Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-587/2024 15.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı "pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı "pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan iddiaçının xeyrinə 43.796 manat, icranın gecikdirilməsinə görə illik 5% faiz dərəcəsi 34801,80 manat və vurulmuş 2.000 manat mənəvi ziyanın, cəmi 80.597,80 manat pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətanmə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o 17 yanvar 2008-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında tikilən hündür mərtəbəli binanın 2-ci blokunun 13-cü mərtəbəsində ümumi sahəsi 94,6 kvm olan iki otaqlı 216 saylı mənzilə dair müqavilə bağlamaqla həmin mənzili almışdır. Müqavilənin qiyməti 49.854 (qırx doqquz min səkkiz yüz əlli dörd) manat müəyyən edilmişdir, həmin məbləğ hissə-hissə ödənilmişdir. Müqavilə bağlanan günü, yəni 17 yanvar 2008-ci ildə 21.200 (iyirmi bir min iki yüz) manat ödənilmişdir. Sonradan 19 fevral 2008-ci ildə 4000 manat, 15 mart 2008-ci ildə 830 manat, 04 aprel 2008-ci ildə 830 manat, 07 iyun 2008-ci ildə 1636 manat, 28 iyul 2008-ci ildə 1600 manat, 09 sentyabr 2008-ci ildə 3000 manat, 10 noyabr 2008-ci ildə 5000 manat, 15 dekabr 2008-ci ildə 1000 manat, 22 yanvar 2009-cu ildə 2000 manat, 03 aprel 2009-cu ildə 2700 manat və son məbləg 6058 manat oğlu Qafar tərəfindən ödənilmişdir. Lakin axırıncı məbləğ 6058 manat ödənilməsi barədə qəbz alınmamışdır və bu səbəbdən də maliyyə arayışını o ala bilməmiş, baxmayaraq ki, oğlu dəfələrlə MTK-ə müraciət etmişdir, hər dəfə bir bəhanə ilə vaxtı uzatmışlar. Hal-hazırda ona məlum olmuşdur ki, MTK həmin mənzili başqa şəxsə satmışdır. Müqavilə bağlanan gündən, yəni 17 yanvar 2008-ci il tarixdən 03 aprel 2009-cu il tarixədək 43.796 manat vəsait ödənilmişdir, həmin vəsait ona qaytarılmadan, mənzil başqa şəxsə satılmışdır. Tərəflər arasında bağlanan müqavilədə qeyd olunur ki, ilk ödəmədən sonrakı haqqların 30 gündən artıq gecikdirilməsi halında cəmiyyətin ixtiyarı var ki, müqaviləni bir tərəfli qaydada ləğv etsin. Bu halda ödənilmiş pulun miqdarı cəmiyyət tərəfindən yalnız həmin mənzili başqa bir şəxsə verildikdən sonra alıcıya qaytarılır, buna baxmayaraq, ödənilən vəsait bugünə kimi qaytarılmamışdır, halbuki ona verilən mənzil iki dəfə satılmışdır. İddia edilən 43.796 manat məhkəməyə təqdim olunmuş qəbzlərdən görünür, yəni öz təsdiqini tapmışdır. 17 yanvar 2008-ci il tarixdən 15 dekabr 2008-ci il tarixə kimi 39.096 min manat ödənilmişdir, 22 yanvar 2009-cu ildən 03 aprel 2009-cu ilə qədər 4.700 manat, cəmi 43.796 manat ödənilmişdir. 2008-ci il üçün 1.954,80 manat təşkil edir, 2009-cu ildən bu ilə qədər, 43.796 min manat üçün 32.847 min manat təşkil edir (hər il üçün 2.189.80 manat), 16 il üçün illik 5 faiz 34801.80 manatdır, ümumi məbləğ isə 78.597,80 manat təşkil edir. Ona vurulan mənəvi zərəri isə o 2000 manat məbləğində qiymətləndirir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Cavabdeh MTK-nın 17 yanvar 2008-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilədən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh MTK-nın tikilməkdə olan binasında 216 nömrəli mənzili alıcıya təhvil verməyi, alıcı isə həmin mənzilin qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. X1 ilə X3 arasında 09 fevral 2023-cü il tarixdə ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan 17 yanvar 2008-ci il tarixli, 19 fevral 2008-ci il tarixli, 15 mart 2008-ci il tarixli və 04 aprel 2008-ci il tarixli maliyyə arayışlarından görünür ki, İddiaçı tərəfindən ödənişlər edilmişdir. Diskontlaşdırma cədvəlindən görünür ki, hesablanma aparılması üçün yaşayış binasında mənzil tikintisi haqqında müqavilə və 11 ədəd maliyyə arayışına əsasən 2008-ci il gecikdirilmiş vaxt üçün məbləğin 1954,8 manat olduğu müəyyən edilib, o cümlədən faiz dərəcəsi həcmində ödənilmiş vəsaitin illər üzrə 2009-cu ildən 2024-cü il yanvar ayına qədər ümumi məbləğin 35036,8 manat təşkil etdiyi müəyyən edilib. Yekun olaraq MTK-ya ödənilmiş məbləğ və gecikdirilmiş vaxt üçün cəmi 80787,6 manat təşkil edir. Beləliklə, iş materiallarından müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MTK-ya 80787,6 manat ödənilmişdir. Hazırda isə İddiaçı 43.796 manat, icranın gecikdirilməsinə görə illik 5% faiz dərəcəsi 34801,80 manat və vurulmuş 2.000 manat mənəvi ziyan olmaqla, cəmi 80.597,80 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MTK-dən iddiaçının xeyrinə 43.796 (qırx üç min yeddi yüz doqsan altı) manat, icranın gecikdirilməsinə görə illik 5% faiz dərəcəsi 34801,80 (otuz dörd min səkkiz yüz bir manat 80 qəpik) manat və vurulmuş 2.000 (iki min) manat mənəvi ziyanın, cəmi 80.597,80 (səksən min beş yüz doxsan yeddi manat 80 qəpik) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MTK-dən iddiaçı xeyrinə 43.796 (qırx üç min yeddi yüz doqsan altı) manat, icranın gecikdirilməsinə görə illik 5% faiz dərəcəsi 34801,80 (otuz dörd min səkkiz yüz bir manat 80 qəpik) manat və vurulmuş 2.000 (iki min) manat mənəvi ziyanın, cəmi 80.597,80 (səksən min beş yüz doxsan yeddi manat 80 qəpik) manat pul vəsait tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-587/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-587/2024
15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver