Məhkəmə qərarları › İş №e-2(004)-6533/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6533/2025

21.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6533/2025 21.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, İddiaçı iştirak ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən abonent kodu **********00070 olan abonent İddiaçı adına hesablanmış 518 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ona məxsusdur, həmin yaşayış evində istifadə etdiyi qaz sayğacı onun adına qeydiyyata alınmışdır (abonent kodu: **********00070). Qaz sayğacı küçə tərəfdə yerləşir və cavabdehin əməkdaşları ona nəzarət edirlər. Cavabdeh tərəfindən 2022-ci ildə qaz sayğacı dəyişdirilmiş, sonradan onun xəbəri olmadan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 27 aprel 2022-ci il tarixli, ******* nömrəli akt tərtib edilmiş və akta əsasən onun adına 518 manat borc yazılmışdır. Həmin akta görə sayğacın çıxış plasmas borusunun deşilməsi aşkar olunub. Lakin nə o, nə də ailə üzvləri tərəfindən həmin sayğaca heç bir müdaxilə edilməmişdir, buna baxmayaraq “Azəriqaz” İB məsuliyyəti əsassız olaraq onun üzərinə qoymuşdur. Qanunvericiliyə əsasən qaz sayğacının saz vəziyyətdə olmasına görə məsuliyyəti Qaz İstismar İdarəsi daşıyır. Hər ay cavabdehin əməkdaşları sayğacı yoxlayırlar. Hesab edir ki, həmin borc qanunvericiliyin tələbləri pozulmaqla qanunsuz olaraq yazılmışdır. Hazırda məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatı dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək müəyyən edir ki, aşağıdakı əsaslara görə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyi əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, abonent kodu **********00070 olan İddiaçı məxsus ünvanda qaz sayğacına baxış keçirilmiş və sayğacın çıxış plastmas borusunun deşildiyi, hesablama mexanizminin nominal və minimal sərfiyyatda keçən qazın həcmini qed etmədiyi aşkar olunmuşdur. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən abonentə 4320 m3 həcmində məbləğ hesablanmışdır. İş materiallarında olan **********00070 kod nömrəli abonentin saldosundan və çıxarışdan görünür ki, abonentin 2022-ci ilin aprel ayına qədər borcunun olmadığı qeyd olunmuş, daha sonra akta əsasən 518 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən izahata, iş materiallarında olan yazılı sübutlara əsasən müəyyən edildi ki, fiziki şəxs olan istehlakçı iddiaçı üçün qaz sayğacı yaşayış evindən kənarda quraşdırılmış və cavabdeh təşkilatın həmin qaz sayğacına maneəsiz nəzarət imkanı olmuşdur. Belə olan halda, sayğacla bağlı yaranmış problemə görə fiziki şəxs olan istehlakçının hər hansı təqsiri müəyyən edilmədiyindən və sübuta yetirilmədiyindən, habelə mövcud qanunvericiliyə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, iddiaçının barəsində xx.xx.2022-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən borcun hesablanması əsassız hesab olunmalı, bu səbəbdən iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 13.9-cu maddəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 19-cu maddəsinə əsasən, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən istehlakçının sayğaca müdaxilə ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir, ona görə də abonentin təqsirli olması müvafiq orqanın qərarı və ya məhkəmənin qərarı ilə təsdiq edilmədən, hesablanmış məbləğin abonentdən tələb edilməsi əsassızdır. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə, qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən abonent kodu **********00070 olan abonent İddiaçı adına hesablanmış 518 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN : F. HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar