Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-665/2024 10.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan mənzil üçün artıq alınan 14290,81 manat məbləğində pulun, 1000 manat vəkilə ödənilən xidmət haqqının və 136 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MTK-dan alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" ASC və Cavabdeh MTK arasında üçtərəfli müqavilə bağlanmışdır. Müqavilənin predmeti ondan ibarətdir ki, Cavabdeh MTK (satıcı) inşa etdiyi ona məxsus olan, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 56C, M13, m1 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 119.86 kvadratmetr olan 134.240 (yüz otuz dörd min iki yüz qırx) manat dəyərində mənzili iddiaçının mülkiyyətinə verməli, qarşılığında isə həmin mənzilin dəyərinin 34.240 (otuz dörd min iki yüz qırx) manat məbləğində hissəsi iddiaçı tərəfindən, qalan 100000 (yüz min) manat məbləğində hissəsi isə "xxxx" ASC (Kreditoripoteka saxlayan) ilə aralarında bağlanmış 038-19/İ saylı kredit müqaviləsi üzrə "xxxx" ASC (Kreditor-ipoteka saxlayan) tərəfindən iddiaçıya ayrılmış 300 ay müddətinə illik 7 faiz olmaqla kredit hesabına satıcıya ödənilməli və qarşılığında həmin əmlak ipoteka ilə yüklü edilməli idi. Tərəflər arasında bağlanmış Müqaviləyə əsasən mənzilin pay dəyəri tam ödənilmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilmiş və kredit məbləği hazırda ödənilməkdədir. Lakin bu yaxınlarda iddiaçı mənzilə çıxarış alan zaman ona məlum olmuşdur ki, cavabdehə tam ödəniş edilməsinə baxmayaraq öhdəliyə uyğun olmayan 107.10 kv.metr sahəli mənzil təhvil verilmişdir. Belə ki, müqavilə şərtlərinə uyğun olaraq iddiaçının yaşadığı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 56C, M13, m1 saylı mənzilin sahəsi 119.86 kvadratmetr deyil, 107.10 kvadratmetrdir. Yəni mövcud olmayan 12.76 kvadratmetr mənzil sahəsi üçün iddiaçıdan 14290,81 manat pul vəsaitini artıq alınmışdır. Bununla da iddiaçıya əhəmiyyətli dərəcədə zərər vurulmuşdur. Belə ki, iddiaçının aldığı mənzilin müqavilə üzrə bir metr kvadratı təxminən 1119,97 manat təşkil edir (134.240,00:119,86=1119,97). Faktiki təhvil verilən mənzil 107.10 kvadratmetr olduğundan cavabdeh iddiaçıdan 12.76 kvadratmetr sahənin dəyərini artıq almaqla ümumilikdə ona (12.76x1119,97=14290,81) 14290,81 manat məbləğində maddi ziyan vurmuşdur. Həmçinin həmin pul vəsaitini 25 illik kredit vasitəsilə aldığı hesab edilsə, ona dəymiş ziyanın daha da artacağı istisna olunmur. Halbuki, həmin müqavilənin 1.2.2ci bəndinə əsasən göstərilən mənzil 3 otaqdan ibarət olmaqla, mənzilin ümumi sahəsi 119.86 kvadratmetr olması göstərilmişdir. Göründüyü kimi, cavabdeh müqavilənin 1.2.2-ci bəndinin tələblərini kobud şəkildə pozaraq müqavilədə nəzərdə tutulmuş ölçüdən az sahəli mənzili təhvil vermişdir. Yəni, cavabdeh müqavilə öhdəliklərinə tam əməl etməmiş və nəticə də iddiaçının hüquqlarını pozmuş, olmayan ölçüyə görə artıq pul vəsaiti alınmış nəticədə ona küllü miqdarda maddi ziyan vurmuşdur. İddiaçı qeyd olunan məsələni aydınlaşdırmağa çalışmış, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməkdən yayınmışdır. Bundan əlavə iddiaçı hüquqi yardım üçün “Mirzəyev və Partnyorları” Vəkil Bürosu ilə “hüquqi yardımın göstərilməsi haqqında” 909 saylı, xx.xx.2023-cü il tarixli müqavilə bağlamış və 1000 manat ödəniş etmişdir. Daha sonra, Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə təqdim edərək, bildirmişdir ki, xx.xx.2019-cu il tarixli mənzil açarının təqdim edilməsi aktından da göründüyü kimi iddia müddəti ötürülmüşdür. Yəni podrat əsasları ilə mənzilə dair 1 illik iddia tələbinin müddəti keçmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia müddətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddianı müdafiə edir. İddiaçı ilə "xxxx" ASC və Cavabdeh MTK arasında üçtərəfli müqavilə bağlanmışdır. Müqavilənin predmeti ondan ibarətdir ki, Cavabdeh MTK (satıcı) inşa etdiyi ona məxsus olan, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 56C, M13, m1 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 119.86 kvadratmetr olan 134.240 (yüz otuz dörd min iki yüz qırx) manat dəyərində mənzili iddiaçının mülkiyyətinə verməli, qarşılığında isə həmin mənzilin dəyərinin 34.240 (otuz dörd min iki yüz qırx) manat məbləğində hissəsi iddiaçı tərəfindən, qalan 100000 (yüz min) manat məbləğində hissəsi isə "xxxx" ASC (Kreditor-ipoteka saxlayan) ilə aralarında bağlanmış 038-19/İ saylı kredit müqaviləsi üzrə "xxxx" ASC (Kreditor-ipoteka saxlayan) tərəfindən iddiaçıya ayrılmış 300 ay müddətinə illik 7 faiz olmaqla kredit hesabına satıcıya ödənilməli və qarşılığında həmin əmlak ipoteka ilə yüklü edilməli idi. Tərəflər arasında bağlanmış Müqaviləyə əsasən mənzilin pay dəyəri tam ödənilmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilmiş və kredit məbləği hazırda ödənilməkdədir. Lakin bu yaxınlarda iddiaçı mənzilə çıxarış alan zaman ona məlum olmuşdur ki, cavabdehə tam ödəniş edilməsinə baxmayaraq öhdəliyə uyğun olmayan 107.10 kv.metr sahəli mənzil təhvil verilmişdir. Belə ki, müqavilə şərtlərinə uyğun olaraq iddiaçının yaşadığı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 56C, M13, m1 saylı mənzilin sahəsi 119.86 kvadratmetr deyil, 107.10 kvadratmetrdir. Yəni mövcud olmayan 12.76 kvadratmetr mənzil sahəsi üçün iddiaçıdan 14290,81 manat pul vəsaiti artıq alınmışdır. İddiaçı qeyd olunan məsələni aydınlaşdırmağa çalışmış, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməkdən yayınmışdır. İş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert rəyinə əsasən mənzilin faktiki ümumi sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan) 111,1 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Belə olan halda müqavilə öhdəlikləri üzrə fərqin 8,7 kvadratmetr olması aydın olur. Bundan əlavə iddiaçı hüquqi yardım üçün “Mirzəyev və Partnyorları” Vəkil Bürosu ilə “hüquqi yardımın göstərilməsi haqqında” 909 saylı, xx.xx.2023-cü il tarixli müqavilə bağlamış və 1000 manat ödəniş etmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Onlar iddia ərizəsində müqavilə və çıxarışda göstərilən mənzil sahəsinin fərqini tələb etmişlər, lakin ekspert rəyinə etiraz etmirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Ekspert rəyinə əsasən də müəyyən olunur ki, mənzilin ümumi sahəsi 119,8 kvadratmetrdir. Müqavilədə də tam sahə qeyd edilmişdir. Hesab edirlər ki, tərəflərindən hər hansı pozuntu olmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Beləliklə məhkəmə tərəflərin izahatını dinləyib sübutlara və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MTK (satıcı), "xxxx" ASC (ipoteka saxlayan) və İddiaçı (alıcı-ipoteka qoyan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli “İlkin bazardan alqısatqı və ipoteka müqaviləsi”ndən görünür ki, satıcı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 56C, M13, m.1 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX-ın 1 saylı Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********31-05301-093172 olan hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən ona məxsus mənzili alıcı-ipoteka qoyanın mülkiyyətinə verir. Müqavilənin 1.2.2-ci bəndinə əsasən mənzilin ümumi sahəsi 119,86 kv.metr göstərilmişdir. Müqavilənin 1.4-cü bəndinə əsasən mənzilin satış qiyməti 134240 manatdır, mənzilin dəyərinin 34240 manat məbləğində olan hissəsi alıcı-ipoteka qoyanın özü tərəfindən, 100000 manat məbləğində olan hissəsi isə kreditor-ipoteka saxlayan və alıcı-ipoteka qoyan arasında Bakı şəhərində bağlanmış xx.xx.2019-cu il tarixli 038-19/İ nömrəli kredit müqaviləsinə əsasən kreditor-ipoteka saxlayan tərəfindən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında imzalanmış xx.xx.2019-cu il tarixli 038-19/İ nömrəli kredit müqaviləsindən görünür ki, kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 100000 manat məbləğində illik 7 faiz dərəcəsi ilə 300 ay müddətinə ipoteka krediti verməyi, borcalan isə kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirməyi öhdəsinə götürmüşdür. Kredit borcalana Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 56C, M13, m.1 ünvanında yerləşən daşınmaz əmlakın alınmasına verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 56C, M13, m1 ünvanında yerləşən 107,10 kv.metr mənzil xx.xx.2021-ci il tarixində İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/988 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 56C, M13, m1 ünvanında yerləşən mənzilin faktiki ümumi sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan) 111,1 kv.m, həmin mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 119,8 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh MTK-nın “mənzil açarının təqdim olunması” barədə xx.xx.2019-cu il tarixli Aktından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 56C, M13, m.1 ünvanında yerləşən mənzilin açarı xx.xx.2019-cu il tarixdə İddiaçı təqdim olunmuşdur. İş materiallarında olan İddiaçı ilə Vəkil arasında imzalanmış “Hüquqi yardımın göstərilməsi haqqında” xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, bu müqaviləyə görə vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürmüşdür. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 1000 manat müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 1000 manat məbləğində pul vəsaiti Mirzəyev və Partnyorları Vəkil Bürosunun hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 136 manat məbləğində dövlət rüsumu məhkəmənin hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin qeyd edilən maddələrinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 577.1. Alıcıya verilməli əşyaların miqdarı alğı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. 578.1. Satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin qeyd edilən maddələrinə əsasən: 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh “Sosial Mənzil" MTK arasında xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti ondan ibarətdir ki, “Sosial Mənzil" MTK (satıcı) inşa etdiyi ona məxsus olan, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 56C, M13, m.1 ünvanında yerləşən ümumi sahəsi 119,86 kv.metr olan 134240 manat dəyərində mənzili iddiaçının mülkiyyətinə verməli, iddiaçı isə qarşılığında həmin mənzilin dəyərini ödəməlidir. Müqavilə üzrə mənzilin hər kvadrat metrinin qiyməti 1119,97 (134240: 119,86 =1119,97) manat təşkil edir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən mənzilin pay dəyəri tam olaraq iddiaçı tərəfindən ödənilmiş və müqavilə üzrə öhdəliklər tam şəkildə yerinə yetirilmişdir. Lakin mənzilə iddiaçı çıxarış alan zaman ona məlum olmuşdur ki, cavabdehə tam ödəniş etməsinə baxmayaraq öhdəliyə uyğun olaraq mənzil ona təhvil verilməmişdir. Həmin müqavilənin 1.2.2-ci bəndinə əsasən göstərilən mənzilin tam sahəsinin 119,86 kvadratmetr olduğu göstərilmişdir. Çıxarışda isə mənzilin sahəsi 107,10 kv.metr göstərilmişdir. Hazırda iddiaçı mövcud olmayan 12.76 (119,86-107,10= 12,76) kvadratmetr mənzil sahəsi üçün iddiaçıdan artıq alınmış 14290,81 manat pul vəsaitinin ona geri qaytarılmasını tələb edir. Məhkəmə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 56C, M13, m1 ünvanında yerləşən mənzilin faktiki ümumi sahəsini, habelə mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsini müəyyən etmək üçün xüsusi bilik tələb edildiyinə görə, iş üzrə tikinti-texniki ekspertizası təyin etmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-10/988 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 56C, M13, m1 ünvanında yerləşən mənzilin faktiki ümumi sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan) 111,1 kv.m, həmin mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 119,8 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Məhkəmə qeyd edir ki, yaşayış sahəsinin alınması ilə bağlı formalaşmış praktika, işgüzar adətlər mövcuddur. Yaşayış sahəsinə ehtiyacı olan şəxsin həmin münasibətlərə girərkən əldə edəcəyi əsas məqsədlərdən biri mənzilin yaşayış sahəsinin ölçüsüdür. Müqavilədə yaşayış sahəsinin ölçüsünün göstərilməsi, ilk olaraq alıcının həmin ölçüyə uyğun yaşayış sahəsinə sahib olacağına əminlik verir. Ona görə müqavilədəki qeyri-müəyyən hallar (sahəsinin qanunvericiliyin tələblərinə uyğun deyil, başqa qaydada hesablanması və s.) alıcının deyil, tikintini həyata keçirən və mənzil satışı ilə məşğul olan tərəfin ziyanına şərh edilməlidir. Tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, onun hesablanma şərtlərini və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə dəyişdirilməsi yolverilməzdir. Formalaşmış məhkəmə təcrübəsinə görə də, analoji işlərdə mənzilin ümumi sahəsi eyvan (lociya) sahələrinə əmsal tətbiq edilmədən, daxili sahələr isə divaraltı sahələr nəzərə alınmadan hesablanır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/988 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 56C, M13, m1 ünvanında yerləşən mənzilin faktiki ümumi sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan) 111,1 kv.m təşkil etdiyi öz təsdiqini tapmışdır. Göründüyü kimi, iddiaçı müqavilənin tələblərini tam olaraq icra etsə də cavabdeh müqavilənin şərtlərini pozaraq müqavilədə nəzərdə tutulmuş ölçüdən az sahədən ibarət mənzili ona təhvil vermişdir. Məhkəmə qeyd edir ki, müqavilə öhdəlikləri üzrə fərqin 8,7 kv.m (119,86-111,1=8,7 kv.m) olması və hər kvadrat metri üçün 1119,97 manat təşkil etməsi nəzərə alınmaqla cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməməsi nəticəsində iddiaçı tərəfindən cavabdehə 9743,74 (8,7x1119,97) manat əsassız pul vəsaiti ödənilmişdir. Bu baxımdan həmin pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MTK-dan 9743,74 (doqquz min yeddi yüz qırx üç manat yetmiş dörd qəpik) manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə, iş üzrə konkret halları nəzərə almaqla 1000 manat hüquqi xidmət haqqını ağlabatan məbləğ hesab edərək, həmin məbləğin də Cavabdeh MTK-dan iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Həmçinin məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 86,66 (səksən altı manat altmış altı qəpik) manat pul cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 49,34 (qırx doqquz manat otuz dörd qəpik) manat (136-86,66=49,34) iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 50 (əlli) manat pul da Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəyə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi üzrə 6 illik (daşınmaz əmlaklarla bağlı müqavilə tələbləri) iddia müddəti ötürülməmişdir. İddia müddətinin ötürülməsinin əsasları cavabdeh tərəfindən sübuta yetirilməmişdir. İş materiallarında olan Cavabdeh MTK-nın “mənzil açarının təqdim olunması” barədə xx.xx.2019cu il tarixli Akt ilə müəyyən edilir ki, sözügedən mənzil xx.xx.2019-cu il tarixdə alıcıya təhvil verilmişdir, iddia ərizəsi isə məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Deməli iddia tələbi üzrə 6 illik iddia müddəti ötürülməmişdir. Belə ki, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsindən görünür ki, cavabdeh iddiaçı ilə onun arasında bağlanmış müqaviləni podrat müqaviləsi kimi qiymətləndirmiş və AR MM-nin 776.1-ci maddəsində nəzərdə tutulan sifarişçinin icranın qüsuru ilə bağlı işi qəbul etdiyi gündən 1 il ərzində tələb irəli sürə biləcəyinə istinad etmişdir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı gətirdiyi dəlilə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında tikintisi başa çatmış və dövlət reyestrində qeydə alınmış mənzilin alqı-satqısına dair müqavilə (Cavabdeh MTK və İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli “İlkin bazardan alqı-satqı müqaviləsi”) bağlanmışdır, həmin müqavilənin podrat müqaviləsi kimi qiymətləndirilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh MTK-dan 9743,74 (doqquz min yeddi yüz qırx üç manat yetmiş dörd qəpik) manat, hüquqi yardıma görə ödənilmiş 1000 (bir min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 86,66 (səksən altı manat altmış altı qəpik) manat pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 49,34 (qırx doqquz manat otuz dörd qəpik) manat (136-86,66=49,34) iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 50 (əlli) manat pul Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Kərim Xudayev