Məhkəmə qərarları › İş №e-2(004)-6213/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6213/2025

29.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6213/2025 29.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən APPLE MACBOOK PRO 16, ZƏMANƏT + 1 İL xidməti üçün 6256.44 manat ödənilməmiş hissə, 625.64 manat dəbbə, ümumilikdə, 6882.08 manat borc və 88.83 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, APPLE MACBOOK PRO 16, ZƏMANƏT + 1 İL xidməti almış və nəticədə 6882.08 (altı min səkkiz yüz səksən iki manat, 8 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 7116.54 (yeddi min yüz on altı manat, 54 qəpik) manat (yəni 18 ay x 368.03 manat + 492 manat ilkin ödəniş) olan APPLE MACBOOK PRO 16, ZƏMANƏT + 1 İL xidməti üçün ümumilikdə, 6882.08 (altı min səkkiz yüz səksən iki manat, 8 qəpik) manat olmaqla ondan 6256.44 (altı min iki yüz əlli altı manat. 44 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 625.64 (altı yüz iyirmi beş manat, 64 qəpik) manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 860.1 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclasında iştirak etməmiş, elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, ayda 100 manat ödəyə biləcəyini bildirdi və cərimələrin, faizlərin azaldılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 97628 nömrəli nisyə alqı-satqı müqaviləsi və müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavəyə əsasən "xxxx" MMC müştəri Cavabdeh 492 manat ilkin ödəniş etməklə, 18 ay müddətinə hər ay 368.03 manat ödəmək şərtilə qiyməti 7116.48 manat olan APPLE MACBOOK PRO 16, ZƏMANƏT + 1 İL xidməti vermişdir. Müştəri isə müqavilədə göstərilən şərtlərlə malın qiymətini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin 5.1-ci bəndində göstərilən müddət ərzində “Müştərinin” həyata keçirəcəyi növbəti sifarişlər (alışlar) zamanı hazırki müqavilə şərtləri etnilə tətbiq ediləcəkdir. “Mal”ın hansı formada (onlayn və ya mağazada) sifariş verilməsi “Müştərinin” seçimindən asılıdır. Müqavilənin 2.2-ci bəndinə əsasən “Müştəri” qəbul və bəyan edir ki, ********** mobil nömrəsi onun istifadəsindədir. “Müştəri”, həmçinin bu mobil nömrə(lər)dən göndərilən (göndəriləcək) SMS məzmunlarının və məlumatların hər bir halda onun özü tərəfindən göndərilmiş olduğunu qəbul edir və bu halı mübahisələndirmir. Həmin SMS məzmunlar və məlumatlar bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir. Bu bənddə göstərilən mobil nömrə(lər)dən verilmiş sifarişlər üzrə bütün məsuliyyəti müştəri daşıyır. Müqavilənin 2.3-cü bəndinə əsasən “Müştəri” bu Müqavilənin qüvvədə olduğu müddət ərzində əldə etmək istədiyi hər sonrakı “Mal” ilə bağlı niyyətini və həmin “Mal”ı əldə etmə şərtlərini 2.2-ci bənddə göstərilən mobil nömrə(lər) üzərindən SMS vasitəsilə təsdiq edir. “Müştəri”nin təsdiqlədiyi həmin SMS nəticəsində onun “Mal”ın sifarişi (alışı) ilə bağlı müraciəti ABC tərəfindən icraya yönləndiriləcək. Müqavilənin 3.5-ci bəndinə əsasən “Müştəri” “Müqavilə” üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. Müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və 10 il müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olduğu bütün müddət ərzində “Müştəri”nin bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə ABCdən mal və (və ya) xidmət əldə etmək hüququ var. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh 97628 nömrəli müqavilə üzrə qeyd olunan məhsulları tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubuna əsasən iddiaçı cavabdehə göndərilən malların tam saz və korlanmamış vəziyyətdə geri qaytarılmasını, bu mümkün olmadıqda, malların müqaviləyə əlavədə qeyd olunmuş dəyərinin tam şəkildə ödənilməsini təklif etmiş, 3 iş günü ərzində riayət olunmadığı təqdirdə, məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 6256.44 manat əsas, 625.64 manat cərimə borcu olmaqla, cəmi 6882.08 manat borcu yaranmışdır. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Təqdim edilmiş sənədlər əsasında müəyyən olunur ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən irəli gəlir. Bu müqavilələrin şərtlərinə əsasən iddiaçı "xxxx" MMC qiyməti 7116.48 manat olan APPLE MACBOOK PRO 16, ZƏMANƏT + 1 İL xidmətini Cavabdeh verməyi, cavabdeh isə 492 manat ilkin ödəniş etməklə, 18 ay müddətinə hər ay 368.03 manat ödəməyi öhdəsinə götürsə də, cavabdeh öz öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borc hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddiaçının 625.64 manat cərimənin cavabdehdən tutularaq ona ödənilməsi tələbinə münasibətdə, tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu (cərimə) azadılmalı və müvafiq olaraq 293.56 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, eləcə də cavabdehin nisyə alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 6256.44 manat əsas, 293.56 manat cərimə borcu olmaqla, cəmi 6550 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 88.83 manat məbləğində dövlət rüsumunun 85.5 manat məbləği cavabdehə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6256.44 (altı min iki yüz əlli altı manat qırx dörd qəpik) manat əsas, 293.56 (iki yüz doxsan üç manat əlli altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 6550 (altı min beş yüz əlli) manat və dövlət rüsumu olaraq ödənilmiş 85.5 (səksən beş manat əlli qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar