Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-783/2023 01.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarş pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdeh Məmməd Cavabdeh 3118 (üç min yüz on səkkiz) manat borcun, 4800 (dörd min səkkiz yüz) manat məbləğində avtomobilə dəymiş zərərin əvəzinə və 99,2 (doxsan doqquz manat iyirmi qəpik) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixində 03/2021 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin tarixli təhvil aktına əsasən Cavabdeh 17300 (on yeddi min üç yüz) manat dəyərində Toyota Corolla markalı avtomobil əldə etmişdir. Müqavilənin şərtlərinə görə Cavabdeh avtomobili alan zaman 2300 (iki min üç yüz) manat ödəniş etmişdir və 25 ay müddətində hər ay 600 (altı yüz) manat ödəniş edəcəyi barədə öhdəlik götrmüşdür. Cavabdeh 6 ay ödəniş etdikdən sonra (sonuncu dəfə xx.xx.2022) müqavilə şərtini kobud şəkildə pozaraq ödəniş etməmiş xx.xx.2022-ci il tarixdə qəzalı vəziyyətdə geri qaytarmışdır. Cavabdeh ilkin ödəniş 2300 (iki min üç yüz) manat və 9 ay 600 (altı yüz) manat olmaqla İddiaçı 7700 (yeddi min yeddi yüz) manat vəsaiti ödəmişdir. Müqavilənin 11-ci bəndinə əsasən avtomobil geri alındıqda hər gün üçün avtomibilin ümümi dəyərinin 0.2% miqdarında amortizasiya xərci ödənilməlidir ki, bu da ümümilikdə 330 gün üçün 11418(on bir min dörd yüz on səkkiz) manat təşkil edir.(17300x0.2%=34.6 günlük amortizasiya). Həmin tarixə Cavabdeh İddiaçı müqavilənin 11-ci bəndinə əsasən 3118 (üç min yüz on səkkiz) manat ödənilməmiş borcu və avtomobilin yararlı vəziyyətə gətirməsinə çəkilmiş xərc olan 4800 (dörd min səkkiz yüz) manat dəymiş ziyanla bağlı borcu yaranmışdır. Cavabdeh dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq bu günə kimi borcunu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq izahatında göstərmişdir ki, cavabdeh avtomobilin qəzaya düşməsi barədə aprel ayında məlumat vermiş, ancaq avtomobil apreldən əvvəl qəzaya düşmüşdür. Cavabdeh avtomobil qəzaya düşdüyü üçün əvvəlcə onu düzəltdirməyi, daha sonra maşın üçün ödəniş etməyi təklif etmişdir. May ayında ödəniş etmiş, ancaq avtomobili düzəltdirə bilməmişdir. Daha sonra onunla əlaqə saxlaya bilməmişlər. Sonra iddiaçı cps vasitəsilə avtomobili Sabunçu rayonu, Kürdəxanı ərazisindəki cərimə meydançasında tapmışdır. İnspektordan buraxılış alıb maşını götürmüşdür. Avtomobil tam yararsız vəziyyətdə idi. Texniki pasportu və nömrəsi də iddiaçıda olmamışdır. Avtomobili təhvil aldıqdan sonra ehtiyat hissələri satan yerdə 2500 manat qiymətləndirilərək satmışdır. Həmin məbləğlə bağlı sübut yoxdur. Amortizasiya xərci isə günlük 34,6 manat olmaqla aldığı gündən təhvil verdiyi günədək hesablanmışdır. Avtomobili düzəltsək belə, onun satış qiyməti əvvəlki satış qiymətinin yarı-yarıya azalması deməkdir. Ona görə də iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək, iddianı yanlız dəymiş ziyan hissədə, yəni 4800 manat hissədə qəbul edir. Qalan hissədə razı deyil. Çünki avtomobil də onda yoxdur, iddiaçı avtomobili götürmüşdür. Avtomobilə görə 8000 manata yaxın ödəniş etmişdir. İddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan AD seriyalı 836984 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2005-ci il buraxılışlı “Toyota Corolla” markalı **- OB-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan 15 iyul 2021-ci il tarixli 03/2021 nömrəli Daşınar Əmlakın alqısatqı müqaviləsindən görünür ki, İddiaçı 2005-ci il buraxılışlı Toyota Corolla markalı **-OB- *** dövlət qeydiyyat nişanlı avtomobili alıcının mülkiyyətinə verməyi, Cavabdeh (alıcı) isə həmin daşınar əmlakın əvəzində 17300 (on yeddi min üç yüz) manat pulu satıcıya verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən alıcı avtomobilin dəyərinin 2300 (iki min üç yüz) manatını müqavilə bağlanarkən alıcıya verir. Müqavilənin 3-cü bəndinə əsasən alıcı avtomobilin dəyərinin qalan hissəsini yəni 15000 (on beş min) manatı 25 ay hissə-hissə hər ay 600 (altı yüz) olmaqla, hər ayın müqavilə imzalandığı gün ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil aktında qeyd olunur ki, satıcı buraxılış ili 2005-ci il olan Toyota Corolla markalı **-OB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini alıcıya tam saz vəziyyətdə təhvil vermişdir. Alıcı satıcının iştirakı ilə avtomobilə baxış keçirmiş və avtomobilə dair heç bir etiraz və tələbi yoxdur. İş materiallarında olan “GOLD Auto servisin” xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, 2005-ci il buraxılışlı Toyota Corolla markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 4800 (dörd min səkkiz yüz) manat zərər dəymişdir. İş materiallarında olan 27 sentyabr 2022-ci il tarixli İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış məktubdan görünür ki, Cavabdeh onunla cavabdeh arasında bağlanmış 15 iyul 2021-ci il tarixli 03/2021 nömrəli müqaviləyə əsasən 3118 (üç min yüz on səkkiz) manat ödənilməmiş borcun və avtomobilin yararlı vəziyyət gətirilməsinə çəkilmiş xərc olan 4800 (dörd min səkkiz yüz) manat məbləğində dəymiş ziyanla bağlı borcu 3 (üç) gün müddətində ödəməsi barədə, əks təqdirdə, iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdeh xəbərdar edilmişdir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında 15 iyul 2021-ci il tarixli 03/2021 nömrəli Daşınar Əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı 2005-ci il buraxılışlı Toyota Corolla markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilə bağlanarkən cavabdeh 2300 (iki min üç yüz) manatın iddiaçıya vermiş, cavabdeh avtomobilin dəyərinin qalan hissəsini yəni 15000 (on beş min) manatı 25 ay hissə-hissə hər ay 600 (altı yüz) olmaqla, hər ayın müqavilə imzalandığı günü ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh avtonəqliyyat hadisəsi törətmiş, avtomobil xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən cərimə meydançasından götürülmüş, daha sonra iddiaçı tərəfindən satılmışdır. İddianın əsaslı hesab edilməsi üçün ilk olaraq tərəflər arasında etibarlı alğı-satqı müqaviləsinin bağlanması halı müəyyən edilməlidir. Yalnız həmin hallar müəyyən edildikdən sonra iddia təmin oluna bilər. Lakin hazırkı işdə qeyd olunan birinci hal müəyyən edilmir. Belə ki, tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsinin predmetini avtonəqliyyat vasitəsi təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının” Siyahısının 2-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən avtonəqliyyat vasitələri rəsmi reyestrdə qeydə alınan daşınar əşyalar hesab olunur, onlar dövlət qeydiyyatına alınır və həmin qeydiyyatı Daxili İşlər Nazirliyi həyata keçirir. Mülki Məcəllənin 650-ci maddəsinə görə rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqısatqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 144.1-ci maddəsində isə təsbit olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Lakin tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edilməmişdir. Mülki Məcəllənin 329.1-ci maddəsində isə göstərilmişdir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Göründüyü kimi tərəflər arasında imzalanmış müqavilə Mülki Məcəllənin əqdlərin forma tələblərinə riayət etməməklə bağlandığı üçün etibarsız əqddir. Bundan başqa məhkəmə qeyd edir ki, mövcud qanunvericilikdə nəqliyyat vasitələrinə dair alqı-satqı müqavilələrinin digər formada bağlanması da nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnaməyə əsasən bütün fiziki və hüquqi şəxslər mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində Dövlət qeydiyyatından keçirməlidirlər (bənd 1.2). Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar (dövlət yol polisi) nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı, həmçinin nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini həyata keçirirlər (bənd 1.6). Qeyd olunan qərarla nəqliyyat vasitələrinin dövlət yol polisi orqanında alqısatqısı və dəyişdirilməsi müqavilələrinin forması təsdiq edilmişdir Lakin tərəflər arasında imzalanmış müqavilə qeyd olunan Qərarın tələblərinə uyğun olaraq dövlət yol polisində rəsmiləşdirilməmişdir. Göründüyü kimi tərəflər arasında etibarlı alqı-satqı müqaviləsi bağlanılmamışdır Belə olan halda isə iddiaçının Mülki Məcəllənin 600.4-cü və 600.5-ci maddəsinə əsasən həmin müqavilənin 11-ci bəndinə əsaslanmaqla pul tələb etməsi əsassızdır. Bundan başqa məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış müqavilə etibarsız əqd kimi qiymətləndirilsə də, iddianın predmeti həmin əqdin etibarsız hesab edilməsi və ya etibarsız əqd üzrə alınanların geri qaytarılması ilə bağlı olmadığına görə Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar mövcud deyil. Məhkəmə eyni zamanda qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə etibarlı müqavilə olmuş olsa idisə də, həmin müqavilənin 11-ci bəndinə əsasən 3118 manat məbləğində pulun cavabdehdən tələb edilməsi əsassızdır. Belə ki, hazırki halda tərəflər arasında müqaviləyə xitam birtəfəli qaydada cavabdehin təqsirindən deyil, iddiaçının təşəbbüsü ilə xitam verilmişdir. Belə ki, cavabdeh yol nəqliyyat hadisəsi baş verənədək aylıq ödənişlərini həyata keçirmişdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, cavabdeh tərəfindən avtonəqliyyat hadisəsi törədildikdən sonra iddiaçı avtomobili cərimə meydançasından götürmüş və 2500 manata satmışdır. Məhkəmə iddia tələbini “4800 manat dəymiş ziyanın ödənilməsi” hissəsində isə əsaslı hesab edir və təmin edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Belə ki, Mülki Məcəllənin 1096-cı, 1097.1-ci və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (qeyd edilən halda nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. Hazırki mülki iş üzrə Cavabdeh qanunsuz hərəkəti nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə ziyan dəyməsi, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Cavabdeh məhkəmə iclasında avtomobilə 4800 manat məbləğində ziyan dəyməsini və o hissədə iddianı etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda, hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 50 (əlli) manatı məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4800 (dörd min səkkiz yüz) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 50 (əlli) manatı cavabdehdən iddiaçının xeyrinə tutulsun, qalan hissədə dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-783/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-783/2023
01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver