Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6640/2025 14.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı tikilinin boşaldılaraq sökülməsi, yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair iş üzrə (açar sözlər: qanunsuz tikilinin boşaldılaraq sökülməsi, kirayə haqqı, kompensasiya olaraq yeni mənzilin verilməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı tikilinin boşaldılaraq sökülməsi, yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli, 164 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl Qtuqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatəsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4,20 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün İddiaçı MMC-nin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır.
2. Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 1603 nömrəli torpaq icarə müqaviləsinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl Qtuqaşınlı və Mikayıl Müşfiq küçələrinin ərazisində yerləşən 42000 m2 torpaq sahəsi 49 il müddətinə İddiaçı MMC-nin istifadəsinə verilmişdir.
3. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli, 30 nömrəli sərəncamından çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, X1 və Mikayıl Müşfiq küçələrinin əhatəsində İddiaçı MMC-nin icarəsində olan torpaq sahəsində layihələndirilən 14-16-20 mərtəbəli yaşayış binalarına dair şəhərsalma əsaslandırılmaları təsdiq edilmişdir.
4. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-yə Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, X1 və Mikayıl Müşfiq küçələrinin əhatəsində yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün icazə verilmişdir.
5. Cavabdeh faktiki sahibliyində olan tikilinin texniki göstəriciləri barədə İddiaçı MMC tərəfindən təsdiq edilmiş plan-sxemdən görünür ki, tikilinin faktiki sahəsi 20.75 kv.mdir.
6. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətsənayelayihə” DLİ tərəfindən verilmiş Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, X1 və Mikayıl Müşfiq küçələrinin kəsişməsində yerləşən yaşayış evlərinin texniki vəziyyəti haqqında rəydən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı, Mikayıl Müşfiq, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı və Kazım Kazımzadə küçələrinin kəsişməsində yerləşən yaşayış evlərinə vizual baxış keçirilmiş, müəyyən edilmişdir ki, yaşayış evləri mövcud tikinti norma və qaydalarına cavab vermir, yaşayış evləri memarlıq nöqteyi nəzərindən heç bir tarixi əhəmiyyət kəsb etmir. Yaşayış evlərinin yükdaşıyan konstruksiyaları texniki cəhətdən yolverilməz vəziyyətdədir.
7. Təqdim edilmiş layihədən çıxarışdan görünür ki, 16 mərtəbəli yaşayış binasının, bina 6, 3-cü mərtəbədə 2 nömrəli mənzil Cavabdeh veriləcək mənzil olaraq seçilmişdir.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 20.75 kv.m olan qanunsuz tikilinin boşaldılaraq sökülməsi üçün İddiaçı MTKya təhvil verilməsi, İddiaçı MTK tərəfindən ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 20.75 kv.m olan qanunsuz tikilinin əvəzinə yeni tikiləcək binanın 6-cı bloku, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 32 kv.m olan, 2 nömrəli təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan sonra 24 ay müddətinə cavabdehə təhvil verilməsi, sökülməsi nəzərdə tutulan evin İddiaçı MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MTK tərəfindən cavabdehə hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddianın əsaslarına görə, iddiaçı tərəfindən sakinlərə söküləcək evlərin əvəzinə daha əlverişli xüsusiyyətlərə malik, sahələrindən daha artıq olmaqla təmirli mənzillər təklif edilir, eyni zamanda evlərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqları təklif olunur. İddiaçı MMC Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 164 nömrəli sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəlisürür, evləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. Bakı şəhəri,Yasamal rayonu, Ələsgər Əkbərov, Seyfəddin Dağlı, X1 və Mikayıl Müşfiq küçələrinin əhatə etdiyi 4.2 ha torpaq sahəsinin əhatə etdiyi ünvanda yerləşən və kəskin qəzalı vəziyyətdə olan evlərdə yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların evlərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır və evlərin təhlükəli vəziyyətdə olması nəzərə alınaraq bu proses təxirə salınmadan davam etməkdədir. İddiaçı tərəfindən ayrılmış torpaq sahəsində yüzlərlə mülkiyyətçi ilə razılığa gəlinərək köçürülümüş, lakin razılığa gəlinməsi mümkün olmayan sakinlər səbəbindən layihə üzrə tikilməli olan bəzi binaların inşasına başlamaq mümkün olmamışdır. İddiaçı MTK cavabdehə məxsus evin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov, S.Dağlı, İ.Qutqaşınlı və M.Müşfiq küçələrinin kəsişməsində olan ərazidə yerləşən evlərin 250-dən artıq sakini ilə evlərin sökülməsi və yeni mənzilin tikilərək təhvil verilməsi barədə müqavilələr bağlamış, MTK öz üzərinə adıçəkilən evlərin sökülməsi əvəzində müasir standartlara və şəhərin memarlıq üslubuna cavab verən yeni binanın inşa edilərək sakinlərə sahib olduqları evlərin əvəzinə təmirli mənzillərin və bu dövr ərzində sakinlərə hər ay kirayə haqlarının verilməsi öhdəliyini götürmüşdür. Həmçinin sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, ünvan 2 ünvanında yerləşən qanunsuz tikili olan evin mülkiyyətçisi Cavabdeh ilə də danışıqlar aparılmağa çalışılmış, lakin cavabdeh MTK qarşısında əsassız tələblər irəli sürdüyündən nəticədə onunla razılıq əldə olunması mümkün olmamışdır. Cavabdehə digər ev sahibləri kimi, sahib olduğu ünvan 2 ünvanında yerləşən 20.75 m faktiki sahədən ibarət olan evin əvəzinə yeni tikiləcək binada təmirli 32 kv.m yaşayış sahəsi və həmin yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq 500 manat kirayə haqqı, alternativ variant kimi isə cavabdehə məxsus olduğu evin əvəzinə kompensasiya variantı da təklif olunur. Qəzalı vəziyyətdə olan vətəndaşların yaşadığı evlərin sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalarının inşa olunması sahəsində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilk növbədə orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Həmin ərazidə yaşayan digər sakinlərlə razılaşmalar əldə edildiyi halda, cavabdehin əsassız tələblər irəli sürərək bu tədbirin həyata keçirilməsinə mane olması digər sakinlərin də hüquqlarını pozur. Göründüyü kimi, cavabdeh öz hüquqlarından açıq-aşkar sui-istifadə edərək əsassız varlanmaq niyyəti ilə, həm şirkətin fəaliyyətinin iflic edilməsinə və küllimiqdarda ziyan vurulmasına səbəb olur, həm də onlarla insanın mənzil hüquqlarının reallaşdırılmasına əngəl törədir. İddiaçı MTK Bakı Şəhər İcra Hakimiyyəti Başısının sərəncamına, şəhərsalma əsaslandırılmasına,ayrıc aktına, obyektin tikintisinə icazə sənədinə və torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqaviləyə əsasən sözügedən evlərin sökülməsi və yerində şəhərin gözəl görünüşünə uyğun gələn müasir tipli binaların tikilməsi səlahiyyətinə malik olduğundan hazırki tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik olan şəxsdir.
b) iddiaya qarşı etiraz
10. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. c) məhkəmə icraat iştiakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, həmin evdə 4 nəfər yaşayırlar. Anası, 2 övladı və o. 80 kv.m sahəsi olan mənzil istəyir. Aylıq kirayə haqqını da versinlər.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 12. Dövlətin ali məqsədi İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; İİ. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur;
İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.
Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər; Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsəziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz; Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər; Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
15. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar; Maddə 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.
16. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 6. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır: bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların dövlət ehtiyacları üçün alınması; Maddə 50.1. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarı: “O da qeyd edilməlidir ki, hər bir konkret halda mülki hüquqi məsuliyyət tədbirləri tətbiq edilərkən, onların törədəcəyi nəticələr (həm zərərçəkən, həm də zərərvuran şəxslərə münasibətdə) dəymiş zərərə mütənasib olmalı, eyni zamanda fərdi və ümumi maraqların tarazlığı təmin edilməlidir. Əks yanaşma mülki hüququn ümumi əsaslarına zidd olmaqla, ədalət və mütənasiblik prinsiplərinin pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar.”
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Mənzil- Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarı: “Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmələr tərəfindən mübahisəli məsələyə baxılarkən həmin normativ hüquqi akt qüvvədə olmuşdur.”
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi
21. İşin faktiki hallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli, 164 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl Qtuqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatəsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4,20 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün İddiaçı MMC-nin icarə əsasında istifadəsinə verilmiş, bununla bağlı 49 illik icarə müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli, 30 nömrəli sərəncamından çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, X1 və Mikayıl Müşfiq küçələrinin əhatəsində İddiaçı MMC-nin icarəsində olan torpaq sahəsində layihələndirilən 14-16-20 mərtəbəli yaşayış binalarına dair şəhərsalma əsaslandırılmaları təsdiq edilmiş, qeyd edilən ərazidə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün icazə verilmişdir.
22. Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, X1 və Mikayıl Müşfiq küçələrinin kəsişməsində yerləşən yaşayış evlərinin mövcud tikinti norma və qaydalarına cavab vermədiyi, yaşayış evlərinin yükdaşıyan konstruksiyaları texniki cəhətdən yolverilməz vəziyyətdə olması barədə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətsənayelayihə” DLİ tərəfindən verilmiş rəy də iş materiallarına əlavə edilmişdir.
23. İddiaçının istinad etdiyi əsaslar ondan ibarətdir ki, qəzalı vəziyyətdə olan vətəndaşların yaşadığı evlərin sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalarının inşa olunması sahəsində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilk növbədə orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Həmin ərazidə yaşayan digər sakinlərlə razılaşmalar əldə edildiyi halda, cavabdehin əsassız tələblər irəli sürərək bu tədbirin həyata keçirilməsinə mane olması digər sakinlərin də hüquqlarını pozur.
24. Məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq qeyd edir ki, hazırda iddiaçının istifadəsinə verilmiş torpaq sahəsində tikinti işləri aparılır, tikinti işlərinə icazə verilmişdir, həmin ərazidə yerləşən yaşayış sahələri istifadəyə yararsızdır. Bakı Şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsində məqsəd yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisinin təmin edilməsi, nəticədə mənzil fondunun yenilənməsi, yeni, texniki göstəricilərə uyğun yaşayış sahələrinin vətəndaşların sərəncamına verilməsidir.
25. Mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək, yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanırazılaşdırmaq, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək, yaşayış sahələrindən istifadə qaydalarını müəyyən etmək, vətəndaşların yaşayış sahələrindən çıxarılmasınınəsaslarını, qayda və şərtlərini müəyyən etmək, yaşayış sahələri barəsində ayrı-ayrı əqdlərin hüquqi tənzimlənməsi, dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondunyaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək və sair aiddir.
26. Hazırkı mübahisənin obyekti olan sökülməsi tələb edilən yaşayış sahəsi özbaşına tikilidir. Bu fakta dair hər hansı əks arqument irəli sürülməmiş, tikiliyə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim edilməmişdir.
27. Cavabdehin istifadəsində olan yaşayış sahəsinin özbaşına tikili statusunda olması, texniki cəhətdən nasaz və istifadəyə yarasız vəziyyətdə olması onun sökülməsi barədə tələbin təmin olunmasına əsas verir.
28. Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
29. Lakin, hər bir halda, sakinlərin faktiki istifadələrində olan, mənzil ehtiyaclarını qarşılayan yaşayış sahələrinin yerləşdiyi tikili mülkiyyətdə olmasından, yaxud özbaşına tikili statusunda olmasından asılı olmayaraq, sakinlərlə müvafiq razılıq əldə edilmədən, ədalətli kompensasiya ödənilmədən onların yaşayış sahələrindən məhrum edilməsi yolverilməzdir.
30. Hazırkı halda iddiaçı tərəfindən kompensasiya olaraq yeni tikiləcək binanın binanın 6-cı bloku, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 32 kv.m olan, 2 nömrəli təmirli mənzil, həmin mənzilin binanın bünövrəsi qoyulduqdan sonra 24 ay müddətinə cavabdehə təhvil verilməsi şərti ilə təklif edilmiş, cavabdeh bu təklifi qəbul etməmişdir.
31. Cavabdehin məhkəmə iclaslarında bildirdiyinə görə, o kompensasiya olaraq 80 kv.m mənzil tələb etmişdir ki, bu ölçüdə mənzilin verilməsi ədalətli və mütənasib kompensasiya kimi qəbul edilə bilməz.
32. Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
33. Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə əsasən, hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə suiistifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar.
34. Özbaşına tikili olan evin sökülməsi tələbi vətəndaşların, o cümlədən onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin olunması tədbirləri ilə əhatə olunur və cavabdehə məruz qaldıqları təsirin kompensasiyası olaraq sökülən əmlakın sahəsindən 20 faiz artıq sahəli təmirli mənzillərlə təmin olunması, həmçinin kirayə haqqının ödənilməsi, Konstitusiya Məhkəməsinin qərarlarında bəhs olunan mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsaslardan biri kimi çıxış edir. Bu kontekstdə, bir şəxsin əmlaka dair hüquqları digərlərinin hüquqlarından üstün sayılmamalı, əmlak hüquqlarının həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalı, daşınmaz əmlak üzərində hüquq müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməli, Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulması hallarında hüquq sahibləri öz hüquqlarından sui-istifadə etməməli, sökülən əmlakın əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməməlidirlər. Belə ki, hüquq sahibləri ilə razılığın əldə olunmasının qeyri-mümkünlüyü digər şəxslərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.
35. Göründüyü kimi, cavabdehin istədiyi həcmdə kompensasiya ədalətli və ağlabatan deyil, bu baxımdan, tərəflərin başqa formada olmadığından, iddiaçının təklif etdiyi sahədə mənzil yeni yaşayış sahəsi olaraq ədalətli və qanuni kompensasiyadır. Cavabdehin istifadəsində olan yaşayış sahəsinin faktiki sahəsi ilə bağlı mübahisə olmamışdır. İddiaçı tərəfindən kompensasiya qismində veriləcək mənzilin sahəsi də iddiaçının faktiki istifadəsində olan sahədən artıq olmaqla mövcud məhkəmə təcrübəsinə uyğundur.
36. Yeni mənzil verilənədək cavabdehin mənzil ehtiyaclarının qarşılanması üçün kirayə haqqının verilməsi tə təmin edilməlidir və təklif edilən 500 manat məbləğdə kirayə haqqı məbləği də ədalətli olmaqla, daşınmaz əmlak bazarında oxşar şəraitli mənzillərə dair bağlanmış kirayə müqavilələrinin kirayə haqqına uyğundur. Analoji işlər üzrə oxşar sahəli mənzillərə dair müvafiq mütəxəssis rəyləri iddiaçı tərəfindən təqdim edilmişdir.
37. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən faktiki sahəsi 20,75 kv.m olan qanunsuz tikili boşaldılaraq sökülməsi üçün İddiaçı MMC-yə təhvil verilməli, İddiaçı MMC tərəfindən ünvan 1 ünvanında yerləşən faktiki sahəsi 20.75 kv.m olan özbaşına tikilinin əvəzinə yeni tikiləcək binanın binanın 6-cı bloku, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 32 kv.m olan, 2 nömrəli təmirli mənzil binanın bünövrəsi qoyulduqdan sonra 24 ay müddətinə Cavabdeh təhvil verilməli və sökülməsi nəzərdə tutulan evin İddiaçı MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməlidir.
38. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən faktiki sahəsi 20,75 m olan qanunsuz tikili boşaldılaraq sökülməsi üçün İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilsin. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvan 1 ünvanında yerləşən faktiki sahəsi 20.75 m olan qanunsuz tikilinin əvəzinə yeni tikiləcək binanın 6-cı bloku, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 32 kv.m olan, 2 nömrəli mənzil binanın bünövrəsi qoyulduqdan sonra 24 ay müddətinə Cavabdeh təhvil verilsin. Sökülməsi nəzərdə tutulan evin İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh hər ay 500 manat məbləğində kirayə haqqı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə