Məhkəmə qərarları › İş №e-2(004)-739/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-739/2024

16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-739/2024 16.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 60C, M11, m1 nömrəli mənzil üçün artıq ödədiyi 20095 (iyirmi min doxsan beş) manat məbləğində pulun və ödənilmiş 150 manat dövlət rüsumunun onun xeyrimə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 60C, M11, m1 nömrəli mənzili Cavabdeh MTK-dan 53 saylı notariat ofisində alqı-satqı və ipoteka müqaviləsi əsasında almışdır. Qeyd edilən müqaviləyə əsasən cavabdeh ona 95,75 kvadrat metr mənzili təhvil verməli və o da bunun əvəzində mənzilin satış qiyməti olan 109634 (manatı cavabdehə ödəməli idi. Müqavilə üzrə mənzil ona 95,75 kvadrat metr adı ilə verilmiş və o da 21934 manatı özü, qalan 87700 manat məbləği isə "xxxx" ASC tərəfindən verilən kredit əsasında ödəmişdir. Lakin xx.xx.2021-ci il tarixdə həmin mənzilə çıxarış alarkən müəyyən edilmişdir ki, mənzilin sahəsi 78.20 kvadrat metri əhatə edir. Deməli cavabdeh ona 17.55 kvadrat metr (95,75-78,20) az mənzil vermişdir. Mənzilin bir kvadrat metri sadə riyazi üsulla (109634 bölünsün 95,75 bərabərdir 1145,003) hesablandıqda 1145,003 manat edir. Deməli o cavabdehə 17,55 kvadrat metr mənzil sahəsinin pulunu artıq ödəmişdir. Həmin məbləğ isə 20095 (17,55x1145,003=20095) manat edir. Cavabdehə artıq ödənilən pulun geri qaytarılmasını tələb etsə də ona pul qaytarılmamış və heç bir münasibət də cavabdeh tərəfindən bildirilməmişdir Həmçinin qeyd edir ki, müqavilədə arakəsmələrin, eyvanın və s. ümumi sahəyə aid etmələri göstərilmədiyindən mənzilin ümumi sahəsi qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanmalı idi. Belə ki, mənzillərin ümumi sahələrinin hesablanmasının əsasları və qaydası həm Şəhərsalma və Tikinti Məcəlləsində, həm də AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nda əks olunmuşdur. Beləliklə iddia ərizəsinə əlavə olunmuş sübutlardan görünür ki, satıcı kimi cavabdeh ona müqavilədə nəzərdə tutulduğundan az sahəli mənzil vermişdir. Ona görə də hesab edir ki, mənzilin artıq ödənilmiş sahəsinin pulu geri qaytarılmalıdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, məhkəmə prosesinin onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MTK məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MTK (satıcı), "xxxx" ASC (ipoteka saxlayan) və İddiaçı (alıcı-ipoteka qoyan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli “İlkin bazardan alqısatqı və ipoteka müqaviləsi”ndən görünür ki, satıcı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 60C, M11, m1 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX-ın 1 saylı Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********31-05301-093161 olan hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən ona məxsus mənzili alıcı-ipoteka qoyanın mülkiyyətinə verir. Müqavilənin 1.2.2-ci bəndinə əsasən mənzilin ümumi sahəsi 95,75 kv.metr göstərilmişdir. Müqavilənin 1.4-cü bəndinə əsasən mənzilin satış qiyməti 109634 manatdır, mənzilin dəyərinin 21934 manat məbləğində olan hissəsi alıcı-ipoteka qoyanın özü tərəfindən, 87700 manat məbləğində olan hissəsi isə kreditor-ipoteka saxlayan və alıcı-ipoteka qoyan arasında Bakı şəhərində bağlanmış xx.xx.2019-cu il tarixli 020-19/İ nömrəli kredit müqaviləsinə əsasən kreditor-ipoteka saxlayan tərəfindən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında imzalanmış xx.xx.2019-cu il tarixli 020-19/İ nömrəli kredit müqaviləsindən görünür ki, kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 87700 manat məbləğində illik 4 faiz dərəcəsi ilə 360 ay müddətinə ipoteka krediti verməyi, borcalan isə kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirməyi öhdəsinə götürmüşdür. Kredit borcalana Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 60C, M11, m1 ünvanında yerləşən daşınmaz əmlakın alınmasına verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 60C, M11, m1 ünvanında yerləşən 78,20 kv.metr mənzil xx.xx.2021-ci il tarixində İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/3115 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 60C, M11, m1 ünvanında yerləşən mənzilin faktiki ümumi sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan) 84,1 kv.m, həmin mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 95,7 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 150 manat məbləğində dövlət rüsumu məhkəmənin hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin qeyd edilən maddələrinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 577.1. Alıcıya verilməli əşyaların miqdarı alğı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. 578.1. Satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin qeyd edilən maddələrinə əsasən: 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh “Sosial Mənzil" MTK arasında xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti ondan ibarətdir ki, “Sosial Mənzil" MTK (satıcı) inşa etdiyi ona məxsus olan, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 60C, M11, m1 ünvanında yerləşən ümumi sahəsi 95,75 kv.metr olan 109634 manat dəyərində mənzili iddiaçının mülkiyyətinə verməli, iddiaçı isə qarşılığında həmin mənzilin dəyərini ödəməlidir. Müqavilə üzrə mənzilin hər kvadrat metrinin qiyməti 1145 (109634:95,75=1145 yuvarlaqlaşdırılmaqla) manat təşkil edir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən mənzilin pay dəyəri tam olaraq iddiaçı tərəfindən ödənilmiş və müqavilə üzrə öhdəliklər tam şəkildə yerinə yetirilmişdir. Lakin mənzilə iddiaçı çıxarış alan zaman ona məlum olmuşdur ki, cavabdehə tam ödəniş etməsinə baxmayaraq öhdəliyə uyğun olaraq mənzil ona təhvil verilməmişdir. Həmin müqavilənin 1.2.2-ci bəndinə əsasən göstərilən mənzilin tam sahəsinin 95,75 kvadratmetr olduğu göstərilmişdir. Çıxarışda isə mənzilin sahəsi 78,20 kv.metr göstərilmişdir. Hazırda iddiaçı mövcud olmayan 17,55 (95,75-78,20=17,55) kvadratmetr mənzil sahəsi üçün iddiaçıdan artıq alınmış 20095 manat pul vəsaitinin ona geri qaytarılmasını tələb edir. Məhkəmə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 60C, M11, m1 ünvanında yerləşən mənzilin faktiki ümumi sahəsini, habelə mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsini müəyyən etmək üçün xüsusi bilik tələb edildiyinə görə, iş üzrə tikinti-texniki ekspertizası təyin etmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 10/3115 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 60C, M11, m1 ünvanında yerləşən mənzilin faktiki ümumi sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan) 84,1 kv.m, həmin mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 95,7 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Məhkəmə qeyd edir ki, yaşayış sahəsinin alınması ilə bağlı formalaşmış praktika, işgüzar adətlər mövcuddur. Yaşayış sahəsinə ehtiyacı olan şəxsin həmin münasibətlərə girərkən əldə edəcəyi əsas məqsədlərdən biri mənzilin yaşayış sahəsinin ölçüsüdür. Müqavilədə yaşayış sahəsinin ölçüsünün göstərilməsi, ilk olaraq alıcının həmin ölçüyə uyğun yaşayış sahəsinə sahib olacağına əminlik verir. Ona görə müqavilədəki qeyri-müəyyən hallar (sahəsinin qanunvericiliyin tələblərinə uyğun deyil, başqa qaydada hesablanması və s.) alıcının deyil, tikintini həyata keçirən və mənzil satışı ilə məşğul olan tərəfin ziyanına şərh edilməlidir. Tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, onun hesablanma şərtlərini və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə dəyişdirilməsi yolverilməzdir. Formalaşmış məhkəmə təcrübəsinə görə də, analoji işlərdə mənzilin ümumi sahəsi eyvan (lociya) sahələrinə əmsal tətbiq edilmədən, daxili sahələr isə divaraltı sahələr nəzərə alınmadan hesablanır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/3115 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 60C, M11, m1 ünvanında yerləşən mənzilin faktiki ümumi sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan) 84,1 kv.m təşkil etdiyi öz təsdiqini tapmışdır. Göründüyü kimi, iddiaçı müqavilənin tələblərini tam olaraq icra etsə də cavabdeh müqavilənin şərtlərini pozaraq müqavilədə nəzərdə tutulmuş ölçüdən az sahədən ibarət mənzili ona təhvil vermişdir. Məhkəmə qeyd edir ki, müqavilə öhdəlikləri üzrə fərqin 11,65 kv.m (95,75-84,1=11,65 kv.m) olması və hər kvadrat metri üçün 1145 manat təşkil etməsi nəzərə alınmaqla cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməməsi nəticəsində iddiaçı tərəfindən cavabdehə 13339 (11,65x1145=13339 yuvarlaqlaşdırılmaqla) manat əsassız pul vəsaiti ödənilmişdir. Bu baxımdan həmin pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MTK-dan 13339 manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 99,56 (doxsan doqquz manat əlli altı qəpik) manat pul cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 50,44 (əlli manat qırx dörd qəpik) manat (150-99,56=50,44) iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 50 (əlli) manat pul da Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh MTK-dan 13339 (on üç min üç yüz otuz doqquz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 99,56 (doxsan doqquz manat əlli altı qəpik) manat pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 50,44 (əlli manat qırx dörd qəpik) manat (150-99,56=50,44) iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 50 (əlli) manat pul Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar