Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5564/2025 14.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mənzilin təhvil verilməsi və yaşayış sahəsinə istifadə və sahiblik hüququnun tanınması tələbinə dair iş üzrə (açar sözlər: mənzilin təhvil verilməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mənzilin təhvil verilməsi və yaşayış sahəsinə istifadə və sahiblik hüququnun tanınması tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, Ş_242002 nömrəli müqaviləyə əsasən "xxxx" MMC inşa ediləcək Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində inşa edilən yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 81.9 kv.m olan 2 otaqdan ibarət 242 nömrəli mənzili pay kimi İddiaçı təhvil verilməyi, sonuncu isə müqavilədə göstərilmiş məbləği vaxtında və tamamilə ödəməyi öz öhdəsinə götürmüşdür.
2. Müqavilənin 2-ci bəndinə əsasən, tikintinin xarici tərtibatı və arakəsmələr, mənzilə elektrik enerjisi, qaz, su və kanalizasiya ana xətlərinin çəkilməsi, pəncərələrin qoyulması və şüşələnməsi icraçının öhdəliyinə daxildir.
3. Müqavilənin 4-cü bəndinə əsasənmüqavilə üzrə mnzilin dəyəri bir kv.m sahəsi üçün 1038 manat təyin edilir. Cəmi 81.9 kv.m sahəsi üçün 85000 manat təşkil edir. Müqavilənin 4.2-ci bəndinə əsasən müqavilə qiymətindən 100% miqdarında, yəni 85000 manat məbləğ ödənilmişdir.
4. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində inşa edilən yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 81.9 kv.m olan 2 otaqdan ibarət 242 nömrəli mənzilin dəyəri İddiaçı tərəfindən ödənilmiş və heç bir borcu yoxdur.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, № Ş_242002 nömrəli müqavilə əsasında cavabdeh tərəfindən Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 13 mərtəbəsində yerləşən, ümumi sahəsi 81,9 kv.m olan, 2 otaqdan ibarət 242 nömrəli mənzilin müqavilədə göstərilən şərtlərlə ona təhvil verilməsi, cavabdeh tərəfindən Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 3-cü blok, 13 mərtəbəsində yerləşən, ümumi sahəsi 81,9 kv.m olan, 2 otaqdan ibarət 242 nömrəli mənzil üzərində istifadə və sahiblik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddianın əsaslarına görə, cavabdehlə bağlanmış xx.xx.2021-ci il tarixli, Ş_242002 nömrəli müqavilə əsasında cavabdeh tərəfindən Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 81,9 kv.m olan, 2 otaqdan ibarət 242 nömrəli mənzilin dəyəri, hər kvadratmetr üçün 1038 manat olmaqla, ümumilikdə 85.000 manat bir dəfəyə ödənilərək, mənzil üzərində pay hüququ əldə etmişdir. Mənzilin dəyəri tam ödənildiyi üçün xx.xx.2021ci il tarixli maliyyə arayışı verilmişdir. Müqavilə bağlandıqdan sonra qeyd edilən mənzil ona təqdim olunmuş, mənzilin giriş qapısına dəmir qapı qoyularaq mənzilin qapısı kilidlənmişdir. Binada gedən təmir işləri ilə əlaqədar mənzilin giriş qapısının açarının bir nüsxəsi binanın komendantına verilmişdir. Ş_242002 nömrəli Müqavilənin 8.2-ci maddəsinə əsasən təhvil-təslim aktı hər iki tərəfin imzası ilə təsdiqlənmiş akt əsasında qanuniləşdirilir. Artıq binada inşa işləri demək olar ki, yekunlaşdığından, mənzilin müqavilədə nəzərdə tutulmuş qaydada təhvil verilməsi və mənzildə təmir-tikinti işlərini həyata keçirərək mənzili təmir etmək üçün cavabdehə müraciət etdi. Lakin cavabdeh hərhansı bir səbəb olmadan mənzilin müaqvilədə nəzərdə tutulmuş şərtlərlə ona təhvil verməsini dolayısı ilə yubadaraq, mənzildə təmir işlərinin aparılmasına maneəçilik yaradır. Mənzilin təmir işlərinin gecikdirilməsi, mənzil şəraitinin yaxşılaşdırılmasına, layiqli həyat şəraitimin təmin olunmasına maneə yaradır. Bu səbəbdən cavabdehin hərəkətlərinə son qoyulması, ona məxsus, hazırda istifadə və sahibliyində olan mənzildə təmir işlərinin aparılması üçün yaranmış maneələrin aradan qaldırılması və mənzilin müqavilədə nəzərdə tutulmuş şərtlərlə ona təhvil verilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. Mülkiyyətində hər-hansı bir daşınmaz əmlak yoxdur. Ailəsi ilə birlikdə sənədsiz evdə kirayənişin yaşayır.
b) iddiaya qarşı etiraz
7. İddiaya qarşı etiraz məhkəməyə daxil olmamışdır.
c) məhkəmə icraat iştiakçılarının izahatları
8. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi.
9. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır; Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 770-1.4. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payların alqı-satqı müqavilələrinə bu Məcəllənin daşınmaz əşyaların alqı-satqısı haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
11. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 37.1. Çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
Məhkəmə baxışının hədləri
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
14. İşin faktiki halları ilə müəyyən olunur ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli, müqavilə imzalanmışdır. Müqaviləyə əsasən iddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində inşa edilən yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 81.9 kv.m olan 2 otaqdan ibarət 242 nömrəli mənzilin tam şəkildə dəyərini ödəməyi, cavabdeh isə həmin mənzili tikərək iddiaçıya təhvil verilməsini öhdəlik olaraq üzərinə götürmüşdür.
15. Müqavilə üzrə iddiaçı öz öhdəliyini icra etmiş, mənzilin dəyərini tam ödəmişdir. İş materiallarında olan müqavilənin özü və cavabdeh tərəfindən verilmiş maliyyə arayışı bunu təsdiq edir.
16. Cavabdeh tərəfindən öhdəliyin icra edilməsi isə işin halları ilə öz təsdiqini tapmır. Ümumiyyətlə, cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz daxil olmamışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi ərizədə 13-cü mərtəbədə iddiaçının iddia ərizəsində göstərdiyi mənzilin olmadığını bildirib, araşdırma aparılması üçün vaxt verilməsini xahiş etmiş, məhkəmə iclası vəsatətə uyğun təxirə salınsa da hər hansı məlumat, təkzibedici sübut və s. təqdim edilməmişdir.
17. Bina, dolayısı ilə iddiaçıya təhvil verilməli olan mənzilin hazır olmaması, müqavilədə göstərilmiş mərtəbədə, müqavilədə göstərilmiş nömrəli mənzilin hazırda olmaması da, faktların doğruluğu qəbul edilsə belə iddianın təmin edilməsinin qarşısını almır.
18. Mülki Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.
19. Müqavildə öhdəliyin icra müddəti göstərilməsə də, bu xarakterli müqavilələr üzrə öhdəliyin ağlabatan icra müddəti keçmişdir.
20. Mülki Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
21. Odur ki, iddiaçı mənzilin müqavilədə göstərilmiş şərtlərlə birlikdə təhvil verilməsi ilə bağlı öhdəliyin icrasını tələb etməkdə haqlıdır. İddia tələbi bu hissədə təmin edilməlidir.
22. Mənzil üzrə sahiblik və istifadə hüququnun tanınması barədə tələblərin isə təmin edilməsinə zərurət yoxdur. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Hazırkı halda iddiaçı mənzilin əldə edilməsi ilə bağlı müqavilə bağlayıb, pay haqqını tam ödədikdən sonra mənzil üzrə sahiblik və istifadə hüququ əldə etmişdir. Mənzilin faktiki olaraq təhvil verilməsi ilə isə bu hüquqların realizəsi təmin ediləcək ki, bu iddiaçının hüquqlarının tam formada təmin olunması deməkdir.
23. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" MMC tərəfindən inşası layihələndirilmiş Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində inşa edilən yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 81.9 kv.m olan 2 otaqdan ibarət 242 nömrəli mənzil müqavilə şərtinə uyğun İddiaçı təhvil verilməldir.
24. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində inşa edilən yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 81.9 kv.m olan 2 otaqdan ibarət 242 nömrəli mənzil tərəflər arasında bağlanmış 26 iyul 2021-ci il tarixli, Ş_242002 nömrəli müqavilədə göstərilən şərtlərlə İddiaçı təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə