Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-757/2024 01.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “sənədlərin təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “sənədlərin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-ci məhəllədə yerləşən 16 mərtəbəli 7 bloklu binanın, 1ci blokunda 2-ci mərtəbədə 3 otaqlı 112.7 kv.m olan 5 saylı mənzilin mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı sənədlərin (borcun olmaması ilə bağlı maliyyə arayışı, mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyularaq, həmin sənədlərin cavabdeh tərəfindən iddiaçıya təqdim edilməsi, dövlət rüsumu olaraq ödədiyi 100 (yüz) manat məbləğində rüsumun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddiaya dəqiqləşmə ərizəsi təqdim edərək, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-ci məhəllədə yerləşən 16 mərtəbəli 7 bloklu binanın, 1-ci blokunda 2-ci mərtəbədə 3 otaqlı 112.7 kv.m olan 5 saylı mənzilin mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı tərəflər arasında bağlanmış müqavilə üzrə sözügedən mənzilin dəyərinin tam şəkildə ödənilməsi barədə maliyyə arayışı və sözügedən mənzillə bağlı MTK üzvlərinin ümumi yığıncağının qərarının verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 03 iyul 2021-ci il tarixində Cavabdeh MTK-dan “yaşayış sahəsi üçün” müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-ci məhəllədə yerləşən 16 mərtəbəli 7 bloklu binanın, 1ci blokunda 2-ci mərtəbədə 3 otaqlı 112.7 kv.m olan 5 saylı mənzilin alınması ilə bağlı müqavilə bağlamışdır. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq mənzilin ilkin ödənişi və aylıq ödənişləri tam şəkildə ödəniş qəbzləri əsasında "xxxx"-ya ödənilmişdir. MTK ilə bağladığı 340 nömrəli müqavilənin 3.1.4-cü bəndinə əsasən mənzilin dəyəri tam ödədikdən və bina tikilib başa çatdıqdan sonra mənzilə dair mülkiyyət hüququnun qeydiyyata alınması ilə əlaqədar sənədləri "xxxx"yə təqdim etmək MTK-nın vəzifəsi olaraq müəyyən edilmişdir. Sifarişçi olaraq İddiaçı müqavilə üzrə öhdəliklərini tam şəkildə yerinə yetirməyinə baxmayaraq, MTK iddiaçının hüquqlarını kobud şəkildə pozaraq mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı sənədləri verməkdən əsassız imtina edir. Dəfələrlə telefon vasitəsi ilə və MTK-nın satış ofisində dəfələrlə görüşlər keçirilmiş, habelə məktub vasitəsi ilə müraciət edilmiş və ödəniş müddətinin bitməsindən kifayət qədər müddət keçməsinə baxmayaraq maliyyə arayışı və çıxarışın alınması ilə bağlı digər sənədlər iddiaçıya təqdim edilməmişdir. Mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı maliyyə arayışının və mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının verilməməsi iddiaçı üçün qeyd etdiyi ciddi problemlərin yaranmasına səbəb olmaqdadır. Fövqəladə vəziyyət və baş verə biləcək risklərlə bağlı daşınmaz əmlakı icbari qaydada sığorta edilməsi, üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığorta şəhadətnaməsinin və icbari sığorta şəhadətnamələrinin almağında məhdudiyyətlərin olması; “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə və İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsinə uyğun olaraq sözügedən yaşayış yerinə qeydiyyata düşməkdə problemlərin olması; - Bələdiyyələr tərəfindən müəyyən edilmiş əmlak vergilərin hesablanması və ödənilməsində problemlərin olması; -Daşınmaz əmlakın özgəninkiləşdirilməsi- alqı-satqı, girov predmeti olaraq istifadə edilməsində maneəçilik olması; -Mülkiyyət hüququnun pozularaq, mənzilin Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətində qeydiyyata alına bilməməsi; -Müxtəlif dövlət və qeyri-dövlət orqanları üçün arayışların, yaşayış yeri üçün arayışın alınmasında məhdudiyyətlərin olması; - Kommunal Xidmətlərlə bağlı sayğacların qeydiyyata alınması və su, işıq sayğaclarının mülk sahibi adına rəsmiləşdirilməsindən imtinaların olması; -Dövlət orqanlarında o cümlədən dövlət poliklinikalarında, məktəblərdə, uşaq baxçalarında ailə üzvlərinin qeydiyyatı ilə bağlı çətinliklərin yaranması. Məlumat üçün bildirir ki, sözügedən həmin “X1 Kompleksi”ndə 1-ci bina və digər binalarda bir çox sakinlər tərəfindən müvafiq çıxarış alınmışdır. Cavabdeh Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz vermişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia tələbini qəbul etmir və onun kooperativə olan 1 illik kommunal borcları olması səbəbindən ona borcun olmamasına dair maliyyə arayış verilməsi və mülkiyyət hüququna dair çıxarış alınması üçün ümumi yığıncağın keçirilməsi və qərarın təqdim olunması qeyri-mümkündür. Müqavilə bağlayaraq mənzil əldə edən iddiaçı kooperativin saxlanmasında iştirak etməmiş, binanın cari xərcləri - təmizlik, lift xidməti, mühafizə və digər xidmətlərin ödənişini özündə ehtiva edən kommunal xidmətlərə görə haqqı ödəməkdən imtina etmişdir. Belə olan halda ona borcun olmamasına dair maliyyə arayışı və ümumi yığıncağın keçirilərək ona müvafiq qərarın verilməsi obyektiv cəhətdən mümkün deyildir. İddiaçı və digər mülkiyyətçilər mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılması üçün AR Ədliyyə Naziriliyinin müvafiq idarəsinə müraciət etmişlər, kooperativ öz üzərinə düşən öhdəliyi icra etmiş, zəruri köməkliyi göstərmişdir. Lakin bu günədək mülkiyyətçilər mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini qeydiyyatdan keçirməmişlər. Kooperativ artıq daxili vəsaitlər hesabına binanın xərclərini ödəmək istəmir və binanı mənzil mülkiyyətçilərinə təhvil vermək arzusundadır. Lakin AR mənzil qanunvericiliyinə əsasən nəqədərki mülkiyyətçi MMC yaratmayıblar, binanın idarəçiliyi kooperativdədir və kooperativə mülkyyətçilər aylıq kommunal xərcləri ödəməklə xərclərdə iştirak etmək öhdəliyi daşıyırlar. İddiaçının 1 il müddətinə xərcləri ödəməkdən yayınması və imtina etməsi kooperativi və onun digər üzvlərini çətin vəziyyətə salır. İddiaçıya nəinki çıxarış alınması, kooperativin xərclərində iştirakdan yayındığına görə onunla bağlanmış mənzilə dair müqavilənin ləğv edilməsi məsələsi hazırda kooperativ üzvlərinin gündəliyindədir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 03 iyul 2021-ci il tarixli 340 saylı çoxmənzilli yaşayış binasının tikintisi haqqında müqavilənin məzmunundan görünür ki, icraçı Cavabdeh MTK Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-ci məhəllədə yerləşən 16 mərtəbəli 7 bloklu binanın, 1-ci blokunda 2-ci mərtəbədə 3 otaqlı 112.7 kv.m olan 5 saylı mənzili sifarişçi İddiaçı satmağı, sifarişçi İddiaçı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada, tərəflər arasında razılaşdırılmış şərtlər daxilində mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən sifarişçi mənzilin dəyərinin 76073 manatını (50%), müqavilə bağlandığı gün, qalan 76072 manatını (50%) isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlin (Əlavə 1) əsasında 30 ay müddətinə ödəyir. Müqavilənin 2.4-cü bəndinə əsasən mənzilin dəyəri tam ödənildikdən sonra "xxxx" yə “maliyyə arayışı” verilir və borcun olmaması “maliyyə arayışı” ilə təsdiq edilir. Müqavilənin 3.1.4-cü bəndinə əsasən, mənzilin dəyəri tam ödənildikdən və bina tikilib başa çatdıqdan sonra mənzilə dair mülkiyyət hüququnun qeydiyyata alınması ilə əlaqədar sənədləri "xxxx"yə təqdim etmək icraçının vəzifəsidir. İş materiallarında olan Cavabdeh MTK tərəfindən verilmiş 03 iyul 2021-ci il tarixli 340 saylı kassa mədaxil orderindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-ci məhəllədə yerləşən 16 mərtəbəli 7 bloklu binanın, 1-ci blokunda 2-ci mərtəbədə 3 otaqlı 112.7 kv.m olan 5 saylı 3 otaqlı mənzil üçün 76 073 (yetmiş altı min yetmiş üç) manat kassaya mədaxil edilmişdir. İş materiallarında olan, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli,xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli qəbzlərə əsasən İddiaçı tərəfindən cəmi 76072 (yetmin altı min yetmiş iki) manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.6-ci maddəsinə əsasən, mənziltikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.6-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Müəyyən edilmişdir ki, tərəflər arasında 2021-ci ildə bağlanmış müqavilə üzrə mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilsə də, cavabdeh tərəfindən lazımı sənədlər verilmədiyi üçün iddiaçı mənzilini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirə bilmir. İddiaçı cavabdehlə aralarında bağlanmış müqavilə əsasında aldığı mənzilin dəyərini cavabdehə tam ödədiyindən, həmçinin müqavilə üzrə icra edilməmiş öhdəliklər qalmadığından, hazırda iddiaçıya sözügedən mənzilin daşınmaz əmlakın rəsmi reyestrində qeydiyyatdan keçirmək üçün müvafiq sənədlər lazım olduğundan, həm də belə sənədlərin verilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, iddiaçının tələbi haqlı tələbdir. Məhkəmə qeyd edir ki, iddiaçının kommunal xidmətlərə görə borcunun olması hazırki əsaslı və qanuni olan tələbin rədd edilməsinə əsas verən hal deyildir, qeyd edilən hal mənzilin üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün tələb olunan zəruri sənədlərin verilməsinə mane olmur. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-ci məhəllədə yerləşən 16 mərtəbəli 7 bloklu binanın, 1-ci blokunda 2-ci mərtəbədə 3 otaqlı ümumi sahəsi 112.7 kv.m olan 5 saylı mənzilin mülkiyyət hüququnun qeydiyyata alınması iləı bağlı lazımı olan sənədlərin -müqavilə üzrə mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı və sözügedən mənzillə bağlı MTK üzvlərinin ümumi yığıncağının qərarının İddiaçı verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; İddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-ci məhəllədə yerləşən 16 mərtəbəli 7 bloklu binanın, 1-ci blokunda 2-ci mərtəbədə 3 otaqlı ümumi sahəsi 112.7 kv.m olan 5 saylı mənzilin mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı lazımı olan sənədlərin - müqavilə üzrə mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı və sözügedən mənzillə bağlı MTK üzvlərinin ümumi yığıncağının qərarının İddiaçı verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Ödəninilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-757/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-757/2024
01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver