Məhkəmə qərarları › İş №e-2(004)-722/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-722/2025

03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-722/2025 03.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: alqı-satqı müqaviləsi, pul) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SRFK5714340 nömrəli “Borc müqaviləsi” adlı müqavilədə qeyd olunur: “Mən Cavabdeh imza edən İddiaçı-dən hissə-hissə ödəniş şərti ilə 762 AZN məbləğində məişət avadanlığı əldə etmişəm, onun 30 AZN ilkin ödədim və qalan 732 AZN məbləği 12 ay müddətinə, aylıq 61 AZN olmaqla İddiaçı-yə ödəməyi öz öhdəmə götürürəm. Bu müqavilə tərəflər onu imzaladığı gündən qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tamamilə yerinə yetirənə qədər qüvvədədir. Qeyd: borcalan borc üzrə əsas borc məbləğini Şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq Şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ hər gün üçün 1%-ədək faiz faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəyir.”

2. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2019-cu il tarixdə bağlanmış SRFK5714340 nömrəli müqavilə üzrə ödənilməmiş 732 manat əsas (qalıq) borcu var.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli, SRFK5714340 nömrəli müqaviləyə əsasən 732 manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 762 manat məbləğdə pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddianın əsaslarına görə, Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla xx.xx.2019-cu il tarixli müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən, cavabdeh iddiaçıdan dəyəri 762 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 732 manat əsas borcu qalıb. Müqavilədə tərəflər arasında yaranmış mübahisənin pretenziya qaydasında həll olunmağı nəzərdə tutulmadığından cavabdeh tərəfə pretenziya məktubu göndərilməmişdir.

b) iddiaya etiraz

5. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraat iştiakçılarının izahatları

6. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir.

7. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

Məhkəmə baxışının hədləri

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

11. Hazırkı iş üzrə iddiaçı tərəfindən iddianın əsası kimi təqdim edilən sübutlar xx.xx.2019-cu il tarixli müqavilə və xx.xx.2023-cü il tarixli maliyyə arayışıdır.

12. Məhkəmənin araşdırması ilə sabit olmuşdur ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilə, baxmayaraq ki, həmin müqavilə borc müqaviləsi adlanır, mahiyyətcə nisyə alqı-satqı müqaviləsidir və bu qənaət müqavilənin məzmunu – “Alıcı Cavabdeh”, “məişət avadanlığı əldə etmişəm”, “aylıq 61 manat olmaqla ödəməyi öhdəmə götürürəm” kimi predmet müəyyən edici ifadələr ilə təsdiq olunur.

13. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

14. Məcəllənin 568-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

15. Məhkəmə qeyd edir ki, hüquqi təbiəti baxımından alqı-satqı müqaviləsi iki tərəfli, əvəzli və konsensual müqavilə olmaqla, konsensuallığı onda ifadə olunur ki, bu müqavilə üzrə hüquq və vəzifələr əşyanın verilməsi ilə yox, bu barədə razılığın əldə edilməsi ilə yaranır.

16. Müqavilənin iki tərəfli xarakterinə əsasən hər iki tərəf müqavilə üzrə öhdəliklər götürür və bir tərəfin öhdəliyinin icrası ona digər tərəfdən də öhdəliyin icrasını tələb etmək hüquq verir.

17. Mülki Məcəllənin 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır.

18. Hazırkı işin halları baxımından isə, öhdəliyin iddiaçı – satıcı tərəfindən icrası müəyyən edilmir. İddiaçı öhdəliyə uyğun əşyanı digər tərəfə verməsini təsdiq edən sübutları (təhvil-təslim aktı və s.) təqdim etməmişdir.

19. Məhkəmə qeyd edir ki, hazırkı iddianın əsası kimi təqdim edilən müqavilənin mətnində göstərilmiş “Mən Cavabdeh imza edən İddiaçı-dən hissə-hissə ödəniş şərti ilə 762 AZN məbləğində məişət avadanlığı əldə etmişəm” ifadələri də öhdəliyin iddiaçı tərəfindən icrasını təsdiq edən sübut kimi qəbul edilə bilməz.

20. Belə ki, Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

21. Müqaviləyə qanunla verilmiş anlayışdan da göründüyü kimi, müqavilə yalnız mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında razılaşmadır. Nəzərə alınmalıdır ki, konsensual müqavilə olan alqı-satqı müqaviləsinin bağlanması və icrası anı bir sıra hallarda üst-üstə düşsə də, mahiyyət baxımından hüquq və vəzifələrin yaranmasını təsbit edən razılaşma eyni zamanda həm də öhdəliyin kreditor tərəfindən icrasını təsdiq edən sübut kimi qəbul edilə bilməz.

22. Belə bir yanaşma öhdəliklərin icrası zamanı vicdanlılıq, mülki hüquq subyektlərinin bərabərliyi prinsipinə zidd olardı.

23. İş materiallarına əlavə edilmiş digər sübut - iddiaçı tərəfindən təxminən 2 il əvvəl birtərəfli qaydada tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışı da özlüyündə iddia tələbini təsdiq edən sübut kimi qəbul edilə bilməz.

24. Odur ki, iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən iddia rədd edilməlidir.

25. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırkı iddia rədd edilməli olduğundan ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması hissəsində də iddia tələbi əsaslı deyil.

26. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar