Məhkəmə qərarları › İş №e-2(004)-6691/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6691/2025

19.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6691/2025 19.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 393,55 manat əsas borcun, 30 manat cərimənin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Neftçala filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 11/20-66 saylı alqı-satqı müqaviləsinə əsasən, cavabdeh Neftçala rayonu, Boyat kəndi ərazisində 10,00 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 7828,90 manat məbləğində vəsaiti avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən, o, götürdüyü avans vəsaitin dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 92,00 manat məbləğində çöp doğrama, 703,20 manat məbləğində şum, 308,00 manat məbləğində ağır diskli mala, 510,00 manat məbləğində mala, 217,00 manat məbləğində çiyid səpini, 160,00 manat məbləğində kultivasiya, 78,00 manat məbləğində dərman səpini, 1050,00 manat məbləğində pambığın maşınla yığımı, 99,20 manat məbləğində baraza gübrə səpini, 2600,00 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans, 168,30 manat məbləğində dərman, 1843,20 manat məbləğində lifsiz çiyid, ümumilikdə, 7828,90 manat məbləğində dəyərində işlər görülmüş, xidmətlər göstərilmiş, avans verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, 7341,18 kq, 5135,35 manat məbləğində xam pambıq təhvil vermiş, 2300,00 manat məbləğində nəğd ödəmə nəzərə alınmaqla, çəkilmiş xərclərdən hazırkı dövrə kimi 393,55 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. Eyni zamanda, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 2.2.3-ci bəndinə əsasən, hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0,1% həcmində, 10%-dən artıq olmamaq şərtilə cərimə ödənilməlidir. Göründüyü kimi, Cavabdeh borcun ödənilməsi ilə bağlı öhdəliyini icra etməkdən imtina etməklə iddiaçının mənafeyinə zərər vurmuş, bununla da onun barəsində müqavilənin 2.2.3-cü bəndinə əsasən ödənilməyən məbləğin 10% həcmində 30,00 manat məbləğində cərimə tətbiq edilmişdir. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 284-5.1 və 284-5.2-ci maddələrinə əsasən ona göndərilmiş rəsmi bildirişlə bağlı müəyyən edilmiş qaydada iddiaya qarşı hər hansı əsaslandırılmış yazılı etiraz bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, iş materiallarında olan 11/20-66 nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış həmin 11/20-66 nömrəli, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh Neftçala rayonu, Boyat kəndi ərazisində yerləşən 10,0 ha torpaq sahəsində pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli iş və xidmətlərin yerinə yetirilməsinə dair Aktın, ödəniş tapşırıqlarının surətlərindən görünür ki, tərəflər arasında qarşılıqlı hesablaşma üzrə üzləşmə aparılmış, nəticədə cavabdehin 2693,55 manat borcunun qaldığı müəyyən edilmiş və 2300 manat ödəmə nəzərə alınmaqla hazırda cavabdehin cəmi 393,55 manat borcu qalmışdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə, üzləşmə aktına və ödəniş sənədlərinə əsasən iddiaçının cavabdehdən 393,55 manat əsas borcu və 30 manat cəriməni tələb etməsi tam əsaslıdır, ona görə də iddia əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 284-1 - 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 393,55 manat əsas borc, 30 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 453,55 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN : F. HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar