Məhkəmə qərarları › İş №e-2(004)-60/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-60/2025

10.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-60/2025 10.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna kompensasiya verməklə xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququna kompensasiya verməklə xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil üzərində istifadə hüququna 8.000 (səkkiz min) manat kompensasiya ödənilməklə xitam erilməsi və cavabdehin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuş, nikahları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Onlar nikaha daxil olmamışdan əvvəl onun (iddiaçının) valideyinlərinin maliyyə vəsaiti hesabına 2004-cü ildə bağlanmış müqavilə ilə onun (iddiaçının) adına ünvan 1, 8 saylı mənzil alınmışdır. Həmin mənzil "xxxx" MTK tərəfindən inşa edilmiş, MTK üzvlərinin ümumi iclasının 30 saylı xx.xx.2011-ci il tarixli protokolundan çıxarışa, "xxxx" MTK tərəfindən verilmiş 012/133 nömrəli xx.xx.2011-ci il tarixli maliyyə arayışına, 01/132 nömrəli xx.xx.2011-ci il tarixli forma 2 arayışına əsasən xx.xx.2011-ci il tarixdə onun, yəni İddiaçı adına qeydiyyatdan keçmiş və hazırda xüsusi mülkiyyətindədir. Buna dair onun (iddiaçının) hüquqları daşınmaz əmlakın dövlət reyestrində ********** № ilə xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmış, Seriya MA №0307666 Çıxarış verilmişdir. Cavabdeh ona qarşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldıraraq ünvan 1, 8 saylı mənzilin birgə nikahda olan əmlak kimi üzərində payının tanınması barədə iddia qaldırmış, lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin mənzil birgə nikah dövründə əldə olunmamışdır, belə ki, mənzilin alınmasına dair müqavilə 2004-cü ildə bağlanmış, mənzilin tam dəyəri isə 2006-cı ildə tam ödənilmişdir. Bu isə o deməkdir ki, 2007-ci ildə biz nikaha daxil olarkən artıq həmin mənzil mövcud idi və birgə nikahda alına bilməzdi. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi həmin mənzilin iddiaçının atası X3 tərəfindən alınması tam sübuta yetirilmişdir, cavabdeh ilə ailə qurduqdan sonra həmin mənzilə köçüb hazır evdə yaşamışdır. Bu əsasla Cavabdeh iddia tələbi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş № e-2(004)-261/2023, xx.xx.2023-cü il qətnaməsi ilə rədd edilmişdir. Cavabdehin verdiyi apellyasiya şikayəti Bakı Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Apellyasiya Məhkəməsinin2(103)-5077/2023 xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş və ünvan 1, 8 saylı mənzil tam şəkildə onun (iddiaçının) xüsusi mülkiyyəti olması müəyyən edilmişdir. Cavabdeh ilə onların nikahı xx.xx.2021-ci ildə pozulmuş, övladı X8 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş № e-2(004)-2248/2022, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun (iddiaçının) himayəsinə verilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1429/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qüvvədə saxlanılmışdır. Hazırda Cavabdeh ona (iddiaçıya) xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1, 8 saylı mənzildən çıxarılması və istifadə hüququna xitam verilməsi zərurəti yaranmışdır. Onların yaşayış sahəsindən birgə istifadə etməyi qeyri-mümkün edir, digər tərəfdən də mülkiyyətçi kimi onun öz əmlakımdan istədiyi kimi istifadə etmək hüquqlarımı əsassız məhdudlaşdırır. Həmçinin cavabdeh əmək qabiliyyətlidir, Gənclik Metro stansiyasının yaxınlığında 14 saylı X5 stamatoloqu kimi daimi iş yeri və əmək haqqısı vardır. Qeyd olunanlarla əlaqədar mediasiyada aramızda heç bir razılaşma əldə olunmamışdır, buna dair MŞB/13/2023-01795 saylı xx.xx.2023 tarixli Arayış verilmiş, bu səbəbdən məhkəməyə müraciət etmişdir. Cavabdeh İddiaçı qarşı “istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması nəticəsində 43.200 manat kompensasiya ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, e-2(004)-1457/2024 nömrəli mülki iş üzrə ilkin iddianın rədd olunmasını, Cavabdeh Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 3141-ci məhəllə 35A nömrəli evin 8 nömrəli mənzili üzərində istifadə hüququna xitam verilməsi və Cavabdeh mənzildən çıxarılması nəticəsində 43.200 manat kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-1457/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “istifadə hüququna kompensasiya verməklə xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair e-2(004)-1457/2024 nömrəli mülki iş üzrə Cavabdeh İddiaçı qarşı “istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması nəticəsində 43.200 manat kompensasiya ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi, Azərbaycan Respublikası MPM-in 155-156-cı maddələrinin tələblərinə uyğun olmadığına görə icraata qəbul edilmədən geri qaytarılmışdır. www.epul.az vasitəsilə xx.xx.2024-cü il tarixli 54398282 nömrəli ödəniş sənədə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 220 (iki yüz iyirmi) manat pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən Cavabdeh qaytarılması qərara alınmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə şikayət verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)- 1457/2024 nömrəli qərardadının ləğv edilməsini, qarşılıqlı iddianın icraata qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-1457/2024 nömrəli qərardadı ilə Cavabdeh iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-1457/2024 nömrəli qərardadından verdiyi şikayət rədd edilərək, şikayət mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 2774/2024 nömrəli qərardadı ilə, şikayət təmin edilməyərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-1457/2024 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh onun xüsusi mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 3141-ci məhəllə 35A nömrəli evin 8 nömrəli mənzilinə olan istifadə hüququna 20.000 (iyirmi min) manat kompensasiya ödənilməklə xitam verilməsi və cavabdehin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq, iddiaçı onun tələb etdiyi 48.600 (qırx səkkiz min altı yüz) manat məbləğində pul kompensasiyasını ödəmədiyi təqdirdə iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh 2007-ci ildən indiyədək ünvan 2 ünvanda yerləşən 8 saylı mənzildə yaşayır və həmin ünvanda pasport qeydiyyatındadır. Bu barədə qonşularının aktı işə əlavə edilmişdir. Əlavə olaraq bildirmək istəyir ki, kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam vermək dedikdə bazar qiyməti ilə həmin ərazidə yerləşən mənzilin eynisinin icarə haqqının ən azı 3 (üç) ili götürülməklə kompensasiya ödənilməsi nəzərdə tutulur. Onun cehiz mebellərinin, avadanlıq və əşyalarının coxluğunu, həmçinin qabaritcə çox böyük olmasını və həmin mənzilin eynisinin kirayə qiymətini nəzərə alaraq həmin ərazidə mənzillərin kirayə qiymətinin baha olduğuna görə əlbəttə ki, təklif edilən 20.000 (iyirmi min) manat kompensasiya məbləği iddia üzrə iddiaçı tərəfindən azaldılmış məbləğdir. Həmin ərazidə yeni tikili hündürmərtəbəli çoxmənzilli binalarda sözü gedən 3 otaqlı, ümumi sahəsi müqavilə üzrə 144,81 kv.m, çıxarışla 129,3 kv.m olan əla təmirli və bütün şəraitlə və əşyalarla təchiz edilmiş mənzilə bərabər sayılan evlərin kirayə qiyməti daşınmaz əmlak ekspertinin təqdim etdiyi arayışa və daşınmaz əmlak saytlarından təqdim edilən məlumatlara əsasən ayda minimum 1350 (bir min üç yüz əlli) manatdan aşağı deyil və bu da illik 16.200 (on altı min iki yüz) manat təşkil edir. Ümumi məbləğ 3 (üç) il üçün 48.600 (qırx səkkiz min altı yüz) AZN təşkil edir. Hətta Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi həmin mənzilin aylıq kirayə qiymətini 1200(bir min iki yüz) AZN təsdiq etmişdir ki, bu da 3 il üçün 43.200 AZN təşkil edir. Onu da qeyd edir ki, hazırda mənzillərin kirayə qiymətinin günbəgün artdığı indiki zamanda ona təklif edilən kompensasiyanın da məbləği artmalıdır çünki, 20.000 manat ona 2024-cü ilin may-iyun aylarında təklif edilmişdir ki, onda da mənzillərin kirayə qiymətləri indikindən xeyli aşağı idi. Buna görə də hesab edir ki, mənə təklif edilən 20.000 manat məbləğ reallığı əks etdirmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 2021-ci ildə atası vəfat etdikdən sonra qeyd olunan ünvanı tərk etmişdir. Həmin vaxtdan onun mənzilində cavabdeh yaşayır və o, öz mənzilinə girə bilmir, cavabdeh evin açarını dəyişmişdir. Hazırda uşağı ilə birlikdə anasının evində yaşayır. O, hazırda öz evinə köçüb yaşamaq istəyir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, 2021-ci ildən hazırki vaxtadək 4 il ərzində iddiaçı cavabdehin ona məxsus olan mənzildə yaşamasına mane olmayıb, hətta kommunal ödənişlərini də özü ödəyib. Hazırda isə iddiaçının maddi imkanı yüksək deyil, heç yerdə işləmir, himayəsində uşağı var. Ona görə də cavabdehin tələb etdiyi məbləği ödəməyə onun imkanı çatmır. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi Nümayəndə etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, ünvan 2 ünvanda yerləşən 8 saylı mənzilin alınmasında onun özü də iştirak etmiş, iddiaçıya maddi köməklik də göstərmişdir. İddiaçı mənzilin mülkiyyətçisi olduğundan kommunal ödənişləri özü ödəməlidir. İddiaçı onların tələb etdiyi 48.600 manat pulu ödəyərsə cavabdeh mənzildən çıxmağa razıdır. Əks halda isə iddianın rədd edilməsini istəyir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunan: İddiaçı (payçı) ilə "xxxx" MTK (podratçı) arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 97 nömrəli müqavilədən görünür ki, sifarişçi İddiaçı yaşayış evinin tikintisini Podratçıya həvalə edir, podradçı tikinti-quraşdırma işlərini layihə sənədlərinə uyğun qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına və qəbul olunmuş standartlara uyğun yüksək keyfiyyətlə yerinə yetirir. Payçı ona düşən 3 otaqlı, tam sahəsi eyvan qarışıq 144,81 kv.m olan mənzilin sahəsinin hər kvadrat metri üçün 345 (üç yüz qırx beş) ABŞ dolları olmaqla, cəmi 50.000 (əlli min) ABŞ dollarını Azərbaycan Respublikasının Milli Bankının kursuna uyğun ekvivalent olaraq manatla ödəyir. "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2011-ci il tarixli, 30 saylı protokolundan Çıxarışın məzmunundan görünür ki, İddiaçı MTK-ya ərizə ilə müraciət edərək, onun kooperativinə üzv qəbul edilməsini xahiş etmişdir. Qərara alınmışdır ki, İddiaçı MTK-ya üzv qəbul edilsin və ona MTK-nın Mətbuat prospekti, 3141-ci məhəllə, ev 35 A Kooperativ yaşayış binasında, 1-ci giriş, 4-cü mərtəbə, yaşayış sahəsi 77,68 kv.m, ümumi sahəsi 144,81 kv.m olan 3 otaqlı, 8 saylı mənzil verilsin və dövlət reyestrində daxil edilsin. "xxxx" MTK tərəfindən verilmiş 012/133 saylı, xx.xx.2011-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 3141-ci məhəllədə yerləşən 18 mərtəbəli kooperativ yaşayış binası 35 nömrəli ev "xxxx" MTK-yə məxsusdur. Həmin binanın İ giriş 4-ci mərtəbəsinin ümumi sahəsi – 144,81 kv.m, yaşayış sahəsi – 77,68 kv.n olan 8 saylı 3 otaqlı mənzilin tam dəyəri 16.312,80 AZN payçı İddiaçı tərəfindən tam ödənimişdir. MTK-ya borcu yoxdur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi MA seriyalı ******* nömrəli xx.xx.2011-ci il tarixli **********8 qeydiyyat nömrəli **********89-05301-093036 reyestr nömrəli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 3141-ci məhəllə 35A nömrəli evin ümumi sahəsi 129,3 kv.m, yaşayış sahəsi 78,4 kv.m, yardımçı sahəsi 50,9 kv.m olan 3 otaqlı 8 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdlır. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 380437 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin sürətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən 19 aprel 2021-ci il tarixdə pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 198 nömrə ilə qeyd edilmişdir. Cavabdeh Ələskər qızının qonşuları X2, X4 və X6 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktın məzmunundan görünür ki, Cavabdeh Ələskər qızı 2007-ci ildən indiyədək Mətbuat prospekti, 3141-ci məhəllə, ev 35A ünvandakı 8 saylı mənzildə pasport qeydiyyatındadır və 2007-ci ildən indiyədək həmin mənzildən istifadə edir. Onlar aktın doğruluğu öz imzaları ilə təsdiq etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-944/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı “nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair mülki iş üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 sentyabr 2023-cü il tarixli, 2(103)-5077/2023 nömrəli qətnaməsi iddianın avtomobillərin dəyərinin ½ hissəsinin cavabdeh alınarq iddiaçıya verilməsi hissəsinin təmin edilən hissəsinə aid hissədə ləğv edilməsi və iş həmin hissədə yenidən baxılmaq üçün Apellyasiya Məhkəməsinə göndərilməsi, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 sentyabr 2023-cü il tarixli, 2(103)-5077/2023 nömrəli qətnaməsi iddia tələbinin mənzilin cavabdehlə aralarında ½ paya bölünməsi hissəsinin təmin edilməməsinə aid hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 016/KS/24 nömrəli qiymətləndirmə hesabatından görünür ki, ünvan 3 ünvanında 8 saylı mənzilin yerləşdiyi ərazidə uyğun şəraitdə orta aylıq kirayə haqqını müəyyən etmək üçün qiymətləndirmə işi "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən həyata keçirilmişdir və həmin əmlakın xx.xx.2024-cü il tarixə olan orta aylıq kirayə haqqı 500-600 (beş yüz-altı yüz) manat təşkil edir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 oktyabr 2024-cü il tarixli, 9/56xx-xx/5500 nömrəli ekspert rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş Bakı şəhəri, Yasamal rayonu Mətbuat prospekti 3141-ci məhəllə 35A, 8 nömrəli təmirli mənzilin analoji mənzillərlər müqayisədə hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 293.511,00 manat (129,3 kv.m x2270man) məbləğində müəyyən edilir. Qərardadda qeyd edilən digər sual üzrə Bakı şəhəri, Yasamal rayonu Mətbuat prospekti 3141 -ci məhəllə 35A, 8 nömrəli təmirli mənzilin analoji mənzillərlə müqayisədə 2024-cü il tarixinə kirayə haqqı təxminən - 1200,00 manat müəyyən edilir. 2022-ci il və 2023-cü illər üzrə həmin ərazidə kirayə evlər haqqında yerli internet saytlarında və Mərkəzdə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. “X9 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin YDQM seriyalı, 004-003/2025 saylı, 12 fevral 2025-ci il tarixli rəyinə əsasən, qiymətləndirməyə təqdim edilmiş qiymətləndirmə obyektinin orta aylıq kirayə haqqı dəyərini müəyyən etmək üçün müqayisə yanaşmalından istifadə etməklə, yerinə yetirilən hesablamalar təhlillər nəticəsində uyğun müqaisə vahidləri müəyyən edilmiş, vacib müqayisə elementləri üzrə vahidin dəyəri korrektə edilmiş və nəticədə qiymətləndirmə obyektinin yekun orta aylıq kirayə haqqının dəyəri müəyyən edilmişdir. Beləliklədə aparılmış hesablamalar nəticəsində, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 3141-ci məhəllə 35a nömrəli evin ümumi sahəsi 129.3 kv.m, yaşayış sahəsi 78.40 kv.m, yardımçı sahəsi 50.90 kv.m sahəsən ibarət 3 oraqlı 8 saylı mənzilin aylıq kirayə haqqı qiymətləndirmə obyektinin ümumi sahəsi üzrə 1 aylıq kirayə haqqısı 1100 manat (bir min bir yüz), 1 otaqlı 1 aylıq kirayə haqqı 500-550 manat, 2 otaqlı 1 aylıq kirayə haqqı 600-750 manat kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. 228.2-ci maddəsinə əsasən, Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən, Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. ...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz...” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuş, nikahları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Onlar nikaha daxil olmamışdan əvvəl İddiaçı ilə "xxxx" MTK arasında yaşayış evinin tikintisi ilə bağlı xx.xx.2004-cü il tarixli, 97 nömrəli podrat müqaviləsi bağlanmışdır. "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2011-ci il tarixli, 30 saylı protokolundan çıxarışın məzmunundan görünür ki, İddiaçı MTK-ya üzv qəbul edilməsi və ona MTK-nın Mətbuat prospekti, 3141-ci məhəllə, ev 35 A Kooperativ yaşayış binasında, 1-ci giriş, 4-cü mərtəbə, yaşayış sahəsi 77,68 kv.m, ümumi sahəsi 144,81 kv.m olan 3 otaqlı, 8 saylı mənzilin verilməsi qərara alınmışdır. "xxxx" MTK tərəfindən verilmiş 012/133 saylı, xx.xx.2011-ci il tarixli maliyyə arayışa əsasən MTK tərəfindən inşa olunmuş binanın İ giriş 4-ci mərtəbəsinin ümumi sahəsi – 144,81 kv.m, yaşayış sahəsi – 77,68 kv.n olan 8 saylı 3 otaqlı mənzilin dəyəri payçı İddiaçı tərəfindən tam şəkildə ödənimişdir. Tərəflər arasında bağlanmış nikah Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Hazırda iddiaçı keçmiş həyat yoldaşı Cavabdeh istifadə hüququna kompensasiya verməklə xitam verilməsi və mənzildən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən təklif olunan kompensasiya məbləği 20.000 manat təşkil edir. Ekspert rəyinə əsasən mübahisəli mənzilin yerləşdiyi ərazidə oxşar şəraitli 3 otaqlı mənzilin 2024-cü il tarixinə 1 aylıq kirayə haqqı təxminən – 1100-1200 manat, 2 otaqlı mənzilin 1 aylıq kirayə haqqı 600-750 manat, 1 otaqlı mənzilin aylıq kirayə haqqı 500-550 manat müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təklif olunan 20.000 manat məbləğində kompensasiya cavabdehin maddi vəziyyəti və hazırki dövrdə mənzillərin orta bazar qiymətləri nəzərə alınanda sonuncunun özünü başqa yaşayış sahəsi ilə təmin etməyə, 3 il müddətində kirayədə yaşamağa kifayət etmir. Məhkəmə prosesinin gedişində tərəflərə mübahisənin barışıqla həll edilməsi yönündə təklif edilmiş, lakin tərəflər arasında kompensasiyanın məbləği ilə bağlı razılıq əldə olunmamışdır. Məhkəmə hesab edir ki, təklif olunan kompensasiya Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarında göstərilən “əvəzləşdirilmə”yə uyğun deyildir. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna kompensasiya verməklə xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Eyni zamanda, məhkəmə xərcləri ilə bağlı məsələyə münasibət bildirirək məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 100 (bir yüz) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququna kompensasiya verməklə xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 100 (bir yüz) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilməlidir. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar