Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5891/2022 07.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Bakı şəhəri Yasamal rayon məhkəməsinin binasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehə qarşı borc tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli müqavilə üzrə “İphone 12 Pro” markalı telefon üçün 3568,7 manat ödənilməmiş hissə, 356,3 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə “Casio Edifice EFV” markalı saat üçün 24,3 manat ödənilməmiş hissə, 2,7 manat cərimə; cəmi 3952 manat borcun və 59,52 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1.-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə təqdim olunmuş yazılı sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi həmin sübutlarla təsdiq edildiyindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1, 600.1-ci maddələrinə əsasən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrə əsasən cavabdeh yuxarıda qeyd olunmuş malları almış və aldığı malların dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Təqdim olunmuş maliyyə arayışı və bildirişdən görünür ki, cavabdeh müqavilələrin şərtlərini pozaraq aldığı malların dəyərini ödəməmiş, nəticədə onun ödənilməmiş borcu qalmışdır. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, cavabdehdən müqavilələrin şərtlərini pozduğuna görə borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən iddia tələbi əsas borc hissəsində əsaslıdır və təmin edilməlidir. Bundan əlavə iş materiallarından görünür ki, cavabdeh müqavilə üzrə ödənişləri vaxtında etmədiyi üçün iddiaçı müqavilə şərtlərinə əsasən cərimə hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmçinin həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə, cavabdeh tərəfindən alınmış malların məbləğinin miqdarını, hesablanmış dəbbə pulunun malın məbləğinə münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak və digər əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq dəbbə pulu azaldılaraq 240 manat məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 53 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq Qət etdim: İddia qismən təmin edilsin. Cavabdeh 3836 (üç min səkkiz yüz otuz altı) manat məbləğində pul və 53 (əlli üç) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova İş N 2(004)-5891/2022 Məhkəmədən kənar ayrıca prosessual hərəkət barədə Protokol Yasamal rayon məhkəməsinin hakimi Xəlilova Təhminə Cəmil qızı İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbi üzrə kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında xx.xx.2022-ci il tarixdə Bakı şəhərində məhkəmənin binasında baxaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul etdi. Prosessual hərəkət saat 14:20-də başladı. Prosessual hərəkət saat 14:40-da başa çatdı. Protokol xx.xx.2022-ci il tarixdə tərtib olunmuşdur. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-5891/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5891/2022
07.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver