Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-634/2025 22.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqavilələri arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq 11.440 (on bir min dörd yüz qırx) manat məbləğində pul vəsaiti, avtomobilin cavabdehin istifadəsində olduğu müddətdə vurulmuş 1,657.22 (bir min altı yüz əlli yeddi manat iyirmi iki qəpik) manat zərər məbləği olmaqla ümumilikdə 13097.22 (on üç min sıfır doxsan yeddi manat iyirmi iki qəpik) manat və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (“Satıcı”) və Cavabdeh (“Alıcı”) arasında cavabdehin şəxsi istifadəsi üçün avtomobil Alqı-satqısına dair xx.xx.2023-cü il tarixli B- 070-SA-23 saylı Müqavilə imzalanmışdır. Müqaviləyə əsasən satıcı dəyəri ƏDV daxil 88,070.00 (səksən səkkiz min sıfır yetmiş) manat müəyyən edilən Skoda Karoq 1.4 TSİ markalı, buraxılış ili 2023 olan (VİN:TMBJC4NU8P5062547), yeni və yürüşü 0 km olan avtonəqliyyat vasitəsi Satıcı tərəfindən alıcının avtomobilin dəyəri tam ödənilənədək alıcının (iş üzrə cavabdeh) sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən cavabdeh tərəfindən 5,690.00 (beş min altı yüz doxsan) manat ilkin ödəniş edilmiş, ödənilməli olan qalıq borc sayılacaq 82,380.00 (səksən iki min üç yüz səksən) manat məbləği xx.xx.2023-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1,373.00 (bir min üç yüz yetmiş üç) manat olmaqla iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, Cavabdeh müqavilə üzrə ödəniş öhdəliklərini tam və vaxtında icra etməmiş, yəni hər aylıq ödənişi 1373 manat olduğu halda hər dəfə 1300 manat pul ödəmiş və xx.xx.2024-cü il tarixində sonuncu ödənişi etdikdən sonra heç bir aylıq ödəniş etməmiş, sonrakı ayların gecikmələri barədə əməkdaşları tərəfindən cavabdehlə şifahi danışıqlar aparılsa da, xəbərdarlıqlar edilsə də cavabdeh tərəfindən borc ödənilməmiş və sonrakı ayların ödənişindən boyun qaçırmışdır. Öhdəliklərini icra etməməməsi səbəbindən cavabdehə Skoda Karoq 1.4 TSİ markalı, 77AX553 dövlət qeydiyyat nömrəli avtomobilin idarə edilməsinə dair etibarnamə verilməmiş və xx.xx.2024-cü il tarixində qanuni sahibliyinə geri qaytarılmışdır. Bununla bağlı Cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozması səbəbindən, yəni öhdəliklərini lazımınca icra etmədiyinə, avtomobilin qanuni sahibliyinə geri qaytarıldığı tarixlə birlikdə üç ay müddətdə, iddiaçıya ödəməli olduğu məbləği gecikdirdiyinə və ödənişləri etməkdən yayındığına görə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli məktubu ilə müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2023-cü il tarixli B-070-SA-23 saylı müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Bildirmişdir ki, avtomobil iddiaçının qanuni sahibliyinə geri qaytarıldıqdan sonra xx.xx.2024-cü il tarixində İddiaçı MMC-nin servis-təmir mərkəzinə gətirilmiş, avtomobilə baxış keçirilmiş və baxışın nəticəsinə dair akt tərtib olunmuşdur. Həmin baxış əsasında (baxış aktına əsasən) avtomobilin müqavilədən əvvəlki vəziyyətinə qaytarılması və təkrar satışa çıxarılması üçün təmir xərci 1,657.22 (bir min altı yüz əlli yeddi manat iyirmi iki qəpik) müəyyən edilmiş və bununla da cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində İddiaçı MMC-yə real zərər dəymişdir. Eyni zamanda Baxış aktı ilə avtomobilin yürüşü müəyyən edilmiş və faktiki vəziyyəti nəzərə alınmaqla avtomobilin ilinə, yürüşünə (8849 km) və bazar qiymətlərinə uyğun olaraq 25% dəyərdən düşmüşdür. Eyni zamanda bildirmişdir ki, avtomobillə bağlı qeyd olunan xərclər tərəfindən ödənildikdən sonra xx.xx.2023-cü il tarixli B-070-SA-23 saylı müqavilənin 3.2.5-ci bəndinin “a” bölməsinə əsasən Skoda Karoq 1.4 TSİ markalı, buraxılış ili 2023 olan (VİN:TMBJC4NU8P5062547) yenidən satışa çıxarılmış və İddiaçı MMC ilə “X2” MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, B-053-SA-24 nömrəli, alğı-satqı müqaviləsinə əsasən həmin avtomobil dəyəri tam ödənilənədək alıcının müvəqqəti istifadəsinə verilmiş, sonuncu isə müqavilənin qiymətini həmin müqavilə ilə razılaşdırılmış qaydada satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi qiyməti 76,630.00 (yetmiş altı min altı yüz otuz) manat müəyyən edilmişdir. Hal-hazırda sonuncu müqavilə qüvvədə olmaqla Skoda Karoq 1.4 TSİ markalı, buraxılış ili 2023 olan (VİN:TMBJC4NU8P5062547) avtomobil “X2” MMC-nin sahibliyindədir. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli B-070-SA-23 saylı Müqavilənin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən Alıcı Müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilə üzrə ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə, Satıcıməhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. İşin yuxarıda qeyd olunan faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsaslanaraq, hesab edir ki, iş üzrə Cavabdeh alqı-satqı müqavilələri arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq 11.440 (on bir min dörd yüz qırx) (88,070.00 -76,630.00 =11.440,00) manat pul vəsaiti və avtomobilin cavabdehin istifadəsində olduğu müddətdə vurulmuş 1,657.22 manat zərər məbləği olmaqla ümumilikdə 13097.22 (on üç min sıfır doxsan yeddi manat iyirmi iki qəpik) manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - İddiaçı MMC (satıcı) və Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, B-070- SA-23 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı müqavilənin şərtlərinə uyğun olaraq, modeli Skoda Karoq 1.4 TSİ, buraxılış ili 2023 olan avtomobil(lər)i dəyəri tam ödənilənədək texniki saz halda alıcının istifadəsinə verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra alıcının mülkiyyətinə verməyi, alıcı isə təhvil verilmiş avtomobil(lər)i qəbul etməyi və onun qiymətini hazırki Müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində göstərilən avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 88070 manat müəyyən edilir. Tərəflərin razılığı ilə ilkin ödəniş 5690 manat olmaqla, qalan borc isə xx.xx.2023-cü il tarixdən etibarən 60 ay müddətində ayda 1373 manat olmaqla alıcı ödəməyi öz öhdəsinə götürür. Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırki müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq satıcıya ödəməlidir. Gecikdirilən hər gün üçün alıcı satıcıya müqavilənin aylıq ödənişinin 1 faizi həcmində cərimə ödəyəcəkdir. - xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, “Skoda Karoq 1.4 TSİ” modelli avtomobil iddiaçı tərəfindən cavabdehə qüsursuz və texniki saz vəziyyətdə təhvil verilmişdir. - İddiaçı MMC (satıcı) və Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, C- 053-SA-24 saylı alğı-satqı müqaviləsinə əsasən satıcı Müqavilənin şərtlərinə uyğun olaraq, modeli Skoda Karoq 1.4 TSİ, buraxılış ili 2023 olan avtomobil(lər)i dəyəri tam ödənilənədək texniki saz halda alıcının istifadəsinə verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra alıcının mülkiyyətinə verməyi, alıcı isə təhvil verilmiş avtomobil(lər)i qəbul etməyi və onun qiymətini hazırki Müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində göstərilən avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 76630 manat müəyyən edilir. Tərəflərin razılığı ilə ilkin ödəniş 4690 manat olmaqla, qalan borc isə xx.xx.2024-cü il tarixdən etibarən 60 ay müddətində ayda 1199 manat olmaqla alıcı ödəməyi öz öhdəsinə götürür. Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırki müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq satıcıya ödəməlidir. Gecikdirilən hər gün üçün alıcı satıcıya müqavilənin aylıq ödənişinin 1 faizi həcmində cərimə ödəyəcəkdir. - xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, “Skoda Karoq 1.4 TSİ” modelli avtomobil iddiaçı tərəfindən cavabdehə qüsursuz və texniki saz vəziyyətdə təhvil verilmişdir. - İddiaçı MMC-nin təmir aktına əsasən “Skoda Karoq 1.4 TSİ” markalı (VİN:TMBJC4NU8P5062547), **-AX-*** dövlət nömrə nişanlı avtomobilin təmiri üçün ehtiyyat hissələrin və görüləcək işlərin məbləği 1657,22 manat müəyyən edilmişdir. - İddiaçı MMC-nin arayışından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixli, B-070-SA-23 nömrəli alğı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 4557 manat əsas, 1694 manat cərimə borcu vardır. - İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlığa əsasən xx.xx.2024-cü il tarixdən etibarən tərəfindən hər hansı bir ödəniş həyata keçirilməmişdir. xx.xx.2024-cü il tarixindən etibarən B-070-SA-23 nömrəli, xx.xx.2023-cü il tarixli müqaviləyə birtərəfli qaydada xitam verildiyi bildirilmişdir. Məhkəmə iddiaçının avtomobilin təmir aktına əsasən çəkilmiş xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia tələbini əsaslı hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, avtomobilin müqavilənin bağlanmasından əvvəlki vəziyyətə gətirilməsi üçün çəkilməli olan yekun xərc 1657,22 manat müəyyən edilmişdir. Qeyd olunan aktda çəkilmiş xərc cavabdeh tərəfindən mübahisələndirilməmiş, əksini təsdiq edən sübutlar təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pulməbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Bundan başqa iddiaçı iddia tələbində alqı-satqı müqavilələri arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq 11.440 (on bir min dörd yüz qırx) manat məbləğində pul vəsaitinin ödənilməsini tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1). Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər:
1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması;
2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması;
3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı). Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, işin araşdırılan hallarından delikt üzrə məsuliyyətin yaranmasının şərti – zərər vuranın təqsirli və hüquqa zidd əməli, habelə əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu öz təsdiqini tapmadığından iddiaçının cavabdehdən avtomobillərin dəyərdən düşməsi ilə bağlı yaranmış fərqin cavabdehdən tutulması hissəsində iddia təmin edilməməlidir. Beləliklə, iddia qismən təmin edilməli, Cavabdeh maddi ziyanın əvəzi olan 1657,22 (bir min altı yüz əlli yeddi manat iyirmi iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu təmin edilmiş hissəyə mütənasib olaraq qismən, 30 (otuz) manat məbləğində cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi olan 1657,22 (bir min altı yüz əlli yeddi manat iyirmi iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 130 manatın 30 (otuz) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Gülnar Babazadə