Məhkəmə qərarları › İş №e-2(004)-6285/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6285/2022

29.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6285/2022 29.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “sığorta müqaviləsi üzrə pul tələbi”nə dair kiçik iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “sığorta müqaviləsi üzrə pul tələbi”nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 660 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq, iddiaçı "xxxx" ASCnin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verldikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3, 1096.1-1096.2, 1097.1-ci maddələrini, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25 və 63-cü maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, PXA********** nömrəli, xx.xx.2020 icbari sığorta müqaviləsinə dair məlumatdan müəyyən olunmuşdur ki, "xxxx" ASC tərəfindən X2 məxsus “Kia Rio” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdən bir illik müddətinə İcbari Sığorta Müqaviləsi ilə icbari qaydada sığortalanmışdır. 2021-ci il yanvarın 13-də cavabdeh Bəkirova (Osipova) İnna Yuryevnanın idarə etdiyi “Kia Rio” markalı, **- EU-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Bakıxanov küçəsində “Mazda 3” markalı, **-ZR-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Bakı şəhər DYPİ tərəfindən xx.xx.2021-ci il tarixində lXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və cavabdeh Bəkirova (Osipova) İnna Yuryevna Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Bakı şəhər DYPİ-nin xx.xx.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən cavabdeh Bəkirova (Osipova) İnna Yuryevna Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 2014 saylı qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “Mazda 3” markalı, **-ZR-*** dövlət nömrə nişanlı avtomobilə 660 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 660 manat məbləği zərərçəkmiş şəxs X1 ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2021-ci il yanvarın 13-də cavabdeh Bəkirova (Osipova) İnna Yuryevnanın idarə etdiyi “Kia Rio” markalı, **- EU-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Bakıxanov küçəsində “Mazda 3” markalı, **-ZR-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində “Mazda 3” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. İddiaçı "xxxx" ASC tərəfindən İcbari Sığorta Müqaviləsi ilə icbari qaydada sığortalanmış “Kia Rio” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Bəkirova (Osipova) İnna Yuryevna yol nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmışdır. Bu hal həm özünün vermiş olduğu izahatla, həm də iş materialları ilə tam sübuta yetirilir. İddiaçı "xxxx" ASC tərəfindən baş vermiş yol nəqliyyat hadisəsində zərərə uğramış “Mazda 3” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə ümumilikdə 660 manat məbləğində pul vəsaiti ödənildiyindən, həmin məbləğ Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Eyni zamanda iddia tələbi əsaslı olduğundan məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 660 (altı yüz altmış) manat məbləğində sığorta ödənişinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar