Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-716/2023 17.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15000 manat məbləğində ödənilməyən kirayə haqqının və 135 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kirayə müqaviləsinə əsasən iddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi 128, 130, 132, 128B, 128A mənzil 514A (yeni qaydalarla AZ 1010, Bakı şəh., Nəsimi ray., Kövbək Səfərəliyeva küç., 8, MB, m4) 1 il müddətinə cavabdehə kirayə vermişdir. Sözügedən müqavilənin 3-cü bəndində kirayə haqqının məbləği və onun ödənilməsi qaydası nəzərdə tutulmuşdur. Həmin bənddə qeyd olunmuşdur ki, kirayəçi tərəfindən kirayə haqqı bu miiqavilənin 3.5-ci bəndində göstərilən bank hesabına köçürmə yolu ilə və ya kirayə verənin kart hesabına ödənilir. Sözügedən müqavilənin 6-cı bəndində isə müqavilənin müddəti müəyyən edilməklə yanaşı, müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin qaydası da tənzimlənmişdir. Qeyd edilən müqavilənin 4.3.2-ci bəndində (kirayəçinin hüquqları) təsbit olunmuşdur ki, kirayəçi təqvim ayının birinci iş günündə kirayə verənə müqavilənin ləğvinə dair bildiriş verməklə növbəti aydan sonrakı ayın axırı müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam vermək hüququna malikdir. Cavabdeh tərəfindən mənzilin aylıq kirayə haqqı vaxtlı-vaxtında ödənilməməklə yanaşı, yuxarıda göstərilən müqavilə şərtlərinə uyğun olmayan qaydada müqaviləyə özbaşına və qanunsuz olmaqla birtərəfli xitam verildiyi şifahi qaydada iddiaçıya bildirilmişdir. Halbuki aralarıda bağlanmış müqavilənin 6.5-ci bəndinin tələbinə görə hazırki müqaviləyə tərəflərin qarşılıqı razılığı, eləcə də müqavilədə və qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla vaxtından əvvəl xitam verilməsi nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, kirayəyə götürülmüş mənzildən istifadənin dayandırılması müqavilənin birtərəfli qaydada xitamı hesab olunmur. Həmçinin, cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli kirayə müqaviləsinin şərtlərinə əməl edilməsi və ödənilməyən kirayə haqqının ödənilməsinin təmin olunması üçün iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba (pretenziyaya) hazırki vaxtadək cavab verilməməklə yanaşı, keçən müddət ərxində ödənilməmiş kirayə haqqı məbləğinin ödənilməsi də təmin olunmalıdır. İddiaçı məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia ərizəsinə etiraz edərək, izahatında göstərmişdir ki, Cavabdeh turizm şirkətinin direktoru kimi fəaliyyət göstərir və 2018-ci ildən «Port Baku» Rezidensdə mənzil kirayə götürərək, xarici vətəndaşlara kirayə vermək ilə məşğul olur. Lakin 3 sentyabr 2022-ci il tarixdən həmin Rezidensin mühafizə xidmətinin əməkdaşları binaya xarici turistləri buraxmadığından o, iddiaçıya məxsus mənzildən istifadə edə bilməmiş və xarici turistlərə kirayəyə verə bilməmişdir. O, bu barədə xx.xx.2022-ci il tarixdə Nəsimi rayon Polis İdarəsinə də şikayətlə müraciət etmişdir. O mənzildən istifadə edə bilmədiyindən oktyabr ayından başlayaraq kirayə haqlarını ödəməmişdir. Onun tərəfindən kirayə haqları 2022-ci ilin iyul ayından 2022-ci ilin sentyabr ayı daxil olmaqla ödənilmişdir. Kirayə haqlarını iddiaçıya iddiaçının sürücüsü vasitəsi ilə nağd şəkildə ödəmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respubliksı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi 128, 130, 132, 128B, 128A mənzil 514A (yeni qaydalarla AZ 1010, Bakı şəh., Nəsimi ray., Kövbək Səfərəliyeva küç., 8, MB, m4) İddiaçı xüsusi mülkiyyətindədir. xx.xx.2022-ci il tarixli Kirayə Müqaviləsinə əsasən, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi 128, 130, 132, 128B, 128A mənzil 514A (yeni qaydalarla AZ 1010, Bakı şəh., Nəsimi ray., Kövbək Səfərəliyeva küç., 8, MB, m4) yerləşən mənzili 1 il müddətində Cavabdeh MMC-yə kirayə vermişdir. Kirayə haqqı aylıq 3000 manat təşkil edir. İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru Nümayəndə göndərdiyi xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən kirayə müqaviləsinin tələblərinə əməl edilməsini və kirayə haqqının ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Maddə 675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kirayə müqaviləsinin 3.2 və 3.3-cü bəndlərinə əsasən kirayəçi tərəfindən kirayə haqqı iddiaçıya məxsus (kirayəverən) bank hesabına köçürülmə yolu ilə və ya kirayə verənin kart hesabına ödənilir. Cavabdeh onun tərəfindən 2022-ci ilin 1 oktyabr tarixinədək olan müddət üçün kirayə haqqlarının ödənilməsini bildirsə də buna dair heç bir sübut növünü məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə kirayə müqaviləsinin 4.4.1-ci bəndinə əsasən cavabdeh (kirayəçi) kirayə obyektindən birbaşa təyinatı üzrə istifadə etmək və qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət etmək vəzifəsini daşıyır. Lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixili arayışdan görünür ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə əməl etməmiş və kirayə obyektindən birbaşa təyinatı üzrə istifadə etməmiş və qonşuların hüquqlarına və qanuni mənafelərinə zidd hərəkətlərə yol vermişdir. Belə ki, Polis Şöbəsi tərəfindən aparılan araşdırma zamanı “X3”-in inzibati və istismar işləri üzrə meneceri X1 yazdığı izahatda bildirmişdir ki, Nümayəndə kirayə tutduğu evlərə günlük olaraq xarici turistləri cəlb edir. Həmin xarici turistlər gecə saatlarında sərxoş halda evə yüngül həyat tərzi keçirən qadınlarla gələrək səs-küy salırlar, dəhlizdə yarıçılpaq vəziyyətdə gəzirlər ki, bu da orada yaşayan sakinlərin etirazına səbəb olur. Dəfələrə Nümayəndə xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir nəticə olmamışdır. Göründüyü kimi, kirayə mənzildən cavabdeh özünün təqsirli hərəkətləri nəticəsində (ondan asılı olan səbəblərdən) 2022-ci ilin sentyabr ayından istifadə edə bilməmişdir. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsasən cavabdeh təərfindən müqavilənin tələblərinə əməl edilməməsi və kirayə haqqlarının ödənilməməsi təsdiq edildiyindən iddia təmin olunaraq, Cavabdeh MMC-dən 15000 manat məbləğində ödənilməyən kirayə haqqı tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən 135 manat ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh MMC-dən 15000 (on beş min) manat məbləğində kirayə haqqı və 135 (yüz otuz beş) manat məbəğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-716/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-716/2023
17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver