Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-733/2023 09.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanı (abonent kodu – ********) üzrə əsassız hesablanmış 1554,91 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında “11323962” nömrəli müqavilə bağlanmışdır. İddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında xx.xx.2006-ci il tarixdə SSS-15 markalı, 47171 nömrəli sayğac quraşdırılmışdır. İddiaçıya məxsus abonent kartından aydın görmək mümkündür ki, istehlakçı olaraq istifadə etdiyi suyun dəyərini hər ay ödəməklə sudan sayğac əsasında istifadə edilmişdir. Ona məxsus mənzil 2021-ci ilin oktyabr ayında “Pilot layihə” çərçivəsində həyata keçirilən tikinti quruculuq işləri ilə bağlı sökülmüş və onun həmin mənzildən köçürülməsi təmin olunmuşdur. Lakin Cavabdeh ASC-nin Nərmanov rayon Sukanal idarəsi 2022-ci ilin fevral ayı üçün süni hesabat verərək onlara 1554,91 manat borc hesablanmışdır. Abonent haqqındakı məlumat vərəqindən də göründüyü kimi 2021-ci ilin oktyabr ayından başlayaraq mənzil mövcud olmadığı üçün sudan istifadə edilməmiş və hesabat verilməmişdir. Bundan əlavə bir ay ərzində 1554,91 manat məbləğində sudan istifadə edilməsi də ağlabatan deyil. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanunu: 30-cü maddəsinin birinci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”
4. İstehlakçıların vəzifələri 4.1. İstehlakçıların vəzifələri aşağıdakılardır: 4.1.1. su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq; 4.1.2. STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək; 4.1.3. bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək. İş materiallarına əlavə edilmiş: xx.xx.2021-ci il tarixli 054 nömrəli "xxxx" MTK ilə mülkiyyətçi İddiaçı arasında bağlanmış əvəzləşdirmə müqaviləsinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının 77 saylı xx.xx.2021-ci il tarixli sərəncamının 1-ci bəndinə əsasən "xxxx" MTK Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, Ə.Vahid küçəsi, T.Şıxəliyev küçəsi, Ə.Əlizadə küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu ərazidə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş ünvan 3 ünvanında yerləşən “Mülkiyyətçi”yə məxsus hüquqi sənəd əsasında 53.63 kv.m mənzilin əvəzinə güzəştli şərtlərlə yeni inşa ediləcək binanın B blokunun, 10 mərtəbəsində, 7 saylı 104.5 kv.m ibarət təmirli mənzili binanın B blokunun, 10 mərtəbəsində, 5 saylı 40.43 kv.m-dən ibarət təmirli mənzili “mülkiyyətçi”yə verməyi öhdəsinə götürür. "xxxx" MTK tərəfindən xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı xx.xx.2021-ci il tarixində MTK ilə 054 saylı əvəzləşdirmə müqaviləsi bağlamışdır, həmin müqaviləyə əsasən xx.xx.2021-ci il tarixində İddiaçı özünəməxsus mənzili söküntü məqsədi ilə "xxxx" MTK-yə təhvil vermişdir. İddiaçının abonent kartından görünür ki, ona məxsus abonent koduna (11323962 saylı) xx.xx.2022-xx.xx.2022-ci il tarixədək olan dövr üçün, yəni bir ay müddətinə 2458 m3, yəni 1554.91 manat sərfiyyat (1088,40 sudan istifadəyə görə, 466.47 manat çirkab sularının axıdılmasına görə) hesablanmışdır. Beləliklə tədqiq edilmiş sübutlarla, iddiaçının ona məxsus olmuş ünvan 2 ünvanından xx.xx.2021-ci il tarixində başqa ünvana köçməsi, buna baxmayaraq bundan 6 ay sonra ona həmin ünvana verilmiş abonent koduna 1554,91 manat borc hesablanması müəyyən edilmişdir. Məhkəmə tərəfindən təklif edilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun hesablanmasına əsas olmuş sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya 1554,91 manat məbləğində borcun əsassız hesablanması müəyyən edildiyindən iddia təmin edilməli və həmin borcun silinməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:
İddia təmin olunsun. Cavabdeh ASC tərəfindən İddiaçı (11323962 saylı abonent kodu) qanunsuz hesablanmış 1554,91 (min beş yüz əlli dörd manat doxsan bir qəpik) manat borc silinsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Təhminə xəlilova