Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6011/2025 03.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi" tələbinə dair mülki işə məhkəmənin inziabti binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16 oktyabr 2024-ci il tarixli MAS-6383 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 iyul 2025-ci il tarixə 1082.45 manat gecikdirilmiş əsas, 757.21 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 1047.75 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan, “Khazar SD” minik markalı, 99- PT-039 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 349.15 manat , ümumilikdə 3236.56 manat borc və ödənilmiş 52.37 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 16 oktyabr 2024-cü il tarixli MAS-6383 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 17 % hesablanmaqla 44 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 465.06 manat, ümumilikdə isə 20463 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 20463 manatın 15150 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil 10 iyul 2025-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 349.15 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh MAS-6383 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 iyul 2025-ci il tarixə ümumilikdə 2887.41 manat məbləğində gecikmə borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, kreditlə avtomobil əldə etmişdir. Avtomobili taksi fəaliyyəti üçün almışdı. Avtomobilin üzərində cərimə var idi, texniki pasportu da təqdim etməmişdilər. 3000 manat əvvəlcədən pul ödəmişdi. Müqavilə onunla bağlanıb. Hesab edir ki, iddia tələbində qoyulan məbləğlər həddən artıq artırılaraq qeyd olunmuşdur. Dəymiş zərərə görə tələb olunandan daha az təmir xərci vardır. Verilən suallara cavab olaraq bildirmişdir ki, müqaviləni ləğv etdirməmişdir. Avtomobil Zahid adlı şəxsə verilib, o da avtomobili bir müddət istifadə etdikdən sonra İddiaçı MMC-nin dayanacağına qoymuşdur. İddiaçı xx.xx.2026-cı il tarixdə məhkəməyə elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" MMC (“Lizinq verən”) ilə Cavabdeh (“lizinq alan”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli MAS-6383 saylı “Daxili lizinq müqaviləsi”ndən və onun 1 və 3 nömrəli əlavələrindən görünür ki, Lizinq verən lizinq alanın sifariş etdiyi əmlakı – qiyməti 15.150 manat olan “Khazar SD” markalı, ağ rəngli, BAN: NVAW01HHFME321684 olan, **- PT-*** dövlət qeydiyyat nişanlı avtomobili onun müvəqqəti istifadə və sahibliyinə verməyi, lizinq alan isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 17 % hesablanmaqla 44 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 465.06 manat, ümumilikdə isə 20.463 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli “Daxili lizinq müqaviləsi”nə əlavə Təhvil-Təslim aktından görünür ki, “Khazar SD” markalı, ağ rəngli, BAN: NVAW01HHFME321684 olan, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil satıcı tərəfindən alıcı və lizinq alana saz vəziyyətdə təhvil verilmişdir. AE seriyalı 108470 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Khazar SD” markalı, ağ rəngli, BAN: NVAW01HHFME321684 olan, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir. İddiaçı MMC-nin nümayəndəsi və X1 tərəfindən tərtib olunmuş Avtonəqiyyat vasitəsinin saxlanca qəbulu barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, xx.xx.2025 il tarixdə İddiaçı MMC şirkətinə məxsus olan KHAZAR SD markalı, 99PT039 dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimini aparmışlar. Nəqliyyat vasitəsi duracağa gətrilmişdir. xx.xx.2025-ci il tarixli X3 MMC tərəfindən tərtib olunmuş qüsur aktından görünür ki, “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobildə dəyişdirilməsi olan və aktda qeyd olunan ehtiyat hissələrinin dəyəri ümumilikdə 349,15 manat təşkil edir. xx.xx.2025-ci il tarixli, 1167 nömrəli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh 10 iyul 2025-ci il tarixə 2887.41 manat məbləğində gecikmə borcunun yaranması, həmçinin lizinq obyekti olan “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin tarixdə şirkətinin Bakı şəhərində yerləşən müvəqqəti duracağına yerləşdirilməsi və Servis mərkəzi tərəfindən lizinq obyektinə baxış keçirilməsi ilə və tərtib olunmuş qüsur aktına əsasən avtomobildə 349.15 manat məbləğində qüsur aşkar edilməsi bildirilərək, “Daxili Lizinq” müqaviləsinin 9-cu bəndinə əsasən müqavilə birtərəfli qaydada ləğv ediləcəyi, yaranmış borc və dəymiş zərər ödənilmədiyi halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. "Azari" Express poçt-daşıma kuryer xidməti tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, xx.xx.2025 Azərmaş MMCdən qəbul edilmiş məktub qaimə (992907) Cavabdeh zərf çatdırılmamışdır. Belə ki, xx.xx.2025-ci il tarixində ünvana gedilmiş, lakin şəxs məktubu qəbul etməkdən imtina etmişdir. xx.xx.2025-ci il tarixli, 1271 nömrəli arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, MAS-6383 saylı “Daxili lizinq” müqaviləsi üzrə 10 iyul 2025-ci il tarixə gecikdirilmiş 1082,45 manat əsas borc, 757,21 mükafat borcu, 1047,75 manat cərimə olmaqla, cəmi 2887,41 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda vəyerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə əsasən, Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.8-ci maddəsinə əsasən, Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.9-ci maddəsinə əsasən, Lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-1.12.4-cü maddəsinə əsasən, Lizinq verənin lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-7.1-ci maddəsinə əsasən, Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-11.1. Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: 748-11.1.1. lizinq obyektinin amortizasiya ödənişləri; 748-11.1.2. lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; 748-11.1.3. lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; 748-11.1.4. lizinq verənin mükafatının məbləği; 748-11.1.5. lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; 748-11.1.6. lizinq verənin əlavə xidmətlərinin haqqı; 748-11.1.7. lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC (“Lizinq verən”) ilə Cavabdeh (“lizinq alan”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli MAS-6383 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, qiyməti 15.150 manat olan “Khazar SD” markalı, ağ rəngli, BAN: NVAW01HHFME321684 olan, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Lizinq obyekti olan avtomobil müqavilə üzrə lizinq alan Cavabdeh müvəqqəti sahibliyində olduğu müddət ərzində, o, ödəməli olduğu lizinq ödənişlərini vaxtında və tam icra etməmiş, beləliklə cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Odur ki, iddiaçı lizinq obyektini geri almaq və müqavilə üzrə ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur. MM-nin 462.1-ci, 462.3-cü və 489,70-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddianın cərimənin ödənilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli MAS-6383 saylı “Daxili lizinq” müqavilə üzrə hesablanmış 1047,75 (bir min qırx yeddi manat yetmiş beş qəpik) manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 50 (əlli) manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunvericiliyin tələbindən habelə tərəflər arasında bağlanmış lizinq nüqaviləsinin şərtlərindən göründüyü kimi lizinq obyektinin qəbul protokolu imzalandığı andan lizinq obyektinin təsadüfən məhv edilməsi və zədələnməsi riski lizinq alana keçir və lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq alan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərqi lizinq verənə ödəməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli X3 MMC tərəfindən tərtib olunmuş qüsur aktından görünür ki, “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobildə dəyişdirilməsi olan və aktda qeyd olunan ehtiyat hissələrinin dəyəri ümumilikdə 349,15 manat təşkil edir. Belə olduğu halda, məhkəmə hesab edir ki, mübahisə predmeti olan lizinq obyektinə ziyan dəydiyindən və buna görə məsuliyyəti cavabdeh daşıdığından iddia tələbi həmin hissədə təmin olunmalı, lizinq obyektinin təmir-bərpası üçün 349,15 (üç yüz qırx doqquz manat on beş qəpik) manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən - 2238,81 manat məbləğində təmin edildiyindən dövlət rüsumu olaraq ödənilmiş məbləğ də iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 42,39 manat məbləğində cavabdehdən alınaraq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 16 oktyabr 2024-cü il tarixli, MAS-6283 saylı Daxili lizinq müqaviləsi üzrə 1082,45 (bir min səksən iki manat qırx beş qəpik) manat əsas borc, 757,21 (yeddi yüz əlli yeddi manat iyirmi bir qəpik) manat mükafat, 50 (əlli) manat dəbbə pulu, lizinq obyektinin təmir-bərpası üçün 349,15 (üç yüz qırx doqquz manat on beş qəpik) manat olmaqla, cəmi 2238,81 (iki min iki yüz otuz səkkiz manat səksən bir qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun 42,39 (qırx iki manat otuz doqquz qəpik) manat hissəsi tutularaq İddiaçı MMC-yəödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 16 oktyabr 2024-cü il tarixli, MAS-6283 saylı Daxili lizinq müqaviləsi üzrə 1082,45 (bir min səksən iki manat qırx beş qəpik) manat əsas borc, 757,21 (yeddi yüz əlli yeddi manat iyirmi bir qəpik) manat mükafat, 50 (əlli) manat dəbbə pulu, lizinq obyektinin təmir-bərpası üçün 349,15 (üç yüz qırx doqquz manat on beş qəpik) manat olmaqla, cəmi 2238,81 (iki min iki yüz otuz səkkiz manat səksən bir qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun 42,39 (qırx iki manat otuz doqquz qəpik) manat hissəsi tutularaq İddiaçı MMCyə ödənilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-6011/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6011/2025
03.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver