Məhkəmə qərarları › İş №e-2(004)-5249/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5249/2025

19.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5249/2025 19.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı müqavilə bağlanması, yeni abunı kodunun verilməsi, borc məbləğinin hesaba daxil edilməməsi öhdəliyinin qoyulması tələbinə dair iş üzrə (açar sözlər: müqavilə bağlanması, abunə kodunun verilməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı müqavilə bağlanması, yeni abunı kodunun verilməsi, borc məbləğinin hesaba daxil edilməməsi öhdəliyinin qoyulması tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında aşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2024-cü il tarixdən İddiaçı adına qeydə alınmışdır.

2. Bakı şəhəri ünvan 1 ünvanı üzrə **********310 kodlu abonent kartından görünür ki, abonent Cəfərova Akifənin ümumilikdə 513,50 manat borcu vardır.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii suyun istehlakı ilə əlaqədar onunla müqavilə imzalanması, yeni abunə kodu verilməsi və **********310 nömrəli abonent kodu üzrə su sərfiyyatına hesablanmış borc məbləğinin ona veriləcək abunə hesabına daxil edilməməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddianın əsaslarına görə, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi,Yeni Yasamal y/sahəsi, ev 175E, mənzil 54 (yeni qaydalarla:AZ 1070, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi ötən ilin iyul ayında tərəfindən alqı-satqı müqaviləsi əsasında əldə olunmuş, mənzil üzərində tam mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli çıxarışına əsasən **********23-05301-093120 nömrəli reyestr nömrəsi ilə təsbit edilmişdir. “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası qanununun 18.1.3-cü maddəsinə əsasən ona tanınmış möhlət hüququnun itirilməsi ilə əlaqədar müddətli həqiqi hərbi xidmət qulluqçusu kimi hərbi xidmətə çağırılmış, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək əsgər hərbi rütbəsində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Qeyd olunanlarla əlaqədar yuxarıda göstərilən mənzili qaz, su və enerji təchizatı ilə təmin edən təbii inhisar subyektləri ilə arasında abonent müqaviləsinin imzalanması və ona məxsus abunə kodlarının əldə olunması imkanım xaricində olmuşdur. Cari ilin avqust ayının 28-də “myGov” elektron portalı üzərindən “abonent məlumatlarının dəyişdirilməsi” ilə əlaqədar cavabdehə rəsmi müraciət ünvanlanmış, sonuncu tərəfindən əvvəlki abonent kodunda 513,50 manat borc olduğu üçün ad dəyişməni icra etmənin mümkün olmadığı bildirilmişdir. Hesab edir ki, həmin öhdəliyin icra olunması ondan deyil, həmin mənzildə əvvəlki tarixlərdə yaşamış, sudan istifadə etmiş və cavabdeh ilə müqavilə münasibətlərində olmaqla müqavilə öhdəliklərini icra etməmiş şəxsdən tələb edilə bilər. Mənzilin hazırkı mülkiyyətçisi qismində isə onun istehlak etmədiyi su təchiatına, öhdəlik daşımadığı hallara görə hər hansı məhdudiyyətə məruz qalmağı əsaslı və qanuni deyildir.

b) iddiaya etiraz

5. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) məhkəmə icraat iştiakçılarının izahatları

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.

7. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərmişdir ki, iddiaçı “Sudan istifadə” qaydalarına uyğun olaraq ev alqı-satqısı zamanı müraciət edib “təmizlik arayışı” əldə etməmişdir. Cavabdeh qurumda hazırda elə bir sistem quraşdırılmışdır kiİ, borc ödənilmədən yeni abonent kodu vermək mümkün olmur.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

9. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə; Maddə 8. Bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (qanunda nəzərdə tutulan hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur.

10. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”: Bənd 4.1. İstehlakçıların vəzifələri aşağıdakılardır: 4.1.1. su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq; Bənd 8.4. Su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır; Bənd 8.5. Su ilə təchiz edilmiş obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişdirilməsi suyun verilməsinin dayandırılması üçün əsas deyildir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

Məhkəmə baxışının hədləri

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

13. İşdən müəyyən olunur ki, Bakı şəhəri ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı qeydə alınmışdır. Həmin mənzil üzrə iddiaçı ilə müqavilə bağlayıb, onun adına abonent kodunun verilməsindən ona görə imtina olunmuşdur ki, mənzilin əvvəlki mülkiyyətçisinin ödənilməmiş borcu qalmışdır.

14. Məhkəmə hazırkı işin halları baxımından cavabdehin imtinasını məqbul hesab etməyərək qeyd edir ki, əvvəlki mülkiyyətçinin sudan istifadəyə görə yaranmış borcunun ödənilməməsinin hüquqi məsuliyyətini digər şəxs - yeni mülkiyyətçi daşıya bilməz.

15. Mənzilin mülkiyyətçisinin su təchizatı müəssisəsinə heç bir borcu olmadan mənzil üzrə suyun təmin edilməsinə, öz abonent kodunun və hesabının açılmasına nail ola bilməməsi mülkiyyət hüququndan istifadəni mümkünsüz hala salır ki, bu da şəxslərin mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilməlidir.

16. Ümumiyyətlə, vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsi üçün zəruri ehtiyaclardan olan müvafiq kommunal xidmətlər göstərilməlidir ki, suyun verilməsi ilə bağlı bu öhdəlik hazırda cavabdehin üzərindədir. Bu isə məişət abonenti ilə müvafiq müqavilə bağlamaq yolu ilə həyata keçirilir.

17. “İstehlakçı hüquqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikasının qanununun 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (qanunda nəzərdə tutulan hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur.

18. Hazırkı halda iddiaçıya münasibətdə xidmətlərin göstərilməsindən imtina edilməsi əsassızdır. Əsas kimi təqdim edilən əvvəlki mülkiyyətçinin sudan istifadəyə görə borcunun olması faktı imtina üçün qanuni əsasın mövcudluğu demək deyil. Qanunvericilikdə belə bir imtina əsası təsbit edilməmişdir.

19. Cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na istinadən mülkiyyətçinin dəyişməsi zamanı borcun olmaması barədə arayış edilməli olduğunu göstərsə də, qaydaların 8.4-cü bəndində mülkiyyətçinin (istifadəçinin) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcun ödənilməsi və STKM-dən borcunun olmaması barədə arayış alınması əvvəlki mülkiyyətçinin öhdəliyi kimi təsbit edilmişdir. Əvvəlki mülkiyyətçinin bu öhdəliyi icra etməməsinin yükünü isə yeni mülkiyyətçi daşıya bilməz.

20. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının mənzilinə su təchizatının təmin edilməsi üçün zəruri olan hərəkətləri ehtiva edən hazırkı tələblər – müqavilənin bağlanması, abonent kodunun verilməsi, köhnə mülkiyyətçinin borc məbləğinin iddiaçıya veriləcək yeni abonent hesabına daxil edilməməsi tələbləri təmin edilməlidir.

21. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, təbii suyun istehlakı ilə əlaqədar İddiaçı ilə müqavilə imzalanması, yeni abunə kodu verilməsi və **********310 nömrəli abonent kodu üzrə su sərfiyyatına hesablanmış borc məbləğinin İddiaçı veriləcək abunə hesabına daxil edilməməsi vəzifəsi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin üzərinə qoyulmalıdır.

22. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Təbii suyun istehlakı ilə əlaqədar İddiaçı ilə müqavilə imzalanması, yeni abunə kodu verilməsi və **********310 nömrəli abonent kodu üzrə su sərfiyyatına hesablanmış borc məbləğinin İddiaçı veriləcək abunə hesabına daxil edilməməsi vəzifəsi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar