Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-7025/2025 11.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: alqı-satqı müqaviləsi, pul) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədzadə Ülkər Təbriz qızının katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı və cavabdeh arasında bağlanmış arasında bağlanmış xx.xx.2025-ci il tarixli, ******* nömrəli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən müştəri müqavilənin qüvvədə olduğu müddət ərzində onun üçün “ABC” tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində malları, xidmətləri “ABC”-yə sifariş verir, “ABC” həmin malı müqavilədə (onun tərkib hissəsi olan müvafiq əlavələrdə) göstərilən şərtlərlə müştəriyə təqdim edir. Müştəri isə həmin malın dəyərini razılaşdırılmış qaydada “ABC”-yə ödəyir.
2. Müqavilənin 3.5-ci bəndinə əsasən, müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir.
3. Müqaviləyə xx.xx.2025-ci il tarixli əlavədən görünür ki, Ütü Tefal, Qəhvəbişirən Delonghi, Polo qol saatı markalı əşyaların əldə edilməsi razılaşdırılmış, əşyanın qiyməti müvafiq olaraq 4897,12 manat, qaytarılma müddəti 12 ay, 250 manat ilkin ödəniş etməklə aylıq ödəniş 387,26 manat müəyyənləşdirilmişdir.
4. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktlarına əsasən əşyalar alıcı tərəfindən təhvil alnmışdır.
5. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən xx.xx.2025-ci il tarixli müqavilə üzrə əşyanın alqı-satqı qiyməti 4897,12 manat, 250 manat ilkin ödəniş etməklə aylıq 387,26 manat ödəmək şərti ilə 12 aylıq ödəniş müddəti müəyyənləşdirilmişdir. Hazırda müqavilə üzrə əsas borca ödənilməmiş məbləğ 4647,12 manat, cərimə 464,71 manat məbləğdədir.
6. xx.xx.2025-ci il tarixli xəbərdarlıqla müqaviləyə əlavədə qeyd olunmuş məbləğin tam şəkildə ödənilməsi təklif olunmuşdur.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4647,12 manat əsas, 464,71 manat cərimə borcu olmaqla, cəmi 5111,83 manat və 71,12 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddianın əsaslarına görə, cavabdehlə iddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən Ütü Tefal, Qəhvəbişirən Delonghi, Polo qol saatı markalı müqavilənin predmeti olan əşyanı almış və nəticədə 4897,12 manat borc yaranmışdır. Cavabdehlə bağlanılmış xx.xx.2025-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır.
b) iddiaya etiraz
9. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
c) məhkəmə icraat iştiakçılarının izahatları
10. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunmasını və məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
Məhkəmə baxışının hədləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
15. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən təhvil aldığı əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.
16. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.
17. Belə ki, borcun əsası olan müqavilə, müqaviləyə əlavə ödəniş cədvəli, təhviltəslim aktı və maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən cavabdeh məişət avadanlığı almış, əşyanın qiyməti 4897,12 manat ilkin ödəniş olmadan, aylıq ödəniş 387,26 manat olaraq razılaşdırılmış, əşya alıcıya təhvil verilmişdir.
18. Cavabdeh aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozaraq hazırkı vaxta 4647,12 manat əsas borcu yaranmışdır, hansı ki, bu məbləğ cavabdehdən tutulmalıdır.
19. Həmçinin, iddiaçı tərəfindən müqavilə üzrə 464,71 manat cərimə borcu hesablanmışdır.
20. Məhkəmə cərimə məbləğlərinə münasibətdə qeyd edir ki, bu hissədə iddia tələbi qismən əsaslıdır.
21. Belə ki, nəzərə alınmalıdır ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Bununla belə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (MM 467).
22. Hazırkı işin halları baxımından da əsas borc və dəbbə pulunun nisbəti nəzərə alan məhkəmə xx.xx.2025-ci il tarixli müqavilə üzrə hesablanmış 464,71 manat dəbbə pulunun məbləğinin azaldılaraq 100 manat məbləğdə müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır.
23. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 71,12 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
25. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 4647,12 manat əsas borc, 100 manat manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 71,12 manat olmaqla, ümumilikdə 4818,24 manat pul Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməlidir.
26. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. 4647,12 manat əsas borc, 100 manat manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 71,12 manat olmaqla, ümumilikdə 4818,24 manat pul Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM Aytəkin Əsədzadə