Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-5482/2022 10.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azsığorta” ASC-dən Mingəçevir şəhəri, Məhəmməd ünvan 1 ünvanında yerləşən 122.55 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinə yanğın nəticəsində dəymiş zərər olaraq 29275 (iyirmi doqquz min iki yüz yetmiş beş) manat sığorta məbləğinin və 180 (bir yüz səksən) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon məhkəməsinə müraciət etməkdə haqlı olmamışdır. Belə ki, iddia ərizəsi ilə müəyyən edilir ki, tərəflər arasında olan mübahisə aralarında bağlanmış (qeyri-yaşayış sahəsi ilə bağlı) sığorta müqaviləsi üzrə baş vermiş sığorta hadisəsinə görə sığorta ödənişinin verilməsindən imtina ilə bağlı yaranmış mübahisədir. İş materiallarına əlavə edilmiş vergi ödəyicilərinin məlumatlarından görünür ki, İddiaçı (VÖEN **********) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğuldur. İş üzrə iddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan, eləcə də, cavabdeh hüququ şəxs olduğudan və iddia tələbi üzrə əldə olunacaq məbləğin gələcəkdə iddiaçının öz sahibkarlıq fəaliyyəti ilə bağlı sərf edilməsi ehtimalı da, vardır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 34-cü maddəsinə əsasən məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəyə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikasının MPM-nin 153.5-ci maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 153, 263-264, 268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sərdlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-5482/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-5482/2022
10.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver