Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-7097/2025 30.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs 3 saylı Bakı “Asan Kommunal” Mərkəzi cəlb edilməklə cavabdeh "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı “fərdi elektrik sayğacının quraşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs 3 saylı Bakı “Asan Kommunal” Mərkəzi cəlb edilməklə cavabdeh "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı “fərdi elektrik sayğacının quraşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edədək, ünvan 1 ünvanında yerləşən və **********59-10301 nömrəli reyestr çıxarışında göstərilmiş paylı mülkiyyəti üzrə elektrik enerjisi sərfiyyatının müstəqil uçotunun təmin edilməsi məqsədilə "xxxx" ASC-yə onun mülkiyyət payı üzrə fərdi elektrik sayğacının quraşdırılması üçün bütün rəsmi, texniki və faktiki tədbirlərin həyata keçirilməsi üçün öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qanuni 1/3 payçısıdır və bu pay hüququ Əmlak Məsələləri Dövlət Xidmətinin **********59-10301 nömrəli reyestr çıxarışında rəsmən təsdiqlənmişdir. Həmin ünvanda onunla yanaşı digər payçılar – X3 və X5 yaşayır. Yaşayış sahəsi ayrı, istifadəsi ayrıca olsa da, elektrik enerjisinin uçotu uzun illər əvvəl quraşdırılmış vahid ümumi sayğac vasitəsilə aparılır. Bu isə faktiki olaraq onun payına düşən istehlakı müəyyənləşdirməyə imkan vermir və onu davamlı olaraq başqalarının sərf etdiyi elektrik enerjisinin ödənişini etməyə məcbur vəziyyətə salır. O, öz mülkiyyət payı üzrə sərbəst və müstəqil elektrik uçotunun aparılması, məsuliyyət və ödənişin dəqiq müəyyənləşdirilməsi üçün "xxxx" ASC-yə müraciət edərək ayrıca elektrik sayğacının quraşdırılmasını xahiş etmişdir. Müraciəti əsasında xx.xx.2025-ci il tarixli, H-4166 nömrəli ərizəsi "xxxx" ASC tərəfindən baxılmış, lakin qurum xx.xx.2025-ci il tarixli rəsmi məktubunda məsələni öz səlahiyyətindən kənarda hesab edərək onu “ASAN Kommunal” və ya “ASAN xidmət” mərkəzinə yönləndirmişdir. O, göstərilən qaydada ASAN Kommunal mərkəzinə müraciət etmiş, lakin burada ona şifahi formada bildirilib ki, guya ayrıca elektrik sayğacının quraşdırılması üçün digər paydaşların yazılı razılığı tələb olunur. Halbuki, mövcud qanunvericilikdə mülkiyyətçinin öz payı üçün müstəqil elektrik uçotu tələb etməsini digər şəxslərin imzasından asılı edən heç bir norma mövcud deyildir. Daha da problemli olan odur ki, payçılardan biri – X5 – heç bir hüquqi və obyektiv əsas olmadan razılıq verməkdən imtina etmişdir. Bu imtina nəticəsində onun elektrik uçotunun ayrılması ilə bağlı hüququ faktiki olaraq qeyri-mümkün edilmişdir. Bu vəziyyət onun konstitusion mülkiyyət hüququnu, mülkiyyət payından sərbəst istifadə hüququnu, həyat şəraitinin təhlükəsizliyini və elektrik enerjisinin təhlükəsiz istismarı tələblərini ciddi şəkildə pozmuşdur. Ümumi sayğacın həddindən artıq yüklənməsi nəticəsində elektrik xəttində daimi qızma baş verir, məişət avadanlıqları sıradan çıxır və yanğın təhlükəsi real səviyyəyə çatmışdır. O, öz istehlakının dəqiq ölçülməsi üçün tələb olunan bütün addımları atmış, lakin nə Azərişıq, nə ASAN Kommunal, nə də digər payçı tərəfindən hüquqi baxımdan əsaslandırılmış bir həll yolu təklif edilməmişdir. Dövlət xidmətlərinin bu məsələdə hərəkətsizliyi və payçının əsassız müqaviməti onun hüququnu tam olaraq bloklamışdır. Bu səbəbdən, onun müraciəti yalnız və yalnız məhkəmə müdaxiləsini zəruri edən hüquqi vəziyyət yaratmışdır. Hazırda elektrik uçotunun ayrılması və onun payı üzrə müstəqil sayğacın quraşdırılması hüququnun təmin edilməsi üçün "xxxx" ASC-yə məhkəmə tərəfindən öhdəlik qoyulması yeganə effektiv hüquqi mexanizmdir. Elektrik şəbəkələrinə qoşulma qaydalarına görə istehlakçıya ayrıca qoşulma və fərdi hesabat sistemi tələb etmək hüququ verir. Qaydalara əsasən istehlakçı texniki şərtlərə uyğun olaraq fərdi elektrik sayğacının quraşdırılmasını tələb etdikdə, enerji təchizatı təşkilatı bu tələbi əsaslandırılmış səbəb olmadan təmin etməkdən imtina edə bilməz. Lakin onun halında nə "xxxx" ASC, nə də ASAN Kommunal mərkəzi bu tələbi icra etməkdən imtina üçün hüquqi əsas təqdim etmişdir. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli rəsmi məktubu ilə məsələni öz səlahiyyətindən kənarda göstərmiş, ASAN Kommunal isə ümumiyyətlə qanunvericilikdə nəzərdə tutulmayan “payçı razılığı” tələbini irəli sürərək, onun hüququnun təmin edilməsini özbaşına şəkildə bloklamışdır. İddia olunan bu tələb qanunun tələbi deyil və dövlət orqanı tərəfindən tətbiqi qanunsuzdur. Prosessual qanunvericiliyə əsasən hüquqları pozulmuş şəxs məhkəməyə müraciət etməklə pozulmuş hüququnun bərpasını tələb etməkdə azaddır. Onun ayrı sayğacla uçot aparılması hüququ enerji təchizatı təşkilatının, ASAN Kommunalın və digər payçının əsassız hərəkət və hərəkətsizliyi ilə pozulduğundan, bu hüququn məhkəmə qaydasında müdafiəsi zəruridir. Həmçinin öhdəlik yalnız müqavilə ilə deyil, həm də qanundan yaranır. "xxxx" ASC istehlakçı qarşısında qanundan irəli gələn birbaşa öhdəliyə malikdir: elektrik enerjisinin təhlükəsiz, fasiləsiz və müstəqil uçotla təmin edilməsi. Bu öhdəlik icra edilmədiyi halda məhkəmə xidmət göstərən quruma öhdəlik qoymaq səlahiyyətinə malikdir. Daha sonra İddiaçı xx.xx.2026-cı il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən ona paylı mülkiyyət üzrə məxsus fərdi yaşayış evinə elektrik sayğacın quraşdırılması öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ona verilən suallara cavab olaraq bildirdi ki, X5 digər payçı olmaqla onun bacısıdır. Sayğac vəfat edən anasının adınadır. Sayğac çöldə yerləşir. Ev paylı mülkiyyətdədir. Hər payçının eyni həyətdə olmaqla özünə məxsus evləri var. Bacı-qardaşı ilə, yəni payçılarla elektrik xəttləri birdir. Quliyeva Rəfiqə qonşusudur, bir müddət əvvəl hissələrini ona satmışlar. Onunla mübahisəsi yoxdur. Hər dəfə yeni sayğac qoyulanda partlayır, çünki gücü çatmır. Asan Kommunal Xidmətinə dəfələrlə müraciət edib. Aralarında razılıq olmamışdır. O, "xxxx" ASC-nin baş ofisinə yaxınlaşmış və ona bildirmişlər ki, mübahisə üzrə ona geri dönüş edəcəklər. Paylı mülkiyət üzrə fərdi yaşayış evi ona məxsusdur. Hər paylı mülkiyyətçinin evi, kommunal xidmətləri ayrıdır. Sayğacı bərabər istifadə edirlər, amma dəfələrlə yüklənərək partlayır. Bu hal isə çox təhlükəlidir. O, və qardaşı ödənişləri edir, bacısı isə nə ödəmir, nə də razılıq vermir. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, mülkiyyət bölgüsü olmadığı üçün razılıq əldə oluna bilmir. Ona verilən suallara cavab olaraq bildirdi ki, o, özü şəxsən ünvanda olmamış, amma əməkdaşları həmin əraziyə baxış keçiriblər. Payçıların faktiki olaraq evləri ayrıdır. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə 1 otaq (y/s-22.4 kv.m., k/s- 20.0 kv.m.)-dən 1/3 hissədə İddiaçı adına xx.xx.2013-cü il tarixdə, 1 otaq (y/s-22.4 kv.m., k/s- 20.0 kv.m.)-dən 1/3 hissədə X2 adına xx.xx.2023-cü il tarixdə, 1 otaq (y/s-22.4 kv.m., k/s-20.0 kv.m.)dən 1/3 hissədə X4 adına xx.xx.2023-cü il tarixdə və 1 otaq (y/s-18.3 kv.m., k/s-16.2 kv.m.) X1 adına xx.xx.2013-cü il tarixdə qeydiyyatdan keçmiş və hazırda mülkiyyətlərindədir. - "xxxx" ASC-nin İddiaçı ünvanladığı 08 aprel 2025-ci il tarixli cavab məktubuna əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində elektrik sayğacının quraşdırılması məqsədi ilə aidiyyəti sənədlərlə “ASAN Kommunal” və ya “ASAN xidmət” mərkəzlərinə müraciət etməyi tövsiyyə olunmuşdur. - "xxxx" ASC-nin 390483 saylı, 07 avqust 2025-ci il tarixli aktına əsasən **********20000 saylı abonent kodu üzrə ünvan 4 ünvanında sayğac yoxlanıldı və məlum oldu ki, elektrik sayğac yanıb və yararsız hala düşüb. - "xxxx" ASC-nin 414207 saylı, 17 dekabr 2025-ci il tarixli aktına əsasən **********20000 saylı abonent kodu üzrə ünvan 4 ünvanında sayğac yoxlanıldı və məlum oldu ki, elektrik sayğacın giriş xətti boş bağlandığı üçün yanıb əzilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə 1/3 hissədə iddiaçıya məxsusdur, həmin fərdi yaşayış evi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X2, X4 və X1 adına paylı mülkiyyət kimi qeydiyyatdan keçmişdir. İddiaçı qeyd edir ki, yaşayış sahələri ayrı, elektrik enerjisindən istifadə ayrı olsa da, elektrik enerjisinin uçotu uzun illər əvvəl quraşdırılmış vahid ümumi sayğac vasitəsilə aparılır. Cavabdehin nümayəndəsi də öz izahatında payçıların faktiki olaraq evlərinin ayrı olduğunu qeyd etmişdir. İddiaçı ünvan 1 ünvanında yerləşən ona paylı mülkiyyət üzrə məxsus fərdi yaşayış evinə sayğacın quraşdırılmasını "xxxx" ASC-dən xahiş etmiş, lakin ona bildirilmişdir ki, elektrik sayğacının quraşdırılması məqsədi ilə aidiyyəti sənədlərlə “ASAN Kommunal” və ya “ASAN xidmət” mərkəzlərinə müraciət etməlidir. İddiaçı hal-hazırda ünvan 1 ünvanında yerləşən ona paylı mülkiyyət üzrə məxsus fərdi yaşayış evinə elektrik sayğacın quraşdırılması öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmasını tələb edir, cavabdeh isə iddia tələbinə etiraz edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). “Obyektlərdə elektrik, qaz və su sayğaclarının quraşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyət formasından, maliyyələşmə mənbəyindən və təyinatından asılı olmayaraq 2004-cü il sentyabrın 1-dən etibarən layihələndirilən və istismara qəbul edilən bütün obyektlərdə o cümlədən yaşayış sahələrində mütləq qaydada elektrik, qaz və su sayğaclarının quraşdırılması nəzərdə tutulmalı və icra olunmalıdır; “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə əsasən aktiv istehlakçının dəstəklənməsi mexanizmindən istifadə edən istehlakçılar öz vəsaitləri hesabına elektrik şəbəkəsinə ötürülən və şəbəkədən alınan elektrik enerjisinin hesablanmasına imkan verən sayğac quraşdırmalı və elektrik şəbəkəsinə qoşulmalıdırlar. İşin mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət kimi iddiaçının mülkiyyətində olsa da, fərdi yaşayış evi paylı mülkiyyət olduğundan, iddiaçıya paylı mülkiyyət üzrə məxsus fərdi yaşayış evinə sayğacın quraşdırılmasından imtina edilmişdir. Eyni zamanda işin halları ilə, payşıların paylı mülkiyyət üzrə fərdi yaşayış evlərinin ayrı giriş-çıxışları olduğu da müəyyən edilmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, hazırki iddia tələbi əsaslı olaraq təmin edilməli, ünvan 1 ünvanında yerləşən iddiaçı (paylı mülkiyyətçi) İddiaçı paylı mülkiyyət üzrə məxsus fərdi yaşayış evinə iddiaçının adına sayğacın quraşdırılması öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmalıdır. Məhkəmə bu qənaətə gələrkən onu da, qeyd etməyi zəruri hesab edir ki, mübahisəli ünvan üzrə fərdi yaşayış evinin paylı mülkiyyət olması, paylı mülkiyyətçiyə məxsus yaşayış sahəsinə elektrik sayğacının quraşdırılmasından imtina edilməsi üçün əsas ola bilməz. Göründüyü kimi, bütün paylı mülkiyyətçilərin ünvanı üzrə bir sayğacın mövcudluğu paylı mülkiyyətçilərin istehlak etdikləri elekrik enerjisinin düzgün qaydada ödənilməsində problemlər yaratdığı kimi, eyni zamanda sayğacın həddindən artıq yüklənməsi və sıradan çıxması ilə nəticənir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh təşkilatın nümayəndəsi isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən iddiaçı (paylı mülkiyyətçi) İddiaçı paylı mülkiyyət üzrə məxsus fərdi yaşayış evinə iddiaçının adına sayğacın quraşdırılması öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən iddiaçı (paylı mülkiyyətçi) İddiaçı paylı mülkiyyət üzrə məxsus fərdi yaşayış evinə iddiaçının adına sayğacın quraşdırılması öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-7097/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-7097/2025
30.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver