Məhkəmə qərarları › İş №e-2(004)-5205/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5205/2025

08.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5205/2025 08.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü tarixli, 005-FRL-0155-24 №-li nisyə alqısatqı müqaviləsinə əsasən, 19 ay müddətinə hissə-hissə hər ay üçün 252,33 manat ödəmək şərti ilə, 4 542 manat (dörd min beş yüz qırx iki) manat dəyərində və xx.xx.2024-cü il tarixli, 005-FRL-0160-24 №-li nisyə alqı-satqı müqaviləsinə əsasən, 13 ay müddətinə hissə-hissə hər ay üçün 27,75 manat ödəmək şərti ilə, 333 manat (üç yüz otuz üç) manat dəyərində malların nisyə satış müqaviləsinə Əlavədə, Qaimə-Arayış aktlarında göstərilən mebel məhsullarını nisyə satılmış və həmin məhsullar cavabdehə Qaimə-Arayış üzrə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Belə ki, müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin xx.xx.2024-cü tarixli, 005-FRL-0155-24saylı müqavilə üzrə qalıq borcu 2 516 (iki min beş yüz on altı manat) manat, xx.xx.2024-cü tarixli, 005-FRL-0160-24 saylı müqavilə üzrə qalıq borcu 80 (səksən manat) manat təşkil edir. Cavabdehin hesablanmış hər iki müqavilə üzrə 300 (üç yüz) manat məbləğində cərimə borcu vardır. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh xx.xx.2024-ci tarixli, 005-FRL- 0155-24 №-li nisyə alqı-satqı müqaviləsinə əsasən, 19 ay müddətinə hissə-hissə hər ay üçün 252,33 manat ödəmək şərti ilə, 4 542 manat (dörd min beş yüz qırx iki) manat dəyərində və xx.xx.2024 tarixli, 005-FRL-0160-24 №-li nisyə alqı-satqı müqaviləsinə əsasən, 13 ay müddətinə hissə-hissə hər ay üçün 27,75 manat ödəmək şərti ilə, 333 manat (üç yüz otuz üç) manat məbləğində məhsulları İddiaçı MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh altı-satqı müqavilələri üzrə ümumilikdə 3369,47 manat borcu vardır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli yazılı bildiriş göndərilməklə cavabdehə pul məbləğinin ödənilməsi təklif edilmiş, lakin, müsbət nəticə əldə olunmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış müqavilə şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (dəbbə puluna münasibətdə), 467 (dəbbə pulunun məbləğinin məhkəmə tərəfindən azaldılmasına münasibətdə) 600.4-cü (əsas öhdəliyə münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış müqavilə şərtləri və MM-in 462, 467, 600.4-cü maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə MM-in 467-ci maddəsinə əsasən, cərimə pulunu xx.xx.2024-cü il tarixli, 005-FRL-0160-24 №-li nisyə alqı-satqı müqaviləsinə 20 manat, xx.xx.2024-cü tarixli, 005-FRL-0155-24 №-li nisyə alqı-satqı müqaviləsinə əsasən 180 manat məbləğində olmaqla ümumilikdə 200 manat tutmağı məqsədə müvafiq hesab edir. Məhkəmə mülki münasibətlərin sabitliyinin, inkişafının təmin edilməsi məqsədilə mülki hüquq subyektlərinin qanunvericiliyə, iradə sərbəstliyi əsasında bağladıqları müqavilə öhdəliklərinə hörmət ruhunda tərbiyələndirilməsini zəruri hesab edir. Cərimə pulunun 200 (iki yüz) manatdan aşağı məbləğdə müəyyən edilməsi bazar iqtisadiyyatının təşviq edilməsi, mövcud iqtisadi şərtlər, biznes maraqları nəzərə alınmaqla iddiaçı nöqteyi-nəzərdən, 200 (iki yüz) manatdan yuxarı məbləğdə müəyyənləşdirilməsi isə ümumi öhdəliyin həcmi, əhəmiyyəti nəzərə alınmaqla cavabdeh nöqteyi-nəzərdən məqsədə müvafiq hesab edilmir. Məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü tarixli, 005-FRL-0155-24 №-li nisyə alqı-satqı müqaviləsinə əsasən, 19 ay müddətinə hissə-hissə hər ay üçün 252,33 manat ödəmək şərti ilə, 4542 manat (dörd min beş yüz qırx iki) manat dəyərində və xx.xx.2024-cü il tarixli, 005-FRL- 0160-24 №-li nisyə alqı-satqı müqaviləsinə əsasən, 13 ay müddətinə hissə-hissə hər ay üçün 27,75 manat ödəmək şərti ilə, 333 manat (üç yüz otuz üç) manat dəyərində malların nisyə satış müqaviləsinə Əlavədə-Qaimə-Arayış aktlarında göstərilən mebel məhsullarını nisyə satılmış və həmin məhsullar cavabdehə Qaimə-Arayış üzrə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Nəticədə, Cavabdeh iki müqavilə üzrə ümumilikdə 2596 (iki min beş yüz doxsan altı) manat əsas və 200 (iki yüz) manat cərimə borcu yaranmışdır. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, aktiv sübutetmə (təkzibetmə) fəaliyyəti təşkil edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 46 (qırx altı) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2516 (iki min beş yüz on altı) manat ödənilməmiş hissə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 80 (səksən) manat ödənilməmiş hissə, iki müqavilə üzrə ümumilikdə 200 (iki yüz) manat cərimə borcu olmaqla, cəmi 2796 (iki min yeddi yüz doxsan altı) manat borc və ödənilmiş 46 (qırx altı) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2516 (iki min beş yüz on altı) manat ödənilməmiş hissə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 80 (səksən) manat ödənilməmiş hissə, iki müqavilə üzrə ümumilikdə 200 (iki yüz) manat cərimə borcu olmaqla, ümumilikdə 2796 (iki min yeddi yüz doxsan altı) manat borc və ödənilmiş 46 (qırx altı) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar