Məhkəmə qərarları › İş №e-2(004)-5533/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5533/2023

29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5533/2023 29.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-X2, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********03941 İPHONE 12 markalı telefon üçün 400 manat ödənilməmiş hissə, 40 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, APPLE AİRPODS PRO QULAQLİQ üçün 158,06 manat ödənilməmiş hissə, 15,94 manat cərimə olmaqla, ümumilikdə 614 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********03941 İPHONE 12 MARKALİ TELEFON və APPLE AİRPODS PRO QULAQLİQ almış və nəticədə 614 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2775,5 manat (18 ay x 125 manat + 525,5 manat ilkin ödəniş) İMEİ KOD **********03941 İPHONE 12 MARKALİ TELEFON üçün ümumilikdə, 440 manat olmaqla ondan 400 manat ödənilməmiş hissə, güzəşt olunaraq 40 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 670,6 manat (18 ay x 31,7 manat + 100 manat ilkin ödəniş) APPLE AİRPODS PRO QULAQLİQ üçün ümumilikdə, 174 manat olmaqla ondan, 158,06 manat ödənilməmiş hissə, güzəşt olunaraq 15,94 manat miqdarında cərimə borcu yaranmışdır. Cavabdehin ödədiyi məbləğ 2888,04 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2021ci il və xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz təkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh Azərpoçt vasitəsi ilə bildiriş göndərilsə də, həmin bildiriş “ünvan tam deyil” qeydi ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2021-ci il tarixli, 23081159 nömrəli müqavilədən və müqavilənin tərkib hissəsi olan Əlavədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında ümumilikdə dəyəri 2775,5 manat təşkil edən İMEİ KOD **********03941 İPHONE 12 MARKALİ TELEFON-nin alqısatqısına dair müqavilə bağlamışdırlar. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən 23081159 nömrəli alqı-satqı müqaviləsi üzrə İMEİ KOD **********03941 İPHONE 12 MARKALİ TELEFON tam qüsursuz halda alıcıya təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli, 23107216 nömrəli müqavilədən və müqavilənin tərkib hissəsi olan Əlavədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında ümumilikdə dəyəri 670,6 manat təşkil edən APPLE AİRPODS PRO QULAQLİQ-in alqı-satqısına dair müqavilə bağlamışdırlar. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən 23107216 nömrəli alqı-satqı müqaviləsi üzrə APPLE AİRPODS PRO QULAQLİQ tam qüsursuz halda alıcıya təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. 11 oktyabr 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş məbləğ 400 manat, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş məbləğ 158,06 manat təşkil edir. Cavabdehin ödənişləri gecikdirməsi ilə müqavilə şərtlərini pozduğuna görə hər iki müqavilə üzrə ödəniş cədvəlinin 2-ci bəndinə uyğun olaraq 1-ci müqavilə üzrə 112,5 manat (1,25 manat x 90 gün), 2-ci müqavilə üzrə 46,5 manat (0,31 manat x 150 gün) cərimə hesablanmalı olmasına baxmayaraq, cavabdehə güzəşt edilərək 1-ci müqavilə üçün 40 manat, 2-ci müqavilə üçün 15,94 manat cərimə hesablanmışdır. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqısatqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyaların ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə hesablanmış 40 manat cərimənin və xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə hesablanmış 15,94 manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, müqavilələr üzrə hesablanmış cərimənin məbləğinin azaldılaraq 1-ci müqavilə üzrə 20 manat və 2-ci müqavilə üzrə 5 manat cərimə məbləğinin müəyyən edilməsini, ədalətli və məqsədə müvafiq sayır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 400 (dörd yüz) manat əsas borc, 20 (iyirmi) manat cərimə və xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 158,06 (yüz əlli səkkiz manat altı qəpik) manat əsas borc, 5 (beş) manat cərimə borcu olmaqla, cəmi üzrə 583,06 manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 400 (dörd yüz) manat əsas borc, 20 (iyirmi) manat cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 158,06 (yüz əlli səkkiz manat altı qəpik) manat əsas borc, 5 (beş) manat cərimə olmaqla, ümumilikdə 583,06 (beş yüz səksən üç manat altı qəpik) manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar