Məhkəmə qərarları › İş №e-2(004)-5098/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5098/2023

27.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5098/2023 27.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı «borc» tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 812,84 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5098/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı ASC-nin Cavabdeh qarşı «borc» tələbinə dair 2(004)- 5098/2023 saylı mülki iş üzrə iddia icraatına keçirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ”Azərsu” ASC tərəfindən Cavabdeh (abonent kodu: **********370) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə xx.xx.2023-cü il tarixə 812,84 (səkkiz yüz on iki manat, səksən dörd qəpik) manat borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsindən verilən arayışda cavabdehin qeydiyyat ünvanının ünvan 1dur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, abonentin mənzilinə su sərfiyyatını ölçən sayğac xx.xx.2023-cü il tarixdə quraşdırılmışdır. Həmin vaxtadək mənzildə su sərfiyyatı və çirkab suların axıdılmasına görə 4 nəfərə görə hesablama aparılmışdır. Daha sonra isə abonentin müraciətinə əsasən 2023-cü ilin may ayından etibarən 1 nəfərə görə hesablama aparılmışdır. Daha sonra cavabdeh borcun silinməsi ilə bağlı müraciət edərək bildirmişdir ki, uzun müddət xarici ölkədə olması səbəbiylə sudan faktiki olaraq istifadə etməmişdir. İddiaçı ASC-nin araşdırma komissiyası tərəfindən müvafiq yoxlama aparılaraq müəyyən edilmişdir ki, 9 ay mənzildə yaşayış olmamışdır. Abonentin müraciətinə əsasən 9 aylıq müddətə görə borc silinmişdir. İddianın təmin olunmasını və 2017-2023-cü illər üzrə qalıq qalan 812,84 (səkkiz yüz on iki manat, səksən dörd qəpik) manat borcun cavabdehin iddiaçının xeyrinə tutulmasını xahiş edir. Suala cavab olaraq bildirir ki, aylar üzrə hesablanmış borc məbləğinin müxtəlif olmasına səbəb Tarif Şurasının qərarına əsasən tariflərin dəyişdirilməsi ilə bağlıdır. Cavabdehin evdə olmadığı müddətdə hesablanmış borc silinmişdir. Ümumiyyətlə həmin evdə bir nəfər olmaqla cavabdehin tək yaşamasına etiraz etmir. Digər vaxtlarda isə binanın komendantının arayışı yoxdur ki, faktiki olaraq mənzildə hansı vaxtlarda yaşayış olmuşdur. Lakin vaxtları iddiaçı araşdırdıqdan sonra sənədlərin öz əksini tapmadığı müəyyən edilmişdir, çünki həmin vaxt həqiqətənmi digər kommunal xidmətlərin istifadə edilib-edilməməyi ilə bağlı "xxxx" ASC və “Azəriqaz” İB-dən sənədlər tələb edilir. Digər kommunal xidmətlər də istifadə edilmədiyi halda suya görə olan borc da silinir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, sudan istifadə ilə bağlı olaraq yaranmış borc barədə İddiaçı ASC-nin əməkdaşları tərəfindən bildirişlər ona şəxsən təqdim edilməmiş, qapıya qoyulmuşdur. Bir dəfə bildirişi verən əməkdaşı görmüş və ondan nəyə görə bu qədər çox borc hesablandığını soruşmuşdur. Əməkdaş isə cavabında bildirmişdir ki, onun mənzili üzrə sudan itifadə üçün 4 nəfərə görə adambaşına borc hesablanır. Bundan sonra o, İddiaçı ASC-yə müraciət edib ətraflı məlumat almaq qərarına gəlmiş, lakin müəyyən şəxsi problemlərinə görə yubanmışdır. Nəhayət, 2023-cü ilin fevral ayının sonu, mart ayının əvvəllərində İddiaçı ASC-nin binasına yaxınlaşmış və orada Sevinc adlı əməkdaş ona köməklik göstərmişdir. Sevinc xanım ona yaşadığı mənzil üzrə 4 nəfərə görə borc hesablandığını və həmin ünvanda qeydiyyatda olan şəxs və ya şəxslər barədə rəsmi məlumatın olmadığını qeyd etmişdir. Cavabdeh isə buna etiraz edərək həmin ünvanda təkbaşına yaşadığını bildirmişdir. ASC-nin əməkdaşı ailə tərkibinin dəyişdirilməsi üçün tələb olunan sənədlərin siyasını vermiş və o, həmin sənədləri əməkdaşa təqdim etdikdən sonra bir ay ərzində məsələnin həll olunacağını bildirmişdir. Lakin yazılmış borc silinməmişdir. Bundan başqa o, 2023-cü il ərzində 7 ay müddətində həmin evdə yaşamamış, buna baxmayaraq ona ASC tərəfindən sudan istifadəyə görə borc yazılmışdır. Həmçinin 2 aydır evdə olmasına baxmayaraq iddiaçının əməkdaşları gəlməmişdir. Əlavə olaraq qeyd edir ki, su təchizatçısı tərəfindən həmin ünvanda sayğac quraşdırılmamışdır. İddianın rədd olunmasını xahiş edir. Daha sonra cavabdeh Nümayəndə xx.xx.2023-cü il tarixdə iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilməsi və xx.xx.2020-ci il tarixədək olan borca dair iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Həmçinin ərizəsində xx.xx.2020-ci ildən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində 1 nəfərə görə 110 manat məbləğində borcun tutulmasına razı olduğunu bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2023-cü il tarixli abonent kartına əsasən müəyyən edilir ki, Cavabdeh ilə (abonent kodu **********370) İddiaçı ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 34801108 nömrəli müqavilə əsasında ünvan 2al rayonu, Ə. Əhmədov küçəsi, ev 41B, 37 saylı mənzil su təchizatı və çirkab sularının axıdılması xidmətləri ilə təmin edilmişdir. Cavabdehin əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 2017-ci ildən başlayaraq 2023-cü ilin sentyabr ayına 812,84 manat borcu yaranmışdır. - İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubuna əsasən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən 812,84 manat borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. - Cavabdeh tərəfindən İddiaçı ASC-nin Yasamal rayon Sukanal İdarəsinə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciətinə əsasən müəyyən olur ki, o, ünvan 2al rayonu, Ə. Əhmədov küçəsi, ev 41B, 37 saylı mənzil ünvanında ailə tərkibi bir nəfərdən ibarət olmaqla tək yaşadığını bildirərək su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə aylıq hesabatın mövcud ailə tərkibinə görə hesablanmasını xahiş etmişdir. Abonent kartına əsasən müəyyən edilir ki, 2023-cü ilin may ayından hesablama bir nəfərə münasibətdə hesablanmağa başlamışdır. - AR DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışa əsasən müəyyən edilir ki, ünvan 2al rayonu, Ə.Əhmədov küçəsi, ev 41B, 37 saylı mənzil ünvanında Cavabdeh başqa şəxs qeydiyyatda yoxdur. - İddiaçı ASC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş müraciət formasına əsasən müəyyən edilir ki, Cavabdeh ailə tərkibinin dəyişdirilməsi ilə bağlı müraciəti xx.xx.2023-cü tarixdə İddiaçı ASC tərəfindən qeydə alınmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, iddiaçı ilə cavabdeh arasında su təchizatı və tullantı sularının axıdılması barədə müqavilə bağlanmış, müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı cavabdehi su ilə təmin etsə də, cavabdeh öhdəliyini pozaraq bunun əvəzində yaranmış borcu ödəməmişdir. Həmçinin həmin ünvana sayğac quraşdırılmadığından cavabdehə sudan istifadə və tullantı sularının axıdılmasına görə 2023-cü ilin aprel ayına qədər 4 nəfərə görə, may ayından sonra isə iddiaçı ərizə ilə müraciət edərək ailə tərkibinin 1 nəfərdən ibarət olduğunu bildirdiyindən həmin tarixdən etibarən 1 nəfərə görə adambaşına olmaqla borc hesablanmışdır. Hazırda iddiaçı su təchizatı və tullantı sularının axıdılmasına görə 2017-ci ildən 2023-cü il tarixədək hesablanmış 812,84 manat məbləğində borcun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh isə iddia müddətinin tətbiq olunması barədə ərizə verərək xx.xx.2023-cü il tarixədək hesablanmış borca iddia müddətinin tətbiq edilərək rədd edilməsi və qalan vaxt ərzində müəyyən müddət ölkə xaricində olmasını nəzərə alaraq 110 məbləğində borcun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 529.5-ci maddəsinə əsasən borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər. Həmin Qanunun 3-cü maddəsinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 31-ci maddəsinin 1-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 saylı, xx.xx.2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.6-cı bəndinə görə STKM tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 4.1.1-ci bəndinə görə isə su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq istehlakçının vəzifəsidir, 5.1.2-ci bəndə görə müqavilənin bağlanmasını tələb etmək isə onun hüququdur. Həmin Qaydaların 2.1.6-cı bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 2.1.9-cu bəndinə görə aşağıdakı hallarda suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək): 2.1.9.1. quraşdırılmış suölçən cihaz dövlət standartlarının tələblərinə cavab vermədikdə; 2.1.9.2. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. Həmin Qaydaların 4.1.3. bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. Həmin Qaydaların 7.5-ci bəndinə görə suölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzərdə tutulmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 31 yanvar 2011-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,3 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat; Tarif Şurasının xx.xx.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat; Tarif Şurasının xx.xx.2021-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, borcun tutulması ilə bağlı iddia tələbinə mahiyyəti üzrə baxmaq üçün ilk öncə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibət bildirilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edilir ki, iddiaçı 2017-ci ildən 2023-cü ilədək olan dövr üzrə cavabdeh tərəfindən vaxtaşırı icra edilməli olan öhdəliklərin icrasını tələb edir. Onun məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli abonent kartı ilə müəyyən olunur ki, cavabdehə 2017-ci il üzrə 106 manat, 2018-ci il üzrə 70,5 manat, 2019-cu il üzrə 122 manat, 2020-ci il üzrə 122 manat, 2021-ci il üzrə 225,34 manat, 2022-ci il üzrə 95 manat və 2023-cü il üzrə 72 manat borc hesablanmışdır. Həmçinin iddiaçı cavabdehə aylar üzrə borcuna dair bildirişlərin verilməsini, yəni onun borclar barədə xəbərdar edilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair 15 fevral 2023-cü il tarixli Qərarında müəyyən edilmiş hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Ümumiyyətlə isə Mülki Məcəllənin 551.2.4-cü maddəsi xaricində, Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlər iddia müddətləridir. X1 Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Mülki Məcəllədə iddia müddətləri ilə bağlı müddəaların həm Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı, həm də həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulması hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, məhkəmə müdafiəsi hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici orqan tərəfindən Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulmuş normaların bu Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi məqsədəmüvafiq olardı. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etmişdir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi ilə nəzərdə tutulan məhkəmə müdafiəsi hüququnun təmin edilməsi məqsədilə, məsələ qanunvericilik qaydasında həll edilənədək, qanunverici tərəfindən Mülki Məcəlləyə iddia müddətlərinə dair ayrıca fəslin məqsədli şəkildə salınması nəzərə alınaraq, öhdəliklərdən irəli gələn tələblərə, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulan iddia müddətləri tətbiq edilməlidir. Beləliklə, məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, hazırkı mübahisənin həll edilməsi baxımından AR MM-nin aşağıdakı normaları tətbiq edilməlidir. Belə ki, MM-nin 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəyə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.3-cü maddəyə görə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.2-ci maddəyə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəyə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.3-cü maddəyə görə icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından müəyyən edildiyi kimi İddiaçı ASC 2023-cü ilin xx.xx.2023-cü ildə cavabdehdən 2017-ci ildən başlayaraq həmin vaxtadək mövcud olan borcların ödənilməsini tələb etmişdir. Lakin həmin vaxtdan daha əvvəl borcların ödənilməsi İddiaçı ASC tərəfindən iddiaçıdan tələb edilməmişdir. Belə ki, daha əvvəlki tarixdə iddiaçıya belə bir tələbin irəli sürülməsinə dair xəbərdarlıq məktubunun cavabdehə nə vaxt təqdim edilməsi barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Hazırkı iş üzrə İddiaçı ASC-nin tələb hüququnun vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələb olduğundan yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, bu cür tələblərə üç illik iddia müddəti şamil edilməlidir. Cavabdehin isə İddiaçı ASC-nin ondan pul tələb etməsinə etiraz əlaməti olaraq iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı tələb üzrə iddia müddəti tətbiq edilməlidir. Odur ki, məhkəmə iddiaçının xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini nəzərə alaraq hesab edir ki, İddiaçı ASC tərəfindən ünvan 2al rayonu, Ə. Əhmədov küçəsi, ev 41B, 37 saylı mənzilə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi ilə əlaqədar Cavabdeh 2017-ci il üzrə 106 manat, 2018-ci il üzrə 70,5 manat, 2019-cu il üzrə 122 manat, 2020-ci ilin 28 sentyabr tarixinə qədər olan 82,5 manat borclar üzrə tələb hüququna görə 3 illik iddia müddəti keçdiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün hesablanmış borcun tutulması hissəsində də qismən əsaslıdır. Belə ki, iş materiallarından müəyyən olunduğu kimi cavabdehin yaşadığı ünvan üzrə qeydiyyatda olmaqla yaşayan şəxslər barəsində İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixədək rəsmi məlumatın verilmədiyindən ASC tərəfindən 4 nəfərə görə adambaşına borc hesablanmış, cavabdehin müraciətindən sonra isə ailə tərkibi barədə məlumatlar dəyişdirilərək 1 nəfərə görə hesablanmağa bağlamışdır. Məhkəmə qeyd edir ki, istehlakçının yaşadığı ünvan üzrə qeydiyyatda olan şəxslər barədə rəsmi məlumatın su təchizatı müəssisəsinə verilməsi vəzifəsi məhz istehlakçının üzərinə düşür. Lakin hazırkı iş üzrə cavabdeh olan istehlakçı bu vəzifəsini icra etmədiyindən ona uzun müddət ərzində 4 nəfərə görə borc hesablanmışdır. Buna baxmayaraq, hazırda işin faktiki halları ilə həmin ünvanda yalnız cavabdehin qeydiyyatda olması və bir nəfər yaşaması müəyyən edildiyindən, eyni zamanda iddiaçı tərəf də bu halı mübahisələndirmədiyindən cavabdehdən 1 nəfərə görə hesablanmış borc tutulmalıdır. Beləliklə, ASC tərəfindən 4 nəfərə görə hesablanmış borcun məbləği azaldılaraq 2020-ci ilin sentyabr ayı üzrə 4 nəfərə görə hesablanmış 39,5 manat borc 1 nəfərə görə 9,88 manat, 2021-ci il üzrə 4 nəfərə görə hesablanmış 225,34 manat borc 1 nəfərə görə 56,34 manat, 2022-ci il üzrə 4 nəfərə görə hesablanmış 95 manat borc 1 nəfərə görə 23,75 manat və 2023-cü ilin yanvar-aprel ayları üzrə 4 nəfərə görə hesablanmış 66 manat borc 1 nəfərə görə 16,5 manat məbləğində müəyyən edilməklə, cəmi 106,47 manat məbləğində müəyyən edilməlidir. Eyni zamanda 2023-cü ilin may ayından etibarən 1 nəfərə görə hesablanmış 6 manat məbləğində borc da nəzərə alınmaqla, cavabdehdən sudan istifadə və tullantı sularının axıdılması ilə bağlı cəmi 112,46 manat məbləğində borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə iddia qismən təmin edilməli, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 112,46 (yüz on iki manat qırx altı qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 112,46 (yüz on iki manat qırx altı qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar