Məhkəmə qərarları › İş №e-2(004)-5440/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5440/2025

29.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5440/2025 29.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Oruclu Aydan Adəm qızı, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə KEH000212 saylı xx.xx.2024-ci il tarixli Xidmət müqaviləsi üzrə 120 manat borcun, 0 manat cərimə borcunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 ilə Cavabdeh arasında bağlanmış KEH000212 saylı xx.xx.2024-ci il tarixli Xidmət müqaviləsinə əsasən cavabdeh 188 manat məbləğində göstərilmiş xidmətin dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürüb. İddiaçı QSC ilə X1 arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən X1-nin Cavabdeh qarşı olan 188 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə Xidmət müqaviləsi üzrə Sifarişçiyə müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış Xidmət müqaviləsinin 1-ci maddəsinə görə icraçı sifarişçiyə qeyd olunan müqavilənin 1 saylı əlavəsində dəyəri göstərilmiş xidmətləri göstərir və sifarişçi isə həmin xidmətlərin dəyərini ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş qaydada və müddətdə ödəyir. Həmin müqavilənin 2.4.1-ci maddəsinə əsasən Sifarişçi ödəmə cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Eyni zamanda həmin müqavilənin 2.4.2-cü maddəsinə əsasən sifarişçi borcun ödənilməsini gecikdirdiyi halda, icraçının xeyrinə hər gecikdirilən gün üçün gücikən borc məbləğin 0.5 % miqdarında dəbbə pulu ödəməlidir. Belə ki,cavabdehin bugünə 120 manat əsas borcu, 0 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Qanunvericiliklə müəyyən olunmuş müddətdə müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan X1 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, KEH000212 nömrəli xidmət müqaviləsinə əsasən satıcı dəyəri 188 manat olan malı alıcı Cavabdeh nisyə satmağı, alıcı isə satılmış əşyaya görə 0 manat ilkin ödəniş edərək malı qəbul edib, müqavilənin tərkib hissəsi olan Əlavə 1-də yer alan ödəniş cədvəlinə əsasən 6 ay müddətinə hər ay 31.33 manat ödəmək şərti ilə 188 manat pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.4.2-ci bəndinə əsasən Alıcı qalan borcun ödənilməsini gecikdirdiyi halda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.5%-i həcmində cərimə (dəbbə pulu) ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən xx.xx.2024cü il tarixli KEH000212 saylı xidmət müqaviləsinin 1 saylı Əlavəsində nəzərdə tutulan mal (saç keratin) alıcı Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı QSC ilə X1 arasında bağlanmış R-1922/23 nömrəli, xx.xx.2023-cü il tarixli Faktorinq müqaviləsi (tələbin güzəşti barədə) və həmin faktorinq müqaviləsinə əlavə olunan R-19xx/xx-0027 nömrəli, xx.xx.2024-cü il tarixli Sazişə əsasən X1 Cavabdeh qarşı olan 188 manat məbləğindəki pul tələbini İddiaçı QSC-yə güzəşt etmişdir. İş materiallarında olan bildirişə əsasən Cavabdeh X1 ilə xx.xx.2024-cü il tarixli, KEH000212 nömrəli xidmət müqaviləsindən irəli gələn pul tələbinin hamısının İddiaçı QSC-yə güzəşt edilməsi barədə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2024-cü il tarixli, KEH000212 nömrəli xidmət müqaviləsi üzrə 120 manat əsas, 0 manat cərimə borcu olmaqla, cəmi 120 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişə (pretenziya) əsasən iddiaçı cavabdehə KEH000212 saylı, xx.xx.2024-cü il tarixli xidmət müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 120 manat borcunun yarandığını, bütün borc məbləğini xx.xx.2025-ci il tarixinədək ödəmədiyi təqdirdə, borcun və borcun qaytarılması ilə əlaqədar çəkiləcək xərclərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 600.1-ci maddəsinə əsasən xidmət müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu xidmət müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya xidmət müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, xidmət müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 655.1-ci maddəsinə əsasən, faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Təqdim edilmiş sənədlər əsasında müəyyən olunur ki, X1 ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli KEH000212 nömrəli xidmət müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh malı qəbul edib, 6 ay müddətinə hər ay 31.33 manat ödəmək şərti ilə malın dəyərini 188 manat pul məbləğini ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. X1 Cavabdeh qarşı tələb hüququnu İddiaçı QSC-yə güzəşt etdiyindən cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, eləcə də cavabdehin xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 120 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 120 (yüz iyirmi) manat və dövlət rüsumu və bank xidmət haqqı olaraq ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar