Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5699/2025 06.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab olunması və əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 dekabr 2019-cu il tarixdə X3 Yasamal QİS tərəfindən yazılmış ******* nömrəli aktın etibarsız hesab olunması və qanunsuz hesablanmış 216 manat əlavə sərfiyyatın (borcun) silinməsi barədə müvafiq qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi PR. Giriş 190B, M9, m1 küçəsində evi var və orada ailəsi ilə yaşayır. Həmin ev xx.xx.2025-ci il tarixində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən adına qeydiyyata alınmışdır. Bundan əlavə qeyd olunan əmlakın keçmiş mülkiyyətçisi X1muşdur. Belə ki, 19 sentyabr 2025-ci il tarixdə qaz kartına ödəniş edərək sayğaca əlavə etmişdir. Qaz sayğacının işlədiyini, lakin yüklənmiş vəsaitin az olduğunu müşahidə etmişdir. Dərhal 104 qaz qəza xidmətinə zəng edərək bu barədə məlumat vermiş və onlar isə 2019-cu il tarixli akta əsasən 216 manat qaz borcu olduğunu bildirmişlər. Bundan əlavə, hal-hazırda mülkiyyətində olan mənzilin keçmiş sahibi X4 xalası X5 əridir. Həmin mənzildə qaz paylayıcı ilə müqavilə X6 ilə bağlanmışdır. Sayğac işlək vəziyyətdə olmasına baxmayaraq, yenisi ilə əvəz ediləcəyini bildirilərək, yeni sayğac yerləşdirmişlər. Qeyd olunan akta əsasən yazılmış cərimədən onların belə məlumatı olmamışdır. Bu müddət ərzində ödənişlər edilmiş, lakin cərimə ilə əlaqədar heç bir məbləğ azalmasını müşaidə etməmişlər. Hesab edir ki, sivil, demokratik cəmiyyətdə bu cür qanunsuz əməllərin qarşısı tezliklə alınacaq və ədalət öz yerini tapacaqdır. Cavabdeh iddiaya etirazını məhkəməyə təqdim edərək, iddiaçının hazırki iddia tələbi üzrə iddia vermək kimi subyektiv hüququ mövcud olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı X2 Cavabdeh İB-yə qarşı “aktın etibarsız hesab edilməsi və hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə məhkəmənin nəzərinə çatdırılır: 1. xx.xx.2019-cu il tarixdə Cavabdeh İB ilə X6 arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazən alqı-satqısı barədə” AKY- 01531xx/xx-2019 saylı müqavilə bağlanmışdır. Müqavilə əsasında abonentin mənzili təbii qazla təmin edilmişdir. 2. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2019- cu il tarixli, ******* saylı akta əsasən sayğaca müdaxilə faktının aşkar edilməsi əsası ilə 216.00 manat borc məbləği müəyyən edilərək abonentin saldosuna daxil edilmişdir. 3. Daha sonra 2021-ci ilin mart ayından sonra elektron sayğaca kart vasitəsi ilə ödənişlər daxil edilərkən borc məbləğinə görə tutmalar hayata keçirilmişdir. Cəmi tutma məbləğ hazırda 39.10 manat təşkil edir. Həmin məbləğin 25 manat hissəsi 2025-ci ilin sentyabr ayında həyata keçirilmişdir. (İddiaçının mülkiyyətə dair çıxarış sənədinin almış olduğu tarixdə). 4. Hazırki tarixədək iddiaçı ilə cavabdeh arasında hər hansı bir bağlılıq və öhdəlik müəyyən edən sənəd mövcud deyildir, cavabdehin iddia tələbində qeyd etdiyi ünvan üzrə tərəf olaraq X6 tanınır. 5. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş mövqeyə görə “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır”. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cü il tarixli ******* nömrəli akta əsasən əsassız hesablanmış 216 manat borcun silinməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsininin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan Cavabdeh İB ilə X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AKX-01531xx/xx-2019 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləyə əsasən paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, xx.xx.2019-cu il tarixli Akta əsasən, Hüseynova Qəmərə məxsus Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında quraşdırılmış sayğaca baxış keçirilən zaman abonent sayğacının klapanın açılmadığı, sınaq qurğusunda yoxlanması mümkün olmadığı aşkar olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-in qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2019-cu il tarixli, ******* nömrəli akta əsasən istehlakçı Hüseynova Qəmərə məxsus Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında sayğac əvəzlənmişdir. İş materiallarında olan Cavabdeh İB-in itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, G-4 markalı 1602AZ**********64 nömrəli sayğacın klapanının açılmadığı, Alarm-1 rejimi aşkar olunmuşdur, qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 6 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi tələb olunmuşdur. (4 * 6 * 90 = 2160 m3) İş materiallarında olan **********20650 nömrəli X5 adına verilmiş abonentin saldosuna əsasən, Bakı şəhəri, Yasamal rayonu, ünvan 2 ünvanı üzrə 2020-ci ilə 216 manat məbləğində borc yaranmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, giriş 190B, M9, m1 ünvanında yerləşən mənzil tam hissədə xx.xx.2025-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. 19.1-ci maddəsinə əsasən, malların (xidmətlərin, işlərin) istehlakçılarının hüquqlarının və qanuni maraqlarının dövlət müdafiəsi ticarət, ictimai iaşə, məişət və digər xidmət normalarına və qaydalarına riayət olunmasına müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzarət formasında həyata keçirilir. 26-ci maddəsinə əsasən, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli Qərarının: 1.2-ci maddəsinə əsasən, qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehdir. 1.3-cü maddəsinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqısatqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. 1.4-cü maddəsinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 4.2-ci maddəsinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar 4.9-cu maddəsinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.5-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-4-cü maddəsinə əsasən, qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh İB tərəfindən tərtib edilmiş ******* nömrəli, xx.xx.2019-cu il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akta əsasən Bakı şəhəri, Yasamal rayonu, ünvan 2 ünvanına quraşdırılmış sayğaca baxış keçirilən zaman abonent sayğacının klapanın açılmadığı, sınaq qurğusunda yoxlanması mümkün olmadığı aşkar olunmuş, nəticədə qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 6 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi tələb olunmuş (4 * 6 * 90 = 2160 m3) və həmin ünvan üzrə abonent kodu **********20650 olan istehlakçı X5 adına 216 manat məbləğində borc hesablanmışdır. İş materiallarına əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, ünvan 2 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, giriş 190B, M9, m1) ünvanında yerləşən mənzil tam hissədə xx.xx.2025-ci il tarixində İddiaçı adına qeydiyyata alınmışdır. Hazırda İddiaçı həmin ünvan üzrə Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2019-cü il tarixli ******* nömrəli akta əsasən əsassız hesablanmış 216 manat borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, mənzilə aid sayğacdakı qüsura görə istehlakçının məsuliyyət daşıması qanunla müəyyən olunmur. Qanunun tələbinə görə qaz sayğacını işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və belə olan halda istehlakçı sayğacın laboratoriya şəraitində yoxlanılması ilə bağlı aşkar edimiş qüsura görə təqsirli hesab oluna bilməz. Digər tərəfdən aşkar edilmiş qüsurun məhz istahlakçının hərəkətləri nəticəsində baş verməsi də yoxlama zamanı müəyyən olunmamışdır. Yəni sayğacda qüsurun olması faktı müəyyən edilsə də, həmin qüsurun baş verməsində istehlakçının təqsirli olması ehtimal xarakter daşıyır və bu halları təsdiq edən kifayət qədər sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Digər tərəfdən keçmiş istehlakçı (X6) ilə Cavabdeh İB arasında bağlanmış ”Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” xx.xx.2019-cu il tarixli müqavilənin 4-cü bəndində istismar olunan qaz qurğuları olaraq 4 gözlü qaz plitələri (PQ-4) göstərilsə də, Cavabdeh İB tərəfindən tərtib edilmiş ******* nömrəli, xx.xx.2019-cu il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktda PQ3 və Kombi qeyd edilmişdir. Həmçinin sözügedən akt istehlakçı tərəfindən imzalanmamış, istehlakçı aktı imzalamaqdan imtina etmişdir və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmamışdır. Göründüyü kimi, akt birtərəfli qaydada yalnız cavabdehin əməkdaşları tərəfindən imzalanmaqla tərtib edilmiş və təsdiqedici video və foto şəkillər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli borc Cavabdeh İB tərəfindən hesablanıldığından göstərilən halların həqiqətə uyğun olmasının sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh hazırda iddiaçıya məxsus olan Bakı şəhəri, Yasamal rayonu, ünvan 2 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, giriş 190B, M9, m1) ünvanı üzrə 216 manat məbləğində borcun hansı səbəbdən yaranmasını əsaslandıra bilməmiş və bu barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin əgər istehlakçı həqiqətən müvafiq qanun pozuntularına yol vermişdisə, nəyə görə qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülməmiş, talamanın qarşısı alınmamış, hüquq mühafizə orqanlarına məlumat verilməmiş, sadəcə birtərəfli qaydada akt tərtib olunması ilə kifayətlənilmişdir. Odur ki, məhkəmə hesab edir ki, borcun hesablanması əsassız və qanunsuz olmuşdur. Cavabdeh iddiaya etiraz edərək, iddiaçının hazırki iddia tələbi üzrə iddia vermək kimi subyektiv hüququnun olmamasına münasibətdə məhkəmə qeyd edir ki, göründüyü kimi, aktın tərtib edildiyi ünvanın mülkiyyətçisi hazırda İddiaçıdir. Belə olan halda məhkəmə sözügedən aktın iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin ünvanı üzrə yazıldığını nəzərə alaraq hesab edir ki, iddiaçının həmin aktı mübahisələndirməyə subyektiv hüququ vardır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, ünvan 2 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, giriş 190B, M9, m1) ünvanına dair (abonent kodu **********20650 olan) tərtib edilmiş ******* nömrəli, xx.xx.2019-cu il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akta əsasən hesablanmış 216 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün 30 manat məbləğində ödənilməli olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, ünvan 2 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, giriş 190B, M9, m1) ünvanına dair (abonent kodu **********20650 olan) tərtib edilmiş ******* nömrəli, xx.xx.2019-cu il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akta əsasən hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinsin. Cavabdehndən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-5699/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5699/2025
06.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver