Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-676/2023 06.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Nehir mebel, Mıt mebel və Venetsiya stul 6 ədəd üçün 1680 manat ödənilməmiş hissə, 168 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Dnepr çarpayı, Dnepr dolab, Dnepr termo, Dnepr tumba 2 ədəd və matras üçün 840 manat ödənilməmiş hissə, 84 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Soft 2 mebel üçün 348 manat ödənilməmiş hissə, 34 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********96022 olan Samsung Galaxy A12 markalı telefon üçün 144 manat ödənilməmiş hissə, 14 manat cərimə, ümumilikdə, 3312 manat borc, 53,12 manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, Nehir mebel, MİT mebel, Venetsiya stul 6 ədəd, Dnepr çarpayı, Dnepr dolab, Dnepr termo, Dnepr tumba 2 ədəd, matras, Soft 2 mebel, İMEİ Kodu **********96022 olan Samsung Galaxy A12 markalı telefon almışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2888 manat (24 ay x 120 manat + 8 manat ilkin ödəniş) olan Nehir mebel, Mıt mebel və Venetsiya stul 6 ədəd üçün ümumilikdə, 1848 manat olmaqla ondan, 1680 manat ödənilməmiş hissə, 168 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1579,2 manat (24 ay x 65,8 manat + 0 manat ilkin ödəniş) olan Dnepr çarpayı, Dnepr dolab, Dnepr termo, Dnepr tumba 2 ədəd və matras üçün ümumilikdə, 924 manat olmaqla ondan, 840 manat ödənilməmiş hissə, 84 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 540 manat (24 ay x 22,5 manat + 0 manat ilkin ödəniş) Soft 2 mebel üçün ümumilikdə, 382 manat olmaqla ondan, 348 manat ödənilməmiş hissə, 34 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 518,4 manat (18 ay x 28,8 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********96022 olan Samsung Galaxy A12 markalı telefon üçün ümumilikdə, 158 manat olmaqla ondan, 144 manat ödənilməmiş hissə, 14 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2513,6 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli müqavilə üzrə ümumilikdə dəyəri 2888 manat təşkil edən Nehir mebel, Mıt mebel və 6 ədəd Venetsiya stulun, xx.xx.2021-ci il tarixli müqavilə üzrə ümumilikdə dəyəri 1579,2 manat təşkil edən Dnepr çarpayı, Dnepr dolab, Dnepr termo, Dnepr tumba 2 ədəd və matrasın, xx.xx.2021-ci il tarixli müqavilə üzrə ümumilikdə dəyəri 540 manat təşkil edən Soft 2 mebelin, xx.xx.2021-ci il tarixli müqavilə üzrə ümumilikdə dəyəri 518,4 manat təşkil edən İMEİ Kodu **********96022 olan Samsung Galaxy A12 markalı telefonun alqı-satqısına dair müqavilələr bağlanılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2020ci il tarixli, 22098199 nömrəli, xx.xx.2021-ci il tarixli 22373260 nömrəli, xx.xx.2021-ci il tarixli 096393 nömrəli və xx.xx.2021-ci il tarixli 23025854 nömrəli əlavə ödəniş cədvəllərinin 2 bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ xx.xx.2020-ci il tarixli, 22098199 saylı müqavilə üzrə 168 manat, xx.xx.2021-ci il tarixli, 22373260 nömrəli müqavilə üzrə 84 manat, xx.xx.2021-ci il tarixli 096393 saylı müqavilə üzrə 34 manat, xx.xx.2021-ci il tarixli 23025854 saylı müqavilə müqavilə üzrə 14 manat təşkil edir. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 22098199 nömrəli alqı-satqı müqaviləsi üzrə Nehir mebel, MİT-5179 mebel və 6 ədəd Venetsiya stul tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən 22373260 nömrəli alqı-satqı müqaviləsi üzrə Dnepr çarpayı, Dnepr dolab, Dnepr termo, Dnepr tumba 2 ədəd və matras tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən 096393 nömrəli alqı-satqı müqaviləsi üzrə Soft 2 mebel tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən 23025854 nömrəli alqı-satqı müqaviləsi üzrə Samsung Galaxy A12 markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 53,12 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən onun tərəf olduğu xx.xx.2020-ci il tarixli müqavilə üzrə iddiaçıya 1680 manat əsas borc, 168 manat cərimə borcu, cəmi 1848 manat; xx.xx.2021-ci il tarixli müqavilə üzrə iddiaçıya 840 manat əsas borc, 84 manat cərimə borcu, cəmi 924 manat; xx.xx.2021-ci tarixli müqavilə üzrə iddiaçıya 348 manat əsas borc, 34 manat cərimə borcu, cəmi 382 manat və xx.xx.2021-ci il tarixli müqavilə üzrə iddiaçıya 144 manat əsas borc, 14 manat cərimə borcu, cəmi 158 manat olmaqla, ümumilikdə 3312 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyaların ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqısatqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, xx.xx.2021-ci il tarixli, 22373260 nömrəli müqavilə üzrə 84 manat; xx.xx.2021-ci il tarixli, 096393 nömrəli müqavilə üzrə 34 manat, xx.xx.2021-ci il tarixli, 23025854 nömrəli müqavilə üzrə 14 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Bununla yanaşı, məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 22098199 nömrəli müqavilə müqavilə üzrə hesablanmış 168 manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 90 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli, 22098199 nömrəli müqavilə əsasında əsas borc üzrə 1680 manat, cərimə borcu üzrə 90 manat; xx.xx.2021-ci il tarixli, 22373260 nömrəli müqavilə əsasında əsas borc üzrə 840 manat, cərimə borcu üzrə 84 manat; xx.xx.2021ci il tarixli, 096393 nömrəli müqavilə əsasında əsas borc üzrə 348 manat, cərimə borcu üzrə 34 manat və xx.xx.2021-ci il tarixli, 23025854 nömrəli müqavilə əsasında əsas borc üzrə 144 manat, cərimə borcu üzrə 14 manat olmaqla ümumilikdə hər dörd müqavilə üzrə 3234 manat borc və dövlət rüsumu kimi ödənilmiş 53,12 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, 22098199 nömrəli müqavilə əsasında əsas borc üzrə 1680 (bir min altı yüz səksən) manat, cərimə borcu üzrə 90 (doxsan) manat; xx.xx.2021-ci il tarixli, 22373260 nömrəli müqavilə əsasında əsas borc üzrə 840 (səkkiz yüz qırx) manat, cərimə borcu üzrə 84 (səksən dörd) manat; xx.xx.2021-ci il tarixli, 096393 nömrəli müqavilə əsasında əsas borc üzrə 348 (üç yüz qırx səkkiz) manat, cərimə borcu üzrə 34 (otuz dörd) manat və xx.xx.2021-ci il tarixli, 23025854 nömrəli müqavilə əsasında əsas borc üzrə 144 (bir yüz qırx dörd) manat, cərimə borcu üzrə 14 (on dörd) manat olmaqla, ümumilikdə hər dörd müqavilə üzrə 3234 (üç min iki yüz otuz dörd) manat borc və dövlət rüsumu kimi ödənilmiş 53,12 (əlli üç manat on iki qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-676/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-676/2023
06.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver