Məhkəmə qərarları › İş №e-2(004)-545/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-545/2025

18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-545/2025 18.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd olunanları və qanunvericiliyin tələblərini rəhbər tutaraq, müvafiq aktlar əsasında iddiaçıya əsassız olaraq hesablanmış ümumilikdə 1412.86 manat vəsaitin silinməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh-"xxxx" ASC-nin Yasamal RETS İdarəsi iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 21 və 22 saylı mənzillərinə buraxılan elektrik enerjisinin sərfiyyatını uçota alan hesablaşma elektrik sayğaclarına müdaxilələr edilməsini əsas tutaraq 23 senyabr 2024-cü il tarixli aktlar tərtib etmişdir. Həmin aktlar əsasında, kənar müdaxilələr nəticəsində elektik sayğacları axan yükü düzgün qeyd etmədikləri üçün, itirilmiş elektrik enerjisinin bərpasına görə iddiaçıya (abonent kodları: **********A0021 və **********A0022) əsassız olaraq ümumilikdə 1412.86 manat vəsait hesablanmışdır. İddiaçı bildirir ki, iddiaçıya aid olan elektrik sayğacları yaşayış binasında mərtəbələr arası pilləkən meydançasında quraşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 7.11-ci bəndinə əsasən, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Eyni qaydaların 7.6-cı bəndinə əsasən, istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerji təchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerji təchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Lakin, cavabdeh -"xxxx" ASC-nin Yasamal RETS İdarəsi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülməmiş və heç bir hüquqi əsaslar olmadan iddiaçı barəsində elektrik enerjisinin bərpasına görə əsassız olaraq 1412.86 manat vəsait hesablamış və borcun ödənilməməsi təqdirdə xx.xx.2024-cü il tarixdə elektrik enerjisinin təchizatının dayandırılması barədə iddaçıya xəbərdarlıq edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müaciət edərək, "xxxx" ASC tərəfindən 23 sentyabr 2024-cü il tarixli aktlar əsasında iddiaçıya hesablanmış ümumilikdə 1412.86 manat vəsaitin silinməsini və hüquqi yardımın göstərilməsi ilə bağlı vəkil xidməti olaraq 300 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müaciət edərək, R354821 saylı akt əsasında hesablanmış əlavə sərfiyyata görə 576.55 manat və R354820 akt əsasında hesablanmış əlavə sərfiyyata görə 864.89 manat vəsaitin silinməsini və vəkil xidmətinə görə ödənilmiş 300 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddianı tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli R354821 nömrəli akta əsasən "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonent kodu **********A0021 istehlakçı X4 Zahid Xəlilov, 35 A mənzil 21 ünvanında yerləşən obyektdə saat 09:50-də elektrik enerjisi uçotu və “X1 Qaydaları”na (EEİQ) riayət olunması yoxlanılmış və E.E.İ.Q-na əsasən tenderləşmə zamanı sayğacda şunt aşkar olunmuşdur. Axan yük tərəflərindən maşa vasitəsi ilə ölçülmüşdür. İ=0,0 A (sıfır amper). Sayğacın laboratoriya şəraitində yoxlanılması tələb olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, DY M 012/2 nömrəli elektrik sayğacının yoxlanılması haqqında protokola əsasən elektrik sayğacı xx.xx.2024-cü il tarixli 012 №-li akta əsasən növbədənkənar dövlət yoxlanılmasına qəbul edilmişdir. Sayğaca vizual baxışın nəticələrinə əsasən sayğacın qrifinin arxa hissəsindən faza xəttinə şunt vasitəsilə müdaxilə olunması, bu səbəbdən sayğacın cədvəldə göstərilən xəta faizləri ilə az sərfiyyət hesablaması müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icra vərəqinə əsasən abonent X4 məxsus Zahid Xəlilov, 35 A mənzil 21 ünvanında sayğaca baxış keçirilmiş və baxış aktı tərtib olunmuşdur. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli R354820 nömrəli akta əsasən "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonent kodu **********A0022 olan istehlakçı İddiaçı məxsus Zahid Xəlilov, 35 A mənzil 22 ünvanında yerləşən obyektdə saat 09:45-də elektrik enerjisi uçotu və “X1 Qaydaları”na (EEİQ) riayət olunması yoxlanılmış və E.E.İ.Q-na əsasən tenderləşmə zamanı sayğacda şunt aşkar olunmuşdur. Axan yük tərəflərindən maşa vasitəsi ilə ölçülmüşdür. İ=1,8 A (bir tam onda səkkiz amper). Sayğacın laboratoriya şəraitində yoxlanılması tələb olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, DY M 012/1 nömrəli elektrik sayğacının yoxlanılması haqqında protokola əsasən elektrik sayğacı xx.xx.2024-cü il tarixli 012 №-li akta əsasən növbədənkənar dövlət yoxlanılmasına qəbul edilmişdir. Sayğaca vizual baxışın nətixələrinə əsasən sayğacın qrifinin arxa hissəsindən faza xəttinə şunt vasitəsilə müdaxilə olunması, bu səbəbdən sayğacın cədvəldə göstərilən xəta faizləri ilə az sərfiyyət hesablaması müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icra vərəqinə əsasən abonent İddiaçı məxsus Zahid Xəlilov, 35 A mənzil 21 ünvanında sayğaca baxış keçirilmiş və baxış aktı tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 xüsusi mülkiyyət kimi xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 35a, mənzil 22 İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və xx.xx.1995-ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubuna əsasən "xxxx" ASC abonent kodu **********A0022 olan istehlakçıya mənzilin istifadə edilmiş elektrik enerjisinin sərfinə görə 07 oktyabr 2024-cü il tarixədək 873.07 manat məbləğində debitor borcunun olduğunu bildirmiş, vaxtında ödənilməmiş borca görə istehlakçının enerji təchizatının əlavə xəbərdarlıq edilmədən 17 oktyabr 2024-cü il tarixdən etibarən dayandırılacağı barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubuna əsasən "xxxx" ASC abonent kodu **********A0021 olan istehlakçıya mənzilin istifadə edilmiş elektrik enerjisinin sərfinə görə 07 oktyabr 2024-cü il tarixədək 539.79 manat məbləğində debitor borcunun olduğunu bildirmiş, vaxtında ödənilməmiş borca görə istehlakçının enerji təchizatının əlavə xəbərdarlıq edilmədən 17 oktyabr 2024-cü il tarixdən etibarən dayandırılacağı barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan abonentin hərəkət cədvəlinə əsasən abunə kodu **********A0022 olan İddiaçı məxsus ünvan 2 ünvanında EİQ pozulması nəticəsində 864.89 manat borc yaranmışdır. İş materiallarında olan abonentin hərəkət cədvəlinə əsasən abunə kodu **********A0021 olan X5 məxsus ünvan 3 ünvanında EİQ pozulması nəticəsində 576.55 manat borc yaranmışdır. İş materiallarında olan əsassız borcun silinməsinə dair pretenziya məktubuna əsasən İddiaçı nümayəndəsi (vəkili) Vəkil "xxxx" ASC-yə müraciət edərək "xxxx" ASC tərəfindən məişət abonenti İddiaçı barəsində elektrik enerjisinin bərpasına görə əsassız hesablanmış 1412.86 manat məbləğində vəsaitin silinməsinin 3 gün müddətində təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. 19.1-ci maddəsinə əsasən malların (xidmətlərin, işlərin) istehlakçılarının hüquqlarının və qanuni maraqlarının dövlət müdafiəsi ticarət, ictimai iaşə, məişət və digər xidmət normalarına və qaydalarına riayət olunmasına müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzarət formasında həyata keçirilir. 26-ci maddəsinə əsasən, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın: 7.6-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 7.7-ci bəndinə əsasən bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna ol-maqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 8.26-cı bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. Təqdim edilmiş sübutlarla müəyyən olunur ki, "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli R354820 nömrəli və xx.xx.2024-cü il tarixli R354821 nömrəli aktlarla İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 35a, mənzil 22 və ünvan 4 ünvanları üzrə müvafiq olaraq 864.89 manat və 576.55 manat məbləğində borc hesablanmışdır. Aktlar istehlakçı tərəfindən imzalanmamış, istehlakçı aktı imzalamaqdan imtina etmişdirsə də, bu barədə aktda müvafiq qeyd aparılmamış və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmamışdır. Göründüyü kimi, aktlar birtərəfli qaydada yalnız cavabdehin əməkdaşları imzalamaqla tərtib edilmiş və təsdiqedici video və foto şəkillər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" ASC tərəfindən aktlar tərtib olunsa da, iddiaçının mülkiyyətində olan mənzillərə aid elektrik sayğaclarında aşkar edilmiş qüsurların məhz iddiaçının hərəkətləri nəticəsində baş verməsi yoxlama zamanı müəyyən olunmamışdır. Yəni sayğaclarda qüsurun olması faktı müəyyən edilsə də, həmin qüsurun baş verməsində iddiaçının təqsirli olması ehtimal xarakter daşıyır və bu halları təsdiq edən kifayət qədər sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, mübahisəli borc "xxxx" ASC tərəfindən hesablanıldığından göstərilən halların həqiqətə uyğun olmasının sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh iddiaçıya məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 35a, mənzil 22 və ünvan 4 ünvanları üzrə 864.89 manat və 576.55 manat olmaqla, ümumi 1441.44 manat məbləğində borcun hansı səbəbdən yaranmasını əsaslandıra bilməmiş və bu barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin əgər istehlakçı həqiqətən müvafiq qanun pozuntularına yol vermişsə, nəyə görə qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülməmiş, talamanın qarşısı alınmamış, hüquq mühafizə orqanlarına məlumat verilməmiş, sadəcə birtərəfli qaydada eyni əsaslı aktların tərtib olunması ilə kifayətlənilmişdir. Odur ki, məhkəmə hesab edir ki, borcun hesablanması əsassız və qanunsuz olmuşdur. Məhkəmə iddiaçının vəkil xidmətinə görə ödənilmiş 300 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, iddia təmin edildiyindən vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda sadalanan normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli R354820 nömrəli akta əsasən abonent kodu **********A0022 olan İddiaçı adına hesablanmış 864.89 manat, xx.xx.2024-cü il tarixli R354821 nömrəli akta əsasən abonent kodu **********A0021 olan X3 adına hesablanmış 576.55 məbləğində borc silinməli, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün 30 manat məbləğində ödənilməli olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli R354820 nömrəli akta əsasən abonent kodu **********A0022 olan İddiaçı adına hesablanmış 864.89 (səkkiz yüz altmış dörd manat səksən doqquz qəpik) manat və xx.xx.2024-cü il tarixli R354821 nömrəli akta əsasən abonent kodu **********A0021 olan X3 adına hesablanmış 576.55 (beş yüz yetmiş altı manat əlli beş qəpik) məbləğində borc silinsin. Vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat məbləğində pul cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 34.42 (otuz dörd manat qırx iki qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar