Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-704/2023 07.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə1 Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Bakı şəhəri üzrə Təhsil idarəsinin Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 95658,75 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş aiddiyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
26. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 31.1 Aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair 18 sentyabr 2020-ci il tarixli 10 saylı Qərarı.
20. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər.
23. Mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının (Vergilər Nazirliyinin) vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizələrinə kommersiya işi kimi kommersiya məhkəmələrində baxılmasının mümkünlüyü nəzərdə tutulmaqla dövlət orqanının kommersiya mübahisəsində tərəf olması istisna edilməmişdir.
24. Nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, Cavabdeh ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır. Həmçinin nəzərə alınmalıdır ki, təbii inhisar subyektləri olan “Azəriqaz” İB, "xxxx" ASC, Cavabdeh ASC-yə qarşı sahibkarlıq subyektlərinin, dövlət, bələdiyyə orqanlarının, eləcə də kommersiya məhkəmələrinə aid olduğu halda qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərin iddialarına, sonuncunun yerləşdiyi yer üzrə müvafiq kommersiya məhkəmələrində baxılması Azərbaycan Respublikası MPM-nin 36.11-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddənin tələbinə görə icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Məhkəmə tərəflərin subyektiv tərkibini və mübahisənin predmetini nəzərə alaraq hesab edir ki, hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır. Odur ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Təhminə Xəlilova