Məhkəmə qərarları › İş №e-2(004)-6215/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6215/2023

29.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6215/2023 29.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, PALTARYUYAN SAMSUNG, SAMSUNG LED TV,YUPİTER asqı üçün 350,77 manat ödənilmiş hissə, 35.23 manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmedi kodu **********75208 XİOMİ REDMİ NOTE 11 markalı telefon, AİWAAT qulaqlıq, MİKSER PHİLİPS üçün 667,5 manat ödənilməmiş hissə, 66,5 manat cərimə olmaqla, ümumilikdə 1120 manat borc, 31.2 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, PALTARYUYAN SAMSUNG, SAMSUNG LED TV, YUPİTER asqı, İmei kodu **********75208 XİAOMİ REDMİ NOTE 11 markalı telefon, AİWAAT qulaqlıq, MİKSER PHİLİPS almış və nəticədə 1120 (bir min yüz iyirmi) manat borc yaranmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1672.02 (bir min altı yüz yetmiş iki manat iki qəpik) manat (18 ay x 92.89 manat + 0 manat ilkin ödəniş) olan PALTARYUYAN SAMSUNG, SAMSUNG LED TV, YUPİTER asqı üçün ümumilikdə 386 (üç yüz səksən altı) manat olmaqla, ondan, 350.77 (üç yüz əlli manat yetmiş yeddi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 35.23 (otuz beş manat iyirmi üç qəpik) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 963 (doqquz yüz altmış üç ) manat (12 ay x 80.25 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********75208 XİAOMİ REDMİ NOTE 11 markalı telefon, AİWA AT qulaqlıq, MİKSER PHİLİPSüçün ümumilikdə 734 (yeddi yüz otuz dörd) manat olmaqla, ondan, 667.5 (altı yüz altmış yeddi manat əlli qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 66.5 (altmış altı manat əlli qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2022-ci il tarixində SAMSUNG LED TV-dən imtina etmiş və məhsul 770.04 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 551.21 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 770.04 manat, digər müqavilə üzrə cəmi ödədiyi məbləğ 295.5 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2022-ci il tarixli, 02691171 nömrəli müqavilədən və müqavilənin tərkib hissəsi olan Əlavədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında ümumilikdə dəyəri 1672,02 manat təşkil edən PALTARYUYAN SAMSUNG, SAMSUNG LED TV, YUPİTER asqının alqısatqısına dair müqavilə bağlamışdırlar. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən 02691171 nömrəli alqı-satqı müqaviləsi üzrə PALTARYUYAN SAMSUNG, SAMSUNG LED TV, YUPİTER asqı tam qüsursuz halda alıcıya təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli, 03951386 nömrəli müqavilədən və müqavilənin tərkib hissəsi olan Əlavədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında ümumilikdə dəyəri 962,99 manat təşkil edən XİOMİ REDMİ NOTE 11 markalı telefon, AİWA AT qulaqlıq, MİKSER PHİLİPS alqı-satqısına dair müqavilə bağlamışdırlar. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən 03951386 nömrəli alqı-satqı müqaviləsi üzrə XİOMİ REDMİ NOTE 11 markalı telefon, AİWA AT qulaqlıq, MİKSER PHİLİPS tam qüsursuz halda alıcıya təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. 22 noyabr 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, xx.xx.2022-ci il trixində SAMSUNG LED TV-dən imtina etmiş və məhsul 770,04 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. 02691171 nömrəli müqavilə üzrə ödənilməmiş məbləğ 350,77 manat; 03951386 nömrəli müqavilə üzrə ödənilməmiş məbləğ 667,5 manat olmaqla, cəmi 1018,27 manat təşkil edir. Cavabdehin ödənişləri gecikdirməsi ilə müqavilə şərtlərini pozduğuna görə hər iki müqavilə üzrə ödəniş cədvəlinin 2-ci bəndinə uyğun olaraq, 02691171 nömrəli müqavilə üzrə 110,4 manat (1.92 manat x 120 gün) ; 03951386 nömrəli müqavilə üzrə 192 manat (0.8 manat x 240 gün) cərimə hesablanmalı olmasına baxmayaraq, cavabdehə güzəşt edilərək 1-ci müqavilə üçün 35.23 manat; 2-ci müqavilə üçün 66,5 manat cərimə hesablanmışdır. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 31,20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və xx.xx.2023-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən onun tərəf olduğu xx.xx.2022-ci il tarixli, 02691171 nömrəli müqavilə üzrə 350,77 manat əsas borc, 35,23 manat cərimə borcu; xx.xx.2022-ci il tarixli, 03951386 müqavilə üzrə isə 667,5 manat əsas borc, 66,5 manat cərimə borcu, olmaqla ümumilikdə 1120 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyaların ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 02691171 nömrəli müqavilə üzrə hesablanmış 35,23 manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 15 manat məbləğində; xx.xx.2022-ci il tarixli, 03951386 nömrəli müqavilə üzrə hesablanmış 66,5 manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 30 manat məbləğində müəyyən edilməsini, ədalətli və məqsədə müvafiq sayır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, 02691171 nömrəli müqavilə üzrə 350,77 manat əsas borc, 15 manat cərimə borcu; xx.xx.2022-ci il tarixli, 03951386 nömrəli müqavilə üzrə 667,5 manat əsas borc, 30 manat cərimə borcu, ümumilikdə hər iki müqavilə üzrə 1063,27 manat borc və dövlət rüsumu kimi ödənilmiş 31,2 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 02691171 nömrəli müqavilə üzrə 350,77 (üç yüz əlli manat yetmiş yeddi qəpik) manat əsas borc, 15 (on beş) manat cərimə borcu; xx.xx.2022-ci il tarixli, 03951386 nömrəli müqavilə üzrə 667,5 (altı yüz altmış yeddi manat beş qəpik) manat əsas borc, 30 (otuz) manat cərimə borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 1063,27 (bir min altmış üç manat iyirmi yeddi qəpik) borc və dövlət rüsumu kimi ödənilmiş 31,2 (otuz bir manat iki qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar