesab edir ki, iddiaçının cavabdehə təklif etdiyi 15000 manat məbləğində kompensasiya onun davamlı surətdə və müəyyən müddət ərzində mübahisəli mənzillə müqayisədə oxşar şəraiti olan başqa yerdə yaşamasına imkan verir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh ünvan 1 ünvanına olan istifadə hüququna xitam verilməlidir. Həmçinin Cavabdeh kompensasiya ödənilməsi və istifadə hüququna xitam verilməsi eyni vaxtda icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Müzəffər qızı tərəfindən Cavabdeh 15000 (on beş min) manat məbləğində kompensasiya verilməklə, Cavabdeh ünvan 1 ünvanına olan istifadə hüququna xitam verilsin. Cavabdeh kompensasiya ödənilməsi və istifadə hüququna xitam verilməsi eyni vaxtda icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar