Məhkəmə qərarları › İş №e-2(004)-5184/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-5184/2021

13.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-5184/2021 13.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “istehlakçı hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “istehlakçı hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhdar Cəmiyyətinin Nəsimi Sukanal İdarəsi tərəfindən tərtib edilmiş 08.06.2021-ci il tarixli 007228 nömrəli akt ləğv edilməsi və bu akta görə hesablanmış 4104 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona məxsus ünvan 1 ünvanda yerləşən obyekt avtoyuma məntəqəsi kimi fəaliyyət göstərir. Həmin avtoyuma məntəqəsində sudan istifadə məqsədi üçün Cavabdeh ASC ilə 10.04.2014-cü il tarixdə 054339 nömrəli müqavilə bağlanmışdır. İstehlakçı olaraq hər zaman istifadə etdiyi su istehlakına görə ödənişləri öncədən vaxtı-vaxtında ödəmişdir. 8 iyun 2021-ci il tarixdə X4 Cəmiyyətinin Nəsimi Sukanal İdarəsinin əməkdaşları ona məxsus obyektə gələrək hər ay olduğu kimi sayğacına baxış keçirmək istədiklərini bildirmişlər. Bundan sonra avtoyuma məntəqəsində işləyən işçilər gələn əməkdaşlara şərait yaradaraq sayğacın hər zamankı yerdə olduğunu deyərək sayğacı onlara göstərmişlər. Nəsimi Sukanal İdarəsinin əməkdaşları 08.06.2021ci tarixdə su sayğacdan əlavə D=20mm su xəttinin olduğunu bildirmiş və bununla bağlı akt tərtib edəcəklərini bildirmişlər. Sözügedən hadisədən bir neçə gün sonra daha dəqiq 11.06.2021-ci il tarixdə ona məlum olmuşdur ki, Nəsimi Sukanal İdarəsinin əməkdaşları 08.06.2021-ci il tarixli 007221 nömrəli Akt tərtib etmiş və ona məxsus 054339 nömrəli müqavilə koduna 4104 manat dəymiş ziayn cərimə hesablamışlar. Həmin Akt onun iştirakı olmadan və birtərəfli tərtib edilmiş və ya hər hansı bir hal şahidlərinin iştirakı təmin olunmamışdır. Bütün bunlardan əlavə tətbiq edilən cərimə reallığı əks etdirmir belə ki, onlardan cərimənin niyə bu qədər yüksək olduğunu soruşduqda ona bildirdilər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş X1 uyğun olaraq Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda itirilmiş suyun həcmi olaraq ötən 1 (bir) il müddətində qaydaların 4 nömrəli əlavədəki cədvəlinə əsasən hesablanır. Ona məxsus abonent saldosuna baxdıqda açıq aşkar müəyyən etmək olurki onun illik su sərfiyyatı 2014-cü ildən bu gunənədək hər il üzrə 300-400 manat olmuşdur. Həmçinin cavadeh təşkilatın nümayəndələri obyektdə sonuncu baxışı 09 may 2021-ci il də həyata keçirmişlər və heç bir pozuntu aşkar etməmişlər. Cavabdehin iddia etdiyi kimi sudan qanunsuz istifadə faktı 8 iyun 2021-ci il aşkar edildiyi sübuta yetirilərsə onların iddia etdiyi kimi dəymiş ziyanın məbləği 1 (bir) il deyil yalnız 1 (ay) hesablanmalı idi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, tərəflər heç bir səbəb göstərmədən məhkəmə hazırlıq iclasında iştirak etməmişlər, məhkəmə hazırlıq iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, iddiaçı vergi ödəyicisi olan fiziki şəxs, cavabdeh isə hüquqi şəxs olduğundan və tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi Uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, İddiaçı vergi ödəyicisi kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsində qeydiyyatdadır. (VÖEN **********) Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisə nəticə etibarilə şəxslərin subyektiv tərkibi nəzərə alınmaqla kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, yaranmış mübahisə hüquqi şəxslə vergi ödəyicisi olan fiziki şəxs arasındadır. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. (32.2)Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. (32.3) Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. (32.4) Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. (32.5) Azərbaycan Respublikası MPM-in 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Azərbaycan Respublikası MPM-in 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 12 və 13-cü bəndlərində qeyd edilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin qərarın 3-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 24.2, 26.1, 32, 170, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “istehlakçı hüquqlarının müdafiəsi” tələbinə dair 2(004)-5184/2021 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar