Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5660/2025 31.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 595,04 (beş yüz doxsan beş manat dörd qəpik) manat ödənilməmiş hissə, 59,50 (əlli doqquz manat əlli qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqavilə üzrə 457,96 (dörd yüz əlli yeddi manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 45,80 (qırx beş manat səksən qəpik) manat cərimə olmaqla, ümumilikdə 1158,30 (min yüz əlli səkkiz manat otuz qəpik) manat borc, 31,59 (otuz bir manat əlli doqquz qəpik) ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən BİRYUSA markalı soyuducu, BEKO markalı paltaryuyan, BİRYUSA markalı soyuducu almış və nəticədə 1158,30 (min yüz əlli səkkiz manat otuz qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1259,04 (min iki yüz əlli doqquz manat dörd qəpik) manat (12 ay x 104,92 manat + 0 manat ilkin ödəniş) olan BİRYUSA markalı soyuducu və BEKO markalı paltaryuyan üçün ümumilikdə, 654,54 (altı yüz əlli dörd manat əlli dörd qəpik) manat olmaqla ondan, 595,04 (beş yüz doxsan beş manat dörd qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 59,50 (əlli doqquz manat əlli qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 567,96 (beş yüz altmış yeddi manat doxsan altı qəpik) manat (12 ay x 47,33 manat + 0 manat ilkin ödəniş) olan BİRYUSA markalı soyuducu üçün ümumilikdə, 503,76 (beş yüz üç manat yetmiş altı qəpik) manat olmaqla ondan, 457,96 (dörd yüz əlli yeddi manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, güzəşt olaraq 45,80 (qırx beş manat səksən qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən BİRYUSA markalı soyuducudan xx.xx.2024-ci il tarixində imtina etmiş və məhsul 534 manat qiymətləndirilərək, borcundan silinmişdir. Cavabdehin xx.xx.2024-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 130 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 534 manat, ümumilikdə, 664 manat təşkil edir. Cavabdehin digər müqavilə üzrə cəmi ödədiyi məbləğ 110 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə ərizə yə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 845368 saylı müqavilədən və əlavədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında ümumilikdə dəyəri 1259,04 (min iki yüz əlli doqquz manat dörd qəpik) manat təşkil edən BİRYUSA markalı soyuducu, BEKO markalı paltaryuyan adlı malların alqı-satqısına dair müqavilə bağlanılmışdır. xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktına əsasən, 845368 nömrəli müqavilə üzrə BİRYUSA markalı soyuducu, BEKO markalı paltaryuyan tam qüsursuz halda Cavabdeh təhvil verilmiş, o isə aktı imza etməklə malları qəbul etmişdir. xx.xx.2024-cü il tarixli, 845368 saylı müqavilədən və əlavədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında ümumilikdə dəyəri 489,99 (dörd yüz səksən doqquz manat doxsan doqquz qəpik) manat təşkil edən BİRYUSA markalı soyuducunun alğı-satqısına dair müqavilə bağlanılmışdır. xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktına əsasən, 845368 nömrəli müqavilə üzrə BİRYUSA markalı soyuducu tam qüsursuz halda Cavabdeh təhvil verilmiş, o isə aktı imza etməklə malları qəbul etmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, X1 xx.xx.2024-cü il tarixli, 845368 saylı müqavilə üzrə ödənilməmiş borcu 595,04 (beş yüz doxsan beş manat dörd qəpik) manat, xx.xx.2024-cü il tarixli, 845368 saylı 2-ci müqavilə üzrə ödənilməmiş borcu 457,96 (dörd yüz əlli yeddi manat doxsan altı qəpik) manat təşkil edir. Cavabdehə ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə hər iki müqavilənin ödəniş cədvəlinin 2-ci bəndinə uyğun olaraq 1-ci müqavilə üzrə müştəriyə güzəşt olaraq 1-ci müqavilə üçün 59,50 (əlli doqquz manat əlli qəpik) manat, 2-ci müqavilə üçün 45,80 (qırx beş manat səksən qəpik) manat cərimə hesablanmışdır. xx.xx.2025-ci il tarixli, ********** nömrəli “Hökümət ödəniş portalı” və ya “AsanPay” vasitəsilə ödənilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 31,59 (otuz bir manat əlli doqquz qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Yuxarıda qeyd edilən malların alqı-satqısına dair müqaviləyə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malların qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malları alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malların dəyərini ödəmək üzrə vəzifəsini icra etməmiş və xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, tərəf olduğu müqavilə üzrə cavabdehin 1-cü müqavilə üzrə 595,04 (beş yüz doxsan beş manat dörd qəpik) manat əsas borc, 59,50 (əlli doqquz manat əlli qəpik) manat cərimə borcu, 2-ci müqavilə üzrə 457,96 (dörd yüz əlli yeddi manat doxsan altı qəpik) manat əsas borc, 45,80 (qırx beş manat səksən qəpik) cərimə borcu olmaqla, ümumilikdə 1158,30 (min yüz əlli səkkiz manat otuz qəpik) manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 59,50 (əlli doqquz manat əlli qəpik) manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və 25 (iyirmi beş) manat məbləğində, xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 45,80 (qırx beş manat səksən qəpik) manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və 25 (iyirmi beş) manat məbləğində müəyyən edilməsini, ədalətli və məqsədə müvafiq sayır. Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 31,59 (otuz bir manat əlli doqquz qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü tarixli müqavilə üzrə 595,04 (beş yüz doxsan beş manat dörd qəpik) manat əsas borc, 25 (iyirmi beş) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 457,96 (dörd yüz əlli yeddi manat doxsan altı qəpik) manat əsas borc, 25 (iyirmi beş) manat cərimə borcu olmaqla, hər iki müqavilə üzrə cəmi 1103 (bir min yüz üç) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31,59 (otuz bir manat əlli doqquz qəpik) manat pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü tarixli müqavilə üzrə 595,04 (beş yüz doxsan beş manat dörd qəpik) manat əsas borc, 25 (iyirmi beş) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 457,96 (dörd yüz əlli yeddi manat doxsan altı qəpik) manat əsas borc, 25 (iyirmi beş) manat cərimə borcu olmaqla, hər iki müqavilə üzrə cəmi 1103 (bir min yüz üç) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31,59 (otuz bir manat əlli doqquz qəpik) manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-5660/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5660/2025
31.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver