Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5914/2025 26.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4Ə-190 reyestr №-li, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh xx.xx.2000-ci il tarixində nikaha daxil olmuş və bu nikahdan xx.xx.2006-cı il təvəllüdlü X8 dünyaya gəlmişdir. Lakin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş və uşaq ananın himayəsinə verilmişdir. Bundan sonra cavabdeh guya boşandığına peşman olduğunu bildirmiş, münasibətləri düzəltməyə çalışmışdır. Qeyd edilir ki, Bakı şəh, Yasamal ray, İnşaatçılar pr, ev 12/26, mənzil 101 ərizəçiyə atasından qalmışdır. Həmin daşınmaz əmlak paylı mülkiyyət hüququ əsasında ½ hissədə İddiaçı, digər ½ hissədə isə Cavabdeh məxsus olmuşdur. Ərizəçi həmin evi tək övladı olan Ləman Mehdiyevaya vermək istəmişdir. Yuxarıda da göstərdikləri kimi, Ləman Mehdiyeva anasının himayəsinə verilmişdir. Məhz İddiaçı həmin əmlakın qızı Ləman Mehdiyevaya vermək üçün ½ hissədə mülkiyyət hüququnu cavabdehin adına qeydiyyata aldırmağı qərara almışdır. Cavabdeh də bununla razılaşmış və daşınmaz əmlak onun adına qeydiyyatdan keçdikdən sonra qızları Ləman Mehdiyevaya qalacağını bildirmişdir. Məlumdur ki, həmin vaxt tərəflər arasında nikah olmadığından əmlakın özgəninkiləşdirilməsi yalnız alğı-satqı müqaviləsi əsasında mümkündür və belə olduqda ödənilməli verginin məbləği də əmlakın dəyərinə uyğun olaraq çoxdur. Həm verginin ödənilməməsi, həm də daha rahat şəkildə bu prosesi başa çatdırmaq üçün İddiaçı sözügedən əmlakın ½ hissəsini bağışlama müqaviləsi əsasında cavabdehin adına qeydiyyata aldırmaq üçün yenidən ərizəçi xx.xx.2022-ci il tarixində cavabdehlə nikaha daxil olmuşdur. 4Ə-190 reyestr №-li, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə İddiaçı ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ona məxsus ½ hissəsini Cavabdeh bağışlamışdır. İndi isə Cavabdeh bu vəziyyətdən istifadə edərək İddiaçı boşanacağını bildirmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsində nikahın pozulması məqsədilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-433/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuşdur. DƏDKR 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-3/02- 44172/25 saylı cavab məktubundan da göründüyü kimi, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak 4Ə-190 reyestr №-li, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixində Cavabdeh adına qeydiyyata alınmışdır. İddiaçı ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın Cavabdeh adına rəsmiləşdirməsində yeganə məqsədi həmin əmlakları övladı Ləman Mehdiyevaya vermək olmuşdur. Cavabdeh də İddiaçı həmin əmlakların qızlarına qalacağını əmin etdikdən sonra tərəflər nikaha daxil olmuş və bağışlama müqaviləsi bağlanmışdır. İndi isə Cavabdeh əmlakları indi satmağa çalışması onun gerçək niyyətini göstərməkdədir. Yəni Cavabdeh əvvəlcə İddiaçı aldadaraq onu evin qızlarına qalacağınına dair əmin etmiş və əmlakı tam mülkiyyət hüququ ilə öz adına özgəninkiləşdirilməsinə nail olmuşdur. Əslində isə onun gerçək niyyəti əmlakların qızlarına qalması deyil, evi öz adına rəsmiləşdirdikdən sonra satmaq və ərizəçini ümumiyyətlə bu əmlakdan məhrum etmək olmuşdur. Məhz bu hal 4Ə-190 reyestr №-li, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin aldatma əsasında bağlandığını göstərməkdədir. Həmçinin Mülki Məcəllənin 339.2-ci maddəsindən də göründüyü kimi şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Belə ki, əgər cavabdeh iddiaçını həmin əmlakların sonda qızlarına qalacağına dair vəd verməsə idi, belə bir bağışlama müqaviləsinin bağlanması mümkün deyildir. Çünki heç kəs boşandığı keçmiş həyat yoldaşına sadəcə ona çatması üçün əmlak bağışlamaz və bu heç bir məntiqə sığmır. Belə olan halda bağışlayanın gerçək niyyətinə diqqət yetirmək lazımdır. Yuxarıda da göstərdikləri kimi, bu əmlakın cavabdehə bağışlanmasının yeganə məqsədi həmin əmlakların qızı Ləman Mehdiyevaya verilməsi olmuşdur. Hazırda isə cavabdeh razılaşdığı bu vəddən boyun qaçırır və əmlakı sataraq ümumiyyətlə həm qızını, həm də İddiaçı bu əmlakdan məhrum etməyə çalışır. Beləliklə, 4Ə-190 reyestr №-li, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız əqddir. Həmçinin bu hal AR Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinə uyğun olaraq da bağışlamadan imtina üçün əsasdır. Bu zaman həmçinin hədiyyə verənin həmin əmlakları bağışlama niyyətinə diqqət yetirmək lazımdır. Ərizəçinin buradakı əsas məqsədi yeganə övladı olan Ləman Mehdiyevanın gələcəyini təminat altına almaq olmuşdur və buna uyğun olaraq da həmin əmlakların sonda qızına qalması şərtilə keçmiş həyat yoldaşına bağışlamışdır. Lakin cavabdeh övladının gələcəyinin təminatı kimi çıxış edən əmlakı öz adına rəsmiləşdirdikdən sonra satmağa cəhd etməsi ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudca pozulmasıdır. Cavabdehin birgə nikahdan olan Ləman Mehdiyevanın gələcəyini təhlükə altına atması vəzifələrin kobudca pozulmasıdır ki, bu da bağışlamadan imtina üçün əsasdır. Sözügedən mübahisə ilə bağlı mediasiyaya müraciət etsə də, Cavabdeh mediasiyada iştirak etməmiş, xx.xx.2025-ci il tarixli, MŞB/16/2025-01244 №-li ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 4Ə-190 reyestr №-li, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsinə və **-ME-*** dövlət qeydiyyat nişanlı “Toyota RAV4” markalı avtomobil üzərində İddiaçı mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh xx.xx.2000-ci il tarixində nikaha daxil olmuş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Nikah dövründə ünvan 4 və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi əldə edilmiş, sonradan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə həmin əmlaklar üzərində tərəflərin hər birinin ½ pay hüququ müəyyən edilmişdir. Sonrakı mərhələdə tərəflər arasında əmlak bölgüsünə dair razılaşma əldə edilmişdir. Həmin razılaşmaya əsasən Cavabdeh ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzrə özünə məxsus ½ paydan tam imtina etməli, bunun müqabilində isə İddiaçı ünvan 4 ünvanında yerləşən mənzilin ona məxsus ½ hissəsini cavabdehə keçirməli və cavabdehin adına minik avtomobili almalı idi. Razılaşmaya uyğun olaraq İddiaçı ünvan 4 ünvanında yerləşən mənzil üzrə ona məxsus ½ payın Cavabdeh adına bağışlanması məqsədilə notariat qaydasında müraciət etmişdir. Lakin notarius tərəflər arasında nikah münasibətlərinin xitam tapmış olması səbəbilə bağışlama müqaviləsinin bağlanmasının mümkün olmadığını bildirmiş, bu halda müvafiq payın özgəninkiləşdirilməsinin yalnız alqı-satqı müqaviləsi vasitəsilə həyata keçirilə biləcəyini tərəflərin diqqətinə çatdırmışdır. Bu mərhələdə cavabdeh tərəfindən iddiaçıya qeyri-yaşayış sahəsi üzrə ona məxsus ½ mülkiyyət payından imtina ediləcəyi barədə iradə ifadə olunmuş, iddiaçı da məhz bu iradə ifadəsinə inanaraq öz əmlak payının bağışlanmasına razılıq vermişdir. Bu səbəbdən tərəflər vergi öhdəliklərinin yaranmaması və əlavə maliyyə xərclərinin azaldılması məqsədilə xx.xx.2022-ci il tarixində yenidən nikaha daxil olmuşlar. Qeyd edilməlidir ki, həmin nikah yalnız əmlakın bağışlanmasının hüquqi cəhətdən mümkün olması məqsədinə xidmət etmiş, tərəflər arasında faktiki ailə münasibətləri mövcud olmamışdır. Sonradan 4Ə-190 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üzrə ona məxsus ½ payı Cavabdeh bağışlamışdır. Qeyd edilməlidir ki, nikah münasibətlərinə artıq xitam verilmiş olduğu halda iddiaçının özünə məxsus əmlak payını cavabdehə əvəzsiz şəkildə bağışlaması həyatın normal axışına uyğun olmayan haldır və yalnız cavabdehin verdiyi konkret vədlərə inanma nəticəsində mümkün olmuşdur. Eyni zamanda İddiaçı razılaşmaya uyğun olaraq Cavabdeh adına **-ME-*** dövlət qeydiyyat nişanlı “Toyota RAV4” markalı minik avtomobili almışdır. Beləliklə, iddiaçı öz üzərinə götürdüyü öhdəlikləri tam şəkildə icra etmiş, cavabdehin isə qeyri-yaşayış sahəsi üzrə payından imtina edəcəyi gözləntisi ilə hərəkət etmişdir. Lakin cavabdeh iddiaçının bu etimadından sui-istifadə edərək, əsl niyyətini gizlətmiş və bağışlama müqaviləsi bağlanan zaman verdiyi vədlərə əməl etməmişdir. Belə ki, cavabdehin sonrakı davranışları, yəni iddiaçının öhdəliklərini icra etməsindən sonra qeyriyaşayış sahəsi üzrə paydan imtina etmək əvəzinə həmin payın naturada bölünməsi barədə məhkəməyə müraciət etməsi ilə aşkar edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-433/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə tərəflər arasında formal xarakter daşıyan nikah münasibətlərinə xitam verilmişdir. Bundan sonra cavabdeh öz həqiqi niyyətini reallaşdırmaq məqsədilə İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzrə ona məxsus ½ mülkiyyət payının naturada ayrılması, bu mümkün olmadığı halda payın dəyərinin ödənilməsi, bu da mümkün olmadıqda isə əmlakın açıq hərrac yolu ilə satılması və satışdan əldə edilən vəsaitin tərəflər arasında mülkiyyət paylarına uyğun olaraq ½ hissədə bölünməsi barədə iddia qaldırmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 434/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə həmin iddia təmin edilmiş, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin real bazar dəyəri 640.000 (altı yüz qırx min) manat məbləğində müəyyən edilmiş, əmlakın qapalı hərracda, bu mümkün olmadığı halda açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin payçılar Cavabdeh və İddiaçı arasında müvafiq olaraq ½ hissədə bölünməsi qərara alınmışdır. İddiaçı məhz cavabdehin qeyri-yaşayış sahəsi üzrə payından imtina edəcəyi barədə verdiyi iradə ifadəsinə inanaraq, xx.xx.2022-ci il tarixli 4Ə-190 reyestr nömrəli bağışlama müqaviləsi ilə boşanmış olduğu şəxsə – cavabdehə mənzil üzrə ona məxsus ½ payı bağışlamış, eyni zamanda cavabdehin adına “Toyota RAV4” markalı avtomobil almışdır. Qeyd edilməlidir ki, boşanmış şəxsin özünə məxsus əmlak payını qarşı tərəfə əvəzsiz bağışlaması həyatın normal axışına uyğun deyildir. Belə davranış yalnız və yalnız qarşı tərəfin verdiyi konkret və qəti öhdəliyə inanma nəticəsində mümkün ola bilər. Məhz bu fakt özü-özlüyündə göstərir ki: iddiaçı əqd bağlanan anda aldadılmışdır; bağışlama müqaviləsi iddiaçının real iradəsini deyil, cavabdehin yanlış vədləri nəticəsində formalaşmış iradəni əks etdirmişdir. Aldatma faktı əqd bağlanan anda mövcud olmuş, lakin cavabdehin sonrakı davranışları, yəni qeyri-yaşayış sahəsi üzrə paydan imtina etməməsi, əksinə həmin payın naturada bölünməsi barədə iddia qaldırması ilə sonradan aşkar edilmişdir. Aldatmanın aşkar edilməsi iddiaçı öz öhdəliklərini vicdanla icra etdikdən sonra cavabdeh, 1- ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzrə ½ paydan imtina etməmiş, 2- əksinə, həmin payın naturada ayrılması və ya dəyərinin ödənilməsi barədə məhkəməyə müraciət etmişdir. Bu hal açıq şəkildə sübut edir ki, cavabdeh bağışlama müqaviləsi bağlanarkən əsl niyyətini gizlətmiş, iddiaçını aldadaraq ondan mənzil payını və avtomobili əldə etmişdir. Aldatma faktının hüquqi tövsifi və iradənin zədələnməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1-ci maddəsinə əsasən, şəxs əqd bağlamaq məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Hüquqi nəzəriyyəyə və məhkəmə təcrübəsinə görə, aldatma təkcə yalan məlumat vermək deyil, həm də əqdin bağlanması üçün həlledici əhəmiyyətə malik olan halların (əsl niyyətin) qarşı tərəfdən gizlədilməsidir. Hazırkı işdə Cavabdeh qeyri-yaşayış sahəsi üzrə payından imtina edəcəyi barədə yalan vəd verərək iddiaçıda yanlış təsəvvür yaratmışdır. Cavabdeh əqdin (bağışlama müqaviləsinin) bağlanması anında üzərinə götürdüyü öhdəliyi icra etmək niyyətində olmamış, lakin bu niyyətini gizlədərək iddiaçının iradəsini öz xeyrinə manipulyasiya etmişdir. Mülki hüququn təməl prinsiplərinə görə, əqdin etibarsız sayılması üçün aldatmanın motivləşdirici xarakter daşıması şərtdir. Yəni, əgər aldatma olmasaydı, iddiaçı həmin şərtlərlə əqdi bağlamazdı. İşin faktiki halları (tərəflərin boşanmış olması və ədavətli münasibətləri) sübut edir ki, iddiaçının öz mülkiyyətində olan mənzil payını və avtomobili qarşı tərəfə təmənnasız bağışlaması həyatın normal axışına və məntiqə ziddir. İddiaçının iradəsi sırf cavabdehin qarşılıqlı addım atacağı (qeyri-yaşayış sahəsindən imtina edəcəyi) barədə yaratdığı əminliyə əsaslanmışdır. Cavabdeh bu inamı yaratmaqla iddiaçını "Bağışlama müqaviləsi" imzalamağa sövq etmişdir. Bu isə birbaşa olaraq iradənin sakatlığı (qüsuru) deməkdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddiaya etirazını məhkəməyə təqdim edərək, İddiaçı Cavabdeh qarşı 4Ə-190 reyestr №-li, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi ilə bağlı iddiası təmin olunmaması və iddia tələbi rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı 4Ə-190 reyestr №-li, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi tələbi qanunsuz və əsassızdır. Belə ki, tərəflər arasında olan mübahisə bağışlama müqaviləsi ilə əlaqədardır. Bağışlama müqaviləsinin məzmununa əsasən, həmin müqavilə cavabdeh tərəfindən hər hansı şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmiş, hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı hər hansı halların olması ilə şərtləndirilməmişdir. Konkret olaraq bağışlanılan əmlak barəsində cavabdehin hüquq və vəzifələrinin həyata keçirilməsi ilə bağlı hər hansı məhdudiyyətin olması müəyyən edilməmişdir. Ümumiyyətlə tərəflər arasında notarial qaydada təsdiqlənmiş yazılı müqavilənin məzmununda belə bir şərtin nəzərdə tutulmadığı görülür. İddiaçı həmin şərtin hansı hüquqi əsasla müqavilənin tərkib hissəsi sayması, ona riayət edilməməsinin bağışlamadan imtinaya səbəb olmasını iddia ərizəsində əsaslandıra bilməmişdir. Bundan başqa, mübahisələndirilən bağışlama müqaviləsindən görünür ki, müqavilədə tərəflərin hüquq və vəzifələrinin əmələ gəlməsi baş verib-verməyəcəyi məlum olmayan hər hansı haldan asılı edilməmiş, bir sözlə bağışlama müqaviləsində cavabdeh iddiaçıya qarşı hər hansı bir öhdəliyini öz üzərinə götürməmişdir. Müqavilənin mühüm şərti sayılan öhdəlik qanunla müəyyən edilmiş formada tərtib olunan əqdin məzmununda əks olunmadığı təqdirdə, məhkəmə tərəfin izahatına əsasən belə şərtlə müqavilə bağlanması nəticəsinə gələ bilməz. Ona görə də müqavilənin ləğv edilməsi və ya etibarsızlığı əsası kimi hüquqi baxımdan mövcud olmayan bir şərtin pozulmasına istinad olunması yolverilməzdir. İddiaçı tərəfindən iddia ərzisində göstərilən əsasla bağışlamadan imtinanın qəbul edilməsi üçün hədiyyə alanın hədiyyə verənin iddia etdiyi öhdəliyini yerinə yetirilməməsini sübut etmək yükü bağışlamadan imtina edən tərəfin- iddiaçının üzərinə düşür, lakin iddiaçı tərəfindən bağışlama müqaviləsinin ləğv edilməsi və ya imtina edilməsi üçün qanunvercilikdə nəzərdə tutulan əsasların mövcudluğunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Bu qaydanın formal mülahizələrlə tətbiq edilməsi qanuni əsaslarla hədiyyə almış şəxsin mülki hüquqlarının əsassız şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər. Belə nəticə hüquq normasının məqsədinə də uyğun deyil. Ona görə də, həmin əsasla bağışlamadan imtinanın qəbul edilməsi üçün ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələrin nədən ibarət olması ailə qanunvericiliyi əsasında dəqiq müəyyənləşdirilməli, həmin vəzifələr üzrə konkret olaraq hansı öhdəliyin yerinə yetirilmədiyi aydınlaşdırılmalı, özü də pozuntunun kobud olduğu qənaətinə gəlinməlidir. Bu halları sübut etmək yükü isə bağışlamadan imtina edən tərəfin üzərinə düşür. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yəni bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. (İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.) Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əleyhinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Nəzərə almaq lazımdır ki, hazırki mülki iş üzrə sübutetmə yükü iddiaçının üzərindədir. Amma bu hissənin verilməsinə dair hər hansı bir sübut yoxdur və verilməmişdir. Burda sübutetmə yükü ilə bağlı «affirmanti incumbit probatio – kim nəyi iddia edirsə, onu sübut etməlidir» prinsipini qeyd etmək yerinə düşərdi, yəni hədiyyə alanın hədiyyə verənin iddia etdiyi öhdəliyini yerinə yetirilməməsini sübut etmək yükü bağışlamadan imtina edən tərəfin üzərinə düşür, lakin iddiaçı tərəf bununla bağlı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Açıq aşkar bəlli olan haldır ki, iddiaçı hüquqlarından sui- istifadə etməkdədir. Qeyd edilməlidir ki, iddiaçıya mənzil əsas hüquqi maraq olsa idi, vaxtında yəni 2022-ci ildə bunu tələb edə bilərdi, lakin iddiaçı sırf hüquqlarından sui-istifadə edərək cavabdehə zərər vurmaq, həmçinin gözdağı vermək üçün bu addımı atmışdır. Belə ki, 2024-cü il tarixindən tərəflər arasında bu qeyd olunan məhkəmə qərarları çıxarılmışdır: 1) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-434/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Gülnar Babazadə) həmin iddia təmin edilmiş, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin real bazar dəyəri 640.000 (altı yüz qırx min) manat məbləğində müəyyən edilmiş, əmlakın qapalı hərracda, bu mümkün olmadığı halda açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin payçılar Cavabdeh və İddiaçı arasında müvafiq olaraq ½ hissədə bölünməsi qərara alınmışdır. 2) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-433/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) tərəflər arasında nikah pozulmuşdur. 3) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3825/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Fariz Əlizadə) İddiaçı Cavabdehlər İddiaçı və X3 qarşı "istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsi və cavabdehlər İddiaçı və X2 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilməsi qət edilmişdir. 4) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 610/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Fariz Əlizadə) iddiaçı Cavabdeh İddiaçı qarşı “əmlak bölgüsü, payların müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilmiş və birgə nikah dövründə əldə olunmuş və İddiaçı mülkiyyətində olan Quba rayonu, Mirzəməmmədkənd kəndində yerləşən 1,2200 ha torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı və 1/2 hissəsinə Cavabdeh payları müəyyən edilmişdir. Yuxarıda qeyd olunan məhkəmə qətnamələrinə nəzərə yetirilsə, görürlər ki, iddiaçı iddia qaldırmaqda əsas məqsədi tələbində özünü sanki aldadılmış və zərərçəkmiş kimi qələmə vermiş, lakin reallıqda iddiaçının məqsədi cavabdehin başqa məhkəmə işlərində olan iddia tələblərini bu yolla balanslaşdırmaq məqsədi daşıyır. Yəni iddiaçı cavabdehə iddia qaldırmaqda demək istəyir ki: “sən, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən və Quba rayonu, Mirzəməmmədkənd kəndində yerləşən 1,2200 ha torpaq sahəsindən əl çək mən də iddianı geri götürüm”. Odur ki, iddiaçı hazırki iddia ilə hüquqdan sui-istifadə etmək niyyətindədir. Mülki Məcəllənin əsas pirinsiplərindən biri də mülki hüquqların sui-istifadəsinə yolverilməzliyi pirinsipidir ki, bu da mülki hüquq münasibətlərinin əsas doktrinlərindən biridir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Şəxs öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq mülki hüquqlar həyata keçirməsi mülki hüquqda əsas sui-istifadə hallarından biridir. Roma hüququndan bu günə qədər gəlib çıxan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsi-neminem laedit qui iure suo utitur-məhz bizim mülki qanunvericiliyin əsas prinsipləri arasında olması təsadüfü deyildir. Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. İddiaçı iddia tələbində aldatma əsasının mövcud olmasını aşağıda qeyd olunan formada əsaslandırmışdır: “İddiaçı məhz cavabdehin qeyri-yaşayış sahəsi üzrə payından imtina edəcəyi barədə verdiyi iradə ifadəsinə inanaraq, xx.xx.2022-ci il tarixli 4Ə-190 reyestr nömrəli bağışlama müqaviləsi ilə boşanmış olduğu şəxsə – cavabdehə mənzil üzrə ona məxsus ½ payı bağışlamış, eyni zamanda cavabdehin adına “Toyota RAV4” markalı avtomobil almışdır.” İddia tələbindən də göründüyü kimi tərəflər arasında bağışlama ilə bağlı müqavilə münasibətləri 2022-ci il may ayından başlamışdır. Əgər iddia həqiqətən iddia etdiyi kimi cavabdeh iddiaçı müqavilə bağlanan zaman aldatmış o zaman nəyə görə təxminən 3 (üç) il 6 (altı) ay sonra məhkəməyə müraciət etmişdir. Yəni qeyd etmək yerinə düşər ki, iddiaçı anlaqlı şəxs olduğuna görə aldadıldığını həmin an dərk edə bilər və 1 il ərzində iddia qaldıra bilərdi, lakin iddiaçı 1 il ərzində iddia qaldırmamışdır. Bu da onu göstərir ki, iddiaçı bir illik kəsici müddəti ötürmüşdür, ona görə də bir illik kəsici müddət tətbiq olunmalıdır. Mülki Məcəllənin 673.3-cü maddəsində göstərilir ki, imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Bağışlamaqdan və ya bağışlama vədindən imtinanın əsasları Mülki Məcəllənin 673.1673.2-ci maddələrində sadalanmışdır. Həmin əsaslar sübuta yetirildikdə qeyd olunan bir illik kəsici müddət tətbiq oluna bilər. O da diqqətdə saxlanılmalıdır ki, bağışlama müqaviləsinin nə zaman bağlanılmasından asılı olmayaraq, bağışlamaqdan imtinaya əsas verən hallar hədiyyə verənə məlum olduğu gündən Mülki Məcəllənin 673.3-cü maddəsində müəyyən edilmiş bir illik müddətin keçməsi ilə hədiyyə verənin bağışlamaqdan imtina hüququna xitam verilir (Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair 26 aprel 2024-cü il tarixli qərarı). İddiaçı iddia tələbini daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi kimi əsaslandırmağa çalışmışdır, lakin iddiaçı iddianının əsası olaraq qeyd etdiyi nüanslar bağışlamanının etibarsızlığı yox, bağışlamanın ləğvinə aid olan məsələlərdir. Bu nüans da iddiaçı tərəfin iddia tələbinə olan qeyri-dəqiq münasibətini və səmimi mövqeyinin olmamasını və əslində elə tələbin arxasında duran başqa niyyətlərinin olduğunu bariz sübut edir. Yuxarıda qeyd olunanlara əsasən iddiaçının iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Hədiyyə verən İddiaçı ilə Hədiyyə alan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Hədiyyə verən ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 59.3 kv/m olan mənzilin paylı mülkiyyət üzrə ona məxsus ½ hissəsini “Hədiyyə alan”ın mülkiyyətinə verir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xİdməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-44172/25 nömrəli məlumat verilməsi barədə sorğuya cavab məktubuna əsasən ünvan 4 ünvanın ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 5 saylı notariat kontorunun 4Ə-190 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-3243/2019 nömrəli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, iddiaçı X9 ilə cavabdeh İddiaçı birgə nikah dövründə əldə etdikləri 2006-cı il buraxılışlı, **-NQ-*** qeydiyyat nişanlı, AD257527 şəhadətnamə nömrəsi olan, JN1BCAC11Z0002028 ban nömrəli, 145774 mühərrik nömrəli “Nissan Tida” minik markalı; 2006-cı il buraxlışlı, **-SO-*** qeydiyyat nişanlı, AA808223 şəhadətnamə nömrəsi olan, JTEBL29J565047801 ban nömrəli, 2TR0326838 mühərrik nömrəli “Toyota Prado” minik markalı; 2001-ci il buraxılışlı, 10-KF- 502 qeydiyyat nişanlı, AA640017 şəhadətnamə nömrəsi olan, XTA**********4083 ban nömrəli, ******* mühərrik nömrəli “VAZ-21074” minik markalı avtomobillər üzərində, həmçinin, ünvan 1 və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində iddiaçı X4 və cavabdeh İddiaçı bərabər olmaqla ½ hissədə paylarının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-433/2025 nömrəli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə X10 arasında 13 aprel 2022-ci il tarixdə Yasamal Rayon Qeydiyyat şöbəsində 46 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, cavabdeh İddiaçı xx.xx.2006-cı il təvəllüdlü X1 ilə əlaqədar birdəfəlik 63 (altmış üç) manat məbləğində aliment tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-434/2025 nömrəli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin real bazar dəyəri 640000 (altı yüz qırx min) manat müəyyən edilməklə, qapalı hərracda satılması, qeyri-yaşayış sahəsi qapalı hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda açıq hərracda satılması, satışdan əldə edilən vəsait payçılar X6 ½ hissədə, İddiaçı ½ hissədə paylarına uyğun bölünməsi qət edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı prinsipi mülki qanunvericiliyin prinsiplərindən biridir. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır:- əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları)... Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olubolmadığı müəyyən edilə bilər. Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3243/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ünvan 4 ünvanında yerləşən mənzil ər-arvadın ümumi mülkiyyəti hesab olunaraq, həmin mənzil üzərində İddiaçı və Cavabdeh hər birinin bərabər olmaqla ½ hissədə payları müəyyən edilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı həmin mənzilin ona məxsus ½ hissəsini Cavabdeh bağışlamış və xx.xx.2022ci il tarixdə tam mülkiyyət hüququ üzrə sonuncunun adına dövlət qeydiyyatına alınmışdır. Hazırda İddiaçı qeyd olunan bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında aparılmış dövlət qeydiyyatının ləğv edilməsi və **-ME-*** dövlət qeydiyyat nişanlı “Toyota RAV4” markalı avtomobil üzərində mülkiyyət hüququnun tanınması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər xx.xx.2000-ci il tarixində nikaha daxil olmuş, bu nikahdan xx.xx.2006-cı il təvəllüdlü X8 dünyaya gəlmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, iddiaçı sözügedən mənzili tək övladı olan qızı Ləman Mehdiyevaya vermək istəmiş, həmin vaxt tərəflər arasında nikah olmadığından əmlakın özgəninkiləşdirilməsi yalnız alğı-satqı müqaviləsi əsasında mümkün olduğundan həm verginin ödənilməməsi, həm də daha rahat şəkildə bu prosesi başa çatdırmaq üçün əmlakın ½ hissəsini bağışlama müqaviləsi əsasında cavabdehin adına qeydiyyata aldırmaq üçün yenidən xx.xx.2022-ci il tarixində cavabdehlə nikaha daxil olmuş, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ona məxsus ½ hissəsini Cavabdeh bağışlamışdır. İddiaçının bağışlamada yeganə məqsədi həmin əmlakı övladı Ləman Mehdiyevaya vermək və onun gələcəyini təminat altına almaq olmuşdur. Cavabdeh isə əvvəlcə İddiaçı aldadaraq onu evin qızlarına qalacağınına dair əmin etmiş, hazırda isə razılaşdığı bu vəddən boyun qaçıraraq əmlakı satıb ümumiyyətlə həm qızını, həm də İddiaçı bu əmlakdan məhrum etməyə çalışır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində göstərmişdir ki, tərəflər arasında razılaşmaya əsasən Cavabdeh ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzrə ona məxsus ½ paydan tam imtina etməli, bunun müqabilində isə İddiaçı ünvan 4 ünvanında yerləşən mənzilin ona məxsus ½ hissəsini cavabdehə keçirməli və cavabdehin adına minik avtomobili almalı idi. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üzrə ona məxsus ½ payı Cavabdeh bağışlamış, eyni zamanda onun adına **-ME-*** dövlət qeydiyyat nişanlı “Toyota RAV4” markalı minik avtomobili almışdır. Beləliklə, iddiaçı öz üzərinə götürdüyü öhdəlikləri tam şəkildə icra etmiş, cavabdehin qeyri-yaşayış sahəsi üzrə payından imtina edəcəyi gözləntisi ilə hərəkət etmişdir. Lakin cavabdeh iddiaçının öhdəliklərini icra etməsindən sonra qeyri-yaşayış sahəsi üzrə paydan imtina etmək əvəzinə qeyri-yaşayış sahəsi üzrə ona məxsus ½ mülkiyyət payının naturada ayrılması, bu mümkün olmadığı halda payın dəyərinin ödənilməsi, bu da mümkün olmadıqda isə əmlakın açıq hərrac yolu ilə satılması və satışdan əldə edilən vəsaitin tərəflər arasında mülkiyyət paylarına uyğun olaraq ½ hissədə bölünməsi barədə iddia qaldırmışdır. Bu fakt özü-özlüyündə göstərir ki, iddiaçı əqd bağlanan anda aldadılmışdır. Göründüyü kimi, iddiaçı eyni bağışlama müqaviləsinin etibarsızlığını tələb etsə də, ilkin və dəqiqləşdirilmiş iddia ərizələrində tələbin faktiki və hüquqi əsaslarını dəyişmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı bağışlama müqaviləsinin etibarsızlığını aldatma halı ilə əlaqələndirmişdir. Aldatma faktının mövcudluğu onu iddia edən şəxs tərəfindən sübuta yetirilməlidir. Aldatma yalnız sonradan razılaşdırılmış davranışın dəyişməsi və ya öhdəliyin yerinə yetirilməməsi ilə deyil, məhz əqdin bağlandığı anda qarşı tərəfin əsl niyyətinin gizlədilməsi və ya yalan məlumat verilməsi ilə xarakterizə olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göründüyü kimi, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Bu şərtlərin hər biri olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında bağışlama müqaviləsi notariat qaydasında, qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlanmış, tərəflər müqaviləni imzalayarkən onun hüquqi nəticələrini dərk etmiş və sərbəst iradə ifadə etmişlər. Müqavilənin bağlanması zamanı iddiaçının iradəsinin zor, təhdid, yanılma və ya digər qanunsuz təsir nəticəsində formalaşmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçının istinad etdiyi hallar, yəni cavabdehin sonradan qeyri-yaşayış sahəsi üzrə paydan imtina etməməsi və ya əmlakın bölünməsi ilə bağlı məhkəməyə müraciət etməsi, özlüyündə bağışlama müqaviləsinin bağlandığı anda cavabdehin aldatma niyyətinin mövcud olmasını sübuta yetirmir. Sonrakı davranışın dəyişməsi və ya gözləntilərin doğrulmaması əqdin bağlandığı anda iradə qüsurunun mövcudluğu kimi qiymətləndirilə bilməz. Bundan başqa, iddiaçının göstərdiyi şifahi razılaşma bağışlama müqaviləsinin mətnində öz əksini tapmamışdır. Bağışlama müqaviləsi əvəzsiz əqd olmaqla, onun hüquqi mahiyyəti bağışlayanın əmlakı qarşı tərəfə heç bir şərt olmadan verməsini nəzərdə tutur. Müqavilədə hər hansı qarşılıqlı öhdəliyin nəzərdə tutulması müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, bağışlama müqaviləsinin aldatma əsası ilə etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən olunmamışdır. Məhkəmə ididaçının **-ME-*** dövlət qeydiyyat nişanlı “Toyota RAV4” markalı avtomobil üzərində mülkiyyət hüququnun iddiaçıya məxsusluğunun tanınması tələbinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən həmin avtomobilin hansı əsasla cavabdehin adına rəsmiləşdirilməsi və ya mülkiyyət hüququnun pozulması barədə mötəbər və kifayət qədər sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd olunmalıdır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-5914/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5914/2025
26.02.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver