Məhkəmə qərarları › İş №e-2(004)-718/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-718/2025

09.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-718/2025 09.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: alqı-satqı müqaviləsi, pul) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SRFK5714563 nömrəli müqaviləyə əsasən satıcı İddiaçı MMC ümumi dəyəri 904 manat olan məişət avadanlığını alıcı Cavabdeh vermiş, alıcı isə 6 ay müddətinə aylıq 134 manat ödəməyi öz öhdəsinə götürmüş, 100 manat ilkin ödəniş etmişdir.

2. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixli, SRFK5714563 nömrəli borc müqaviləsi üzrə ödənilməmiş 804 manat məbləğində əsas (qalıq) borcu vardır.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 08 avqust 2019-cu il tarixli, SRFK5714563 nömrəli müqaviləyə əsasən 804 manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 834 manat məbləğdə pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddianın əsaslarına görə, Cavabdeh İddiaçı MMC ilə müddəti 6 ay olmaqla xx.xx.2019-cu il tarixli müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən, cavabdeh iddiaçıdan dəyəri 904 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 804 manat əsas borcu qalıb. Müqavilədə tərəflər arasında yaranmış mübahisənin pretenziya qaydasında həll olunmağı nəzərdə tutulmadığından cavabdeh tərəfə pretenziya məktubu göndərilməmişdir.

b) iddiaya etiraz

5. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraat iştiakçılarının izahatları

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı etiraf etməklə, iddiaçıdan mobil telefon aldığını, maddi vəziyyəti ilə əlaqədar borcunu qaytara bilmədiyini göstərmişdir.

7. İddiaçı elektron formada ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunmasını və məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

Məhkəmə baxışının hədləri

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

11. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən təhvil aldığı əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.

12. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.

13. Belə ki, borcun əsası olan müqavilə, müqavilə bağlanmasını və müqavilə üzrə əmlakın əldə edildiyini təsdiq edən cavabdehin etirafı və maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh məişət avadanlığı almış, əşyanın qiyməti 904 manat, ilkin ödəniş 100 manat olmaqla, aylıq ödəniş 134 manat olaraq razılaşdırılmış, əşya alıcıya təhvil verilmişdir.

14. Cavabdeh aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozaraq 804 manat manat borcu yaranmışdır.

15. Odur ki, bu borc cavabdehdən tutulmalıdır.

16. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

18. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 804 manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 834 manat məbləğdə pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir.

19. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. 804 manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 834 manat məbləğdə pul vəsaiti Cavabdeh alınaraq İddiaçınə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar