Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-6014/2023 20.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə cavabdehin nümayəndəsi tərəfindən verilmiş vəsatətə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə vəsatət təqdim edərək, mülki işin məhkəmə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatəti onunla əsaslandırmışdır ki, həm cavabdeh həm iddiaçı tərəf kommersiya subyekti olduğundan Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsinə əsasən işə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək vəsatətin təmin olunmamasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak edərək vəsatətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və etməməsinin səbəbləri barədə məhkəmə məlumat verməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli, mülki iş məhkəmə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1.-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məhkəmə qeyd edir ki, mübahisənin kommersiya mübahisəsi kimi qiymətləndirilməsi üçün 3 əsas dispozitiv şərt lazımdır:
1. Subyektlər (hər ikisi) sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdırlar.
2. Mübahisənin predmeti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır.
3. Subyektlər arasındakı münasibətlər sahibkarlıq münasibətlərdən əmələ gəlməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan hər 3 (üç) şərt birlikdə mövcud olduqda münasibətlər sahibkarlıq münasibətlərindən əmələ gələn münasibət hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1.-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh kommersiya hüquqi şəxsləridir və tərəflər arasında yaranmış münasibətlər üzrə mübahisə sözügedən subyektlərin sahibkarlıq fəaliyyətlərinin həyata keçirilməsi əsasında yaranmaqla mübahisənin predmetinin əsasını kommersiya hüquq münasibətləri təşkil edir. Belə ki, İddiaçı vergi ödəyicisi olmaqla kommersiya subyektidir və mübahisənin kökündə kommersiya hüquq münasibətləri durur. Nəticə etibarilə, mövcud məhkəmə təcrübəsi və qanunvericiliyinin tələbləri əsas götürülməklə iddia tələbinin kommersiya aidiyyatı baxımından yuxarıda qeyd olunan hər 3 (üç) dispozitiv şərt yerinə yetirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci və 45-ci maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə R A R A A L D İ: Vəsatət təmin edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair mülki iş baxılması üçün məhkəmə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər.
Sədrlik edən: Fariz Əlizadə