Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5246/2023 30.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi» tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız tələb edilən 3110,40 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xreptovı ev 159-da yerləşən mənzil faktiki olaraq onun istifadəsindədir. Həmin ünvanda (Abonent kodu: **********00010) təbii qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtında ödəmiş və tərəfindən qazsayğacına heç zaman müdaxilə olunmamışdır. 24 yanvar 2023-cü ildə Cavabdeh əməkdaşları yaşadığı mənzilin qaz sayğacına baxış keçirmiş, sayğacın istismar müddəti bitdiyi üçün onu yenisi ilə əvəz etmişlər. Həmin tarixdə tərtib etdikləri qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akta əsasən, qaz xəttində heç bir sızma müəyyən olunmamış, sayğacın ekranında və plombunda hər hansı müdaxilə aşkar edilməmişdir. Baxış zamanı sayğac çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir və dövlət yoxlaması zamanı sayğaca müdaxilə olunduğu iddia edilərək ona 29 aprel 2023-cü il tarixində təbii X1nın pozulması haqqında ******* nömrəliakta əsasən guya 25920 kubmetr qeydiyyata alınmayan təbii qaz müəyyənləşdirilərək 3110.40 manat borc yazılmışdır. Bu məsələni aydınlaşdırmaq üçün 4 sentyabr 2023-cü il tarixində Cavabdeh baş direktoru Ruslan Əliyevə müraciət məktubu yollamışdır. Müraciətində qeyd etmişdir ki, anası rəhmətə getdiyi üçün artıq evdə tək yaşayır və tək insanın bu ölçüdə qazdan istifadə etməsi mümkünsüzdür. Qarşıdan qış ayları gəlir və onun bu borcu ödəmək üçün maddi imkanı yoxdur. Buna görə də əsassız yazılan borcun silinməsi üçün Cavabdeh əməkdaşlarına göstəriş verilməsini xahiş etmişdir. 20 sentyabr 2023-cü ildə qəbul etdiyi cavab məktubunda isə qeyd edilmişdir ki, çıxarılan qaz sayğacı dövlət yoxlamasından keçirilmiş, sayğacın klapanının işlək olmaması, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olması və sızmanın mövcudluğu müəyyən olunaraq sayğac istismara yararsızdır rəyi verilmişdir. Cavabdeh qurum qanunvericiliyin normalarına istinad edərkən onun təqsirinin nədən ibarət olması barədə heç bir əsaslandırma göstərməmişdir. Əlavə olaraq, dövlət yoxlamasında sayğacın istismara yararsız olduğu müəyyən olunmuşdur. Lakin cavabdeh qurumun əməkdaşları sayğacı yenisi ilə əvəz edərkən problemləri aşkar edə və tərtib edilmiş aktda bu barədə qeyd apara bilərdilər. Aktdan da görünür ki, bu barədə heç bir qeyd aparılmamışdır və sayğacda problem olmadığı, yalnız sayğacın istismar müddətinin bitdiyi üçün dəyişdirildiyi müəyyən olunmuşdur. Buna görə də 24 yanvar tarixində tərtib edilmiş aktda qaz sayğacı əvəz olunarkən heç bir nasazlıq qeyd edilmədiyi üçün cavabdeh qurumun sayğacın istismara yararsız olmasında onu təqsirli bilməsi və qeydiyyata alınmayan təbii qaz üçün 3110.40 manat borc tələb etməsi tamamilə qanunsuzdur. Abonentin saldosundan da görünür ki, sayğac dəyişdirilməmişdən əvvəlki dövr və dəyişdirildikdən sonrakı dövrlər ərzində aylar üzrə qaza görə sərfiyyatda kəskin dəyişiklik yoxdur. Əksinə 2023-cü ilin yanvar ayından sonra aylıq qaz sərfiyyatı üçün ödənişlər nisbətən azalmışdır. Cavabdeh İB-nin nümayəndəsi X2 etirazla məhkəməyə müraciət etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00010 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış **********767 sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” 14-2-2/3-5-1223-1 saylı Akta əsasən “sayğacda ALARM-1 rejimi aşkar olundu, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii X1nın pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 25920 m3 təşkil etmişdir. Hesablanmış 3110,40 manat məbləğində dəymiş ziyan 2023-cü ilin aprel ayından abonentin koduna yerləşdirilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X1”nın 1.3- cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Bir daha bildirir ki, **********00010 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh İB-nin nümayəndəsi X2 AZEMİS vasitəsilə xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, ərizədə bildirmişdir ki, iş üzrə etiraz və etirazın əsasını təşkil edən sübutlar məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəf olaraq əlavə ediləcək başqa sübutları yoxdur. xx.xx.2023-cü il tarixə təyin edilmiş baxış iclasının icraatında olan digər işlə bağlı baxış iclası ilə eyni vaxta düşməsini üzürlü səbəb kimi qəbul edərək onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli abonentin saldosuna əsasən abonent kodu **********00010 olan İddiaçı 2023-cü ilin aprel ayına akt üzrə 3110,40 manat borc hesablanmışdır. İş üzrə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Cavabdeh İB-in əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 159, 1 saylı mənzildə qaz sayğacına baxış keçirilmiş və 1202AQ**********4 nömrəli sayğac **********767 nömrəli sayğacla əvəzlənmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab vermiş və abonentə təhvil verilmişdir. İş materiallarında olan «Azəriqaz” İB-in qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli aktın surətinə əsasən zavod nömrəsi 1202AQ**********4 olan sayğacın müayinəsi zamanı sayğacın qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıldığı müəyyən edilmişdir. İş üzrə «Azəriqaz” İB İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında qaz sayğacına müdaxilə olunması ilə əlaqədar, 180 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 25920 m3 əlavə sərfiyyat hesablanmış və iddiaçının abonent hesabına əlavə sərfiyyat yazılmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, iddiaçının yaşayış sahəsinə quraşdırılmış sayğac cavabdeh birliyin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə yeni sayğacla əvəz edilmişdir. Çıxarılan sayğac laboratoriyada müayinə edilərkən müəyyən qüsurlar aşkar edilmişdir. Bu barədə tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən hesablama aparılmış və abonentə - iddiaçıya 25920 m3 itirilmiş qaz hesablanmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun tərəfindən qaz sayğacına hər hansı müdaxilə olunmamışdır. Yaşadığı evdən kənarda quraşdırılmış qaz sayğacı Cavabdeh İB-nin əməkdaşları tərəfindən sökülmüş və əvəzində digər sayğac quraşdırılmışdır. Hazırda isə cavabdeh təşkilat iddiaçını qazdan qanunsuz istifadə etməkdə günahlandıraraq mövcud olmayan borcun ödənilməsini tələb edir. Bu səbəbdən iddiaçı əsassız olaraq hesablanmış 3110,4 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməmiş, işin halları ilə bağlı mötəbər sübutlarını təqdim etməmişdir. Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Azərbaycan Respublikası “Qaz təchizatı” Haqqında qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “X1”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli Qərarının 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qərarın 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qeyd edilən Qərarın 4.9-ci bəndinə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının sahibliyində olan evə aid olan sayğacda olan qüsura görə iddiaçının məsuliyyət daşıması qanunla müəyyən olunmur. Qanunun tələbinə görə qaz sayğacını işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və belə olan halda iddiaçı sayğacın laboratoriya şəraitində yoxlanılması ilə bağlı aşkar edimiş qüsura görə təqsirli hesab oluna bilməz. Digər tərəfdən aşkar edilmiş qüsurun məhz iddiaçının hərəkətləri nəticəsində baş verməsi də yoxlama zamanı müəyyən olunmamışdır. Yəni sayğacda qüsurun olması faktı müəyyən edilsə də, həmin qüsurun baş verməsində iddiaçının təqsirli olması ehtimal xarakter daşıyır və bu halları təsdiq edən kifayət qədər sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Avropa Məhkəməsinin «Van de Huk Niderlanda qarşı» işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Qavazov Bolqarıstana qarşı» işi üzrə 06 mart 2008-ci il tarixli Qərarda qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya aid olan sayğacda sonradan aşkar edilmiş qüsura görə hər hansı akt tərtib etmək və həmin akt əsasında iddiaçıya əlavə sərfiyyat kimi hesabat yazmaq qanunsuz olmuşdur. «X1»nın 1.2-ci bəndinə əsasən qaz paylayıcısı - alğı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alğı-satqı müqaviləsində göstərilir. Qazın alğı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, Cavabdeh İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alğı-satqı müqaviləsi əsasında həyata keçirilir. Digər tərəfdən Cavabdeh İB ilə iddiaçı arasında qazın alğı-satqısı barədə müqavilənin 3.6-cı bəndinə əsasən istehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılması və həll edilməsi müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İB tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 159, 1 saylı mənzilə dair abonent kodu **********00010 olan İddiaçı hesablanmış 3110,4 manat məbləğində borc silinməlidir. Məhkəmə qeyd edir ki, istehlakçıların müdafiəsi haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi təmin olunduğu üçün cavabdehdən dövlət rüsumunun əvəzi kimi 51 manat dövlət nəfinə tutulmalıdır. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 159, 1 saylı mənzilə dair abonent kodu **********00010 olan İddiaçı hesablanmış 3110,40 (üç min yüz on manat qırx qəpik) manat məbləğində borc Cavabdeh İB tərəfindən silinsin. Cavabdehndən 51 (əlli bir) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-5246/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5246/2023
30.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver