Məhkəmə qərarları › İş №e-2(004)-6730/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6730/2025

26.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6730/2025 26.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı” borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı ”borcun silinməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 107 kv.m-dən ibarət olan fərdi yaşayış evinin **********90000 abonentinə dair Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən itirillmiş enerji sərfiyyatına görə hesablanmış 5.688,25 manat borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş **********65-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 05 oktyabr 2020-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışına əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 107 kv.m-dən ibarət fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Belə ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri tərəfindən 17 noyabr 2025-ci il tarixdə elektrik sayğacına baxış zamanı 018236 saylı akt tərtib edilmiş və həmin akta əsasən müəyyən olunmuşdur ki, elektrik sayğacına üzərində "xxxx" ASC-nin kompüter məlumat bazasına daxil edilməmiş”1461”(bir min dörd yüz altmış bir) elektrik sərfiyyatı saxlanılmışdır, eyni zamanda beləki, sayğac göstərici bazasında 12 noyabr 2025-ci il tarixdə 166810 daxil edilmiş (34 gün), lakin faktiki göstərici 168271 (5 gün) təşkil edir. Həmçinin, sayğacın alt qapaq möhüründə müdaxilə izləri müşahidə edilməsi, dövlət möhürünün trosu yenidir. Bu səbəbdən EEİQ uyğun sayğac yenisi ilə əvəz edilməsi və sayğacın bütün parametrləri üzrə rəy verilməsi tələb olunmuşdur. Bundan sonra, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri tərəfindən ******* nömrəli, 17 noyabr 2025-ci il tarixli Protokola əsasən həmin ünvanda yerləşən elektrik sayğacı yenisi ilə əvəz edilmişdir. Bununla bağlı iddiaçı məhkəmənin diqqətinə çatdırır ki, elektrik sayğacı fərdi yaşayış evindən kənarda yerləşir bu səbəbdən həmin elektrik sayğacında başverən qüsurlara görə iddiaçı məsuliyyət daşıya bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, sayğac fərdi yaşayış evindən kənarda yerləşir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İzahatına əlavə olaraq bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçının yaşadığı mənzildə quraşdırılmış sayğaca baxış keçirilmiş, baxış zamanı sayğaca müdaxilə halları, həmçinin alt plombların sındırılmış, dəyişdirilmiş olması aşkar edilmişdir. Həmçinin sayğacın üzərində kompüter məlumat bazasına daxil edilməmiş sərfiyyatlar aşkar edilmişdir. İddiaçı məişət abonenti kimi cavabdehlə müqavilə bağlasa da, həmin ərazidə avtoyuma məntəqəsi işlətmiş, texniki şərt almadan həmin sayğacdan istifadə etmişdir. Sayğac laboratoriyaya göndərilmiş, laboratoriya mərkəzi tərəfindən də sayğaca müdaxilə halları təsdiqini tapmışdır. Həmin ev həyət evidir. Sayğac həyətin girişində yerləşir. Avtoyuma məntəqəsi yolun digər tərəfində yerləşir. İddiaçı evindən keçən elektrik xəttini qeyri-yaşayış sahələrinə quraşdıraraq, elektrik enerjisini talamışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 107 kv.m-dən ibarət olan fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, NİM 018236 nömrəli Aktında qeyd edilmişdir ki, abonent kodu **********90000 olan Məmmədov Müzəffərə məxsus ünvan 2 ünvanında quraşdırılmış elektrik sayğacına azərişıq əməkdaşları tərəfindən baxış keçirilən zamanı məlum olmuşdur ki, elektrik sayğacına üzərində "xxxx" ASC-nin kompüter məlumat bazasına daxil edilməmiş “1461”(bir min dörd yüz altmış bir) elektrik sərfiyyatı saxlanılmışdır, eyni zamanda beləki, sayğac göstərici bazasında 12 noyabr 2025-ci il tarixdə 166810 daxil edilmiş (34 gün), lakin faktiki göstərici 168271 (5 gün) təşkil edir. Həmçinin, sayğacın alt qapaq möhüründə müdaxilə izləri müşahidə edilir, dövlət möhürünün trosu yenidir. Bu səbəbdən EEİQ uyğun sayğac yenisi ilə əvəz edilməsi və sayğacın bütün parametrləri üzrə laboratoriya şəraitində rəy verilməsi tələb olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin ******* nömrəli, 17 noyabr 2025-ci il tarixli məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokoldan görünür ki, 018236 nömrəli Akta əsasən həmin ünvanda yerləşən elektrik sayğacı dəyişdirilmişdir. İş materiallarında olan 18 noyabr 2025-ci il tarixli elektrik sayğacının yoxlanılması haqqında 162/02 nömrəli protokola əsasən abonent kodu **********90000 olan elektrik sayğacına baxış keçirilərkən müəyyən edilmişdir ki, təqdim edilən 041001 nömrəli qırmızı dövlət möhürü kompüter bazasında 12.11.07-ci ildə qeydiyyata salınmasına baxmayaraq, möhürün üzərində İİ rüb 2008-ci il qeyd olunub, bu səbəbdən 041001 nömrəli dövlət möhürü və 331733 nömrəli alt qapaq möhürləri saxtadır. Sayğaca müdaxilə edilib. İş materiallarına əlavə edilmiş abonent kodu **********90000 olan Məmmədov Müzəffərin adına olan abonentin saldosundan görünür ki, ünvan 2 ünvanı üzrə işıq sayğacından kənar xətdən istifadə üzrə xx.xx.2025-ci il tarixdə 5688.75 manat məbləğində borc müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələbdən görünür ki, Məmmədov Müzəffərə məxsus ünvan 2 ünvanında quraşdırılmış elektrik sayğacına azərişıq əməkdaşları tərəfindən baxış keçirilən zamanı məlum olmuşdur ki, elektrik sayğacının üzərində "xxxx" ASC-nin kompüter məlumat bazasına daxil edilməmiş 1461 kvts sərfiyyat aşkar olundu, elektrik sərfiyyatı saxlanılmışdır, eyni zamanda beləki, sayğac göstəricisi 168271 (5 gün) təşkil edir. Həmçinin, sayğacın alt qapaq möhüründə müdaxilə izləri müşahidə edilir, dövlət möhürünün trosu yenidir. Borc 5688.75 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, X2 xx.xx.2017-ci ildə ölmüşdür. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»-nın 8.1-8.3-cü bəndinə görə dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektik enerjisindən istifadə Qaydaları”nın 8.4-cü bəndinə əsasən 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövüründə ona buraxılmış elektrik enerjisinin haqqını enerji təchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Dövlət elektroenergetika müəssisəsindən enerji təchizatı müəssisəsinə, enerji təchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 8.26-cı bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar özünəxidmət üsuluna, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. Göstərilən Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Eyni Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 17 noyabr 2025-ci il tarixdə abonent kodu **********90000 olan ünvan 2 ünvanında quraşdırılmış elektrik sayğacına azərişıq əməkdaşları tərəfindən baxış keçirilən zamanı məlum olmuşdur ki, elektrik sayğacına üzərində "xxxx" ASC-nin kompüter məlumat bazasına daxil edilməmiş “1461”(bir min dörd yüz altmış bir) elektrik sərfiyyatı saxlanılmışdır, eyni zamanda beləki, sayğac göstərici bazasında 12 noyabr 2025-ci il tarixdə 166810 daxil edilmiş (34 gün), lakin faktiki göstərici 168271 (5 gün) təşkil edir. Həmçinin, sayğacın alt qapaq möhüründə müdaxilə izləri müşahidə edilir, dövlət möhürünün trosu yenidir. Bu səbəbdən EEİQ uyğun sayğac yenisi ilə əvəz edilməsi və sayğacın bütün parametrləri üzrə laboratoriya şəraitində rəy verilməsi tələb olunmuşdur. Bununla bağlı Azərişıq” ASC tərəfindən xx.xx.2025-ci il tarixdə, NİM 018236 nömrəli Akt tərtib olunmuşdur. Lakin həmin akt cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, iddiaçı tərəfindən imzalanmamış, həmçinin həmin aktın tərtib edilməsinə hal şahidləri cəlb edilməmiş, ümumiyyətlə iddiaçının bu akt barədə məlumatı olmamışdır. Bu da aktın doğruluğuna şübhə yaradır. Həmçinin, abonentin saldosundan göründüyü kimi cavabdeh tərəfindən iddiaçının ünvanı üzrə işıq sayğacına xx.xx.2025-ci il tarixdə 5688.75 manat məbləğində borc müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, həmin tarixdə abonent saldosunda göstərilmiş məbləğdə borcun müəyyən edilməsi ağlabatan deyildir. Belə ki, abonent saldosundan görünür ki, həmin tarixdə hesablanmış borc digər tarixlərdə hesablanmış borcdan qat-qat yüksəkdir. Bununla da məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixinə hesablanmış borc elektrik enerjisi sərfiyyatına mütənasib olaraq hesablanmamışdır. Bununla yanaşı iddiaçı tərəf izahatında bildirmişdir ki, sayğac 2007-ci ildə quraşdırılmışdır. Yəni sayğacın quraşdırıldığı vaxtdan təxminən 20 il keçmişdir. Bununla da məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 20 il əvvəl quraşdırılan sayğacın sərfiyyatı düzgün hesablamaması mümkün ola biləndir. Eləcə də cavabdeh məhkəməyə elektrik xəttinin qeyri-yaşayış sahələrinə quraşdırılmasının məhz iddiaçının hərəkət və ya hərəkətsizliyi səbəbindən baş verməsi barədə heç bir sənəd təqdim etməmiş, mövqeyini hər hansı bir sübutla əsaslandırmamış, mülahizə əsasında qurmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən işıq sayğacına hər hansı bir müdaxilənin edilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Yuxarı Badamdar küçəsi, 29 ünvanında quraşdırılmış işıq sayğacı İddiaçı məxsus mənzilin daxilində deyil, xaricində quraşdırıldığından işıq sayğacına hər hansı bir müdaxilənin məhz həmin sayğacın məxsus olduğu şəxs tərəfindən edilməsini demək əksini göstərəcək fakt olmadığı təqdirdə mümkün deyildir. İddiaçı tərəfin məhkəmə iclasında verdiyi izahatından da müəyyən edilmişdir ki, iddiaçının işıq sayğacı fərdi yaşayış evindən kənarda yerləşir. Həmçinin məhkəmə cavabdeh tərəfin “elektrik xəttinin qeyri-yaşayış sahələrinə quraşdırılaraq texniki şərt almadan həmin sayğacdan istifadə edilməsi” arqumentinə münasibət bildirərək qeyd edir ki, yerli baxış zamanı sözügedən sayğacın quraşdırıldığı ərazidə bərbərxana, ət dükanı və avtoyuma məntəqəsinin olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, həmin ərazidə qeyri-yaşayış sahələri olsa da, göstərilən borc qeyriyaşayış sahələrində istifadə edilmiş elektrik enerjisi sərfiyyatına görə deyil, iddiaçının yaşadığı fərdi yaşayış evi üzrə 17 noyabr 2025-ci il tarixli akta görə hesablanmışdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, işıq sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən iddiaçının təqsiri müəyyən edilmədiyindən və tələb edilən borc enerjisi sərfiyyatına mütənasib olaraq hesablanmadığından cavabdeh vurulmuş ziyanın iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus ünvan 3 ünvanı üzrə elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış 5688.25 (beş min altı yüz səksən səkkiz manat iyirmi beş qəpik) manat borc cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı (abonent kodu:**********90000) abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus ünvan 3 ünvanı üzrə elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış 5688.25 (beş min altı yüz səksən səkkiz manat iyirmi beş qəpik) manat borc cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı (abonent kodu:**********90000) abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar