Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5526/2024 26.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş (açar sözlər:sığorta) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xəlil Ülkər Abdurahman qızı, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 822,40 (səkkiz yüz iyirmi iki manat 40 qəpik) manat məbləğində sığorta ödənişi, 30 (otuz) manat dövlət rüsumu və 0.4 (qırx) manat xidmət haqqının, cəmi 852,80 (səkkiz yüz əlli iki manat 80 qəpik) manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə sığortalı “X3 Exports B.V” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında bağlanmış xx.xx.2024-cü il tarixli MİC2400035_7 nömrəli sığorta müqaviləsinə əsasən Cəmiyyət tərəfindən sığortalanmış “Volkswagen Polo” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığorta müddətində xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Yasamal rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan “Kia Optima” markalı ** NF *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə toqquşaraq zədələnmişdir. Sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində “Volkswagen Polo” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 822,40 (səkkiz yüz iyirmi iki manat 40 qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş TP ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində “Kia Optima” markalı ** NF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli iş kartında, yol-nəqliyyat hadisəsi nəticəsində “Volkswagen Polo” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 1072,40 (bir min yetmiş iki manat 40 qəpik) müəyyən edilmiş, 250 (iki yüz əlli) manat şərtsiz azadolma çıxılaraq, zərər məbləği 822,40 (səkkiz yüz iyirmi iki manat 40 qəpik) manat müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 769/24 nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Volkswagen Polo” markalı ** PN *** dövlət nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı ödənilməli olan 822,40 (səkkiz yüz iyirmi iki manat 40 qəpik) manat məbləğində pulun Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir.
II. Məhkəmə baxışının hədləri:
3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 09:30-da Zərdabi ara məhlə ərazisində “Kia Optima minik” markalı, **-NF-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir.
5. xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Teymurov X2 Xətalar Məcəlləsinin 327.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.
6. İddiaçı tərəfindən tərtib olunmuş A-AS-263/24 saylı sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən sığortalanmış “Volkswagen Polo” markalı ** PN *** dövlət nömrə nişanlı avtomobil 30 may 2024-cü il tarixdə “Kia Optima” markalı ** NF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sığortalı tərəfindən 250.00 AZN azadolma məbləği "xxxx" ASC-nin hesabına köçürülür və bu səbəbdən avtomobilin təmiri üçün ayrılmış 1072.40 AZN "xxxx" QSC-yə tam ödənilir.
7. Sığorta hadisəsi hesab edilən halın təfərruatları barədə arayışın surətinə əsasən xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində “Kia Optima” minik markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh təqsirli olduğu müəyyən edilmişdir.
8. "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli, AA24-009154 saylı iş kartına əsasən “Volkswagen Polo” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 1072.40 manat müəyyən edilmişdir.
9. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MİC2400035 saylı X1 Sığortası Şəhadətnaməsinə əsasən avtomobillər avtonəqliyyat hadisəsi,atılmış və ya düşmüş əşya,üçüncü şəxslərin qanunazidd hərəkəti,oğurluq,quldurluq,qaçırma və soyğunçuluq,yanğın və partlayış,təbii fəlakət-sel,daşqın,zəlzələ,fırtına,qasırğa,tufan,dolu və digər təbii hadisələr,heyvanların hərəkəti kimi sığorta risklərindən sığorta olunmuşdur.
10. MİC2400035 saylı Qrup Sığorta Şəhadətnaməsinə 1 saylı Qoşmaya əsasən “Volkswagen Polo” markalı ** PN *** dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığorta olunmuşdur.
11. MİC2400035 saylı Qrup Sığorta Şəhadətnaməsinə 2 saylı Qoşmaya əsasən “Volkswagen Polo” markalı ** PN *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək 500 manat şərtsiz azadolma məbləği daxil olmaqla 25.000 manat dəyərində sığorta olunmuşdur.
12. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən həyata keçirilən 822.40 AZN sığorta ödənişinin 7 gün ərzində iddiaçıya qaytarılması tələb edilmiş, əks təqdirdə 7 gün müddətində məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
13. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
15. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 894.1-ci maddəsinə əsasən qrup halında sığorta zamanı bir sığorta müqaviləsi ilə bir neçə sığorta predmeti sığortalanır. - 894.2-ci maddəsinə əsasən qrup halında sığorta həm şəxsi, həm də əmlak sığortası üzrə aparıla bilər. - 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
17. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Hazırki mülki iş üzrə qeyd olunan hər 3 (üç) dispozitiv şərt yerinə yetirilir.
18. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, “X3 Exports B.V” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi mülkiyyətində olan “Volkswagen Polo” minik markalı, ** PN *** dövlət nömrə nişanlı avtomobili xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalamışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 09:30-da Zərdabi ara məhlə küçəsi ərazisində “Kia Optima” minik markalı, **-NF-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən “Volkswagen Polo” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə) Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir.
19. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin yol-nəqliyyat hadisənin törədilməsində təqsiri müəyyən edildiyindən baş vermiş sığorta hadisəsi nəticəsində sığortaçı "xxxx" ASC–nin subroqasiya qaydasında ödədiyi 822.40 manat məbləğində pulu cavabdehdən tələb etmək hüququ yaranmışdır. Odur ki, iddia tələbi təmin edilərək, cavabdehdən 822.40 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
IV. Nəticə:
1. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 822.40 manat məbləğində vurulmuş zərər və 30.40 manat dövlət rüsumu, cəmi 852,8 manat (səkkiz yüz əlli iki manat 08 qəpik) məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Xəlil