Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-835/2025 08.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbinə dair iş üzrə (açar sözlər: subroqasiya qaydasında pulun tutulması) Bakı şəhəri Yasamal Rayon Məhkəməsi Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Nəqliyyat vasitələrinin qrup sığortası şəhadətnaməsindən görünür ki, “X4 Exports B.V.” şirkətinin Azərbaycan nümayəndəliyi 1 nömrəli qoşmada göstərilən nəqliyyat vasitələri avtonəqliyyat hadisələri, atılmış və ya düşmüş əşya, üçüncü şəxslərin qanunazidd hərəkəti, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın, partlayış, təbii fəlakət – sel, daşqın, zəlzələ, fırtına, qasırğa, tufan, dolu və digər təbii hadisələr, heyvanların hərəkəti – sığorta risklərindən sığorta təminatı altına alınmışdır.
2. 1 nömrəli qoşmaya əsasən, digər nəqliyyat vasitələri ilə yanaşı “Volkswagen Polo” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi də sığorta edilmişdir.
3. 2 nömrəli qoşmaya əsasən, sözügedən nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən, xx.xx.2023-cü il tarixədək sığorta təminatı altına alınmışdır.
4. Avtomobilin müvəqqəti xidməti istifadəyə verilməsi haqqında vəkalətnamədən görünür ki, “Volkswagen Polo” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixədək X1 istifadəsinə verilmişdir.
5. İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Ford Fusion” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh tərəfindən xx.xx.2022-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.
6. TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, “Ford Fusion” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə, sonuncu 60 manat məbləğdə cərimə edilmişdir.
7. Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, toqquşma növündə yol nəqliyyat hadisəsi zamanı “Volkswagen Polo” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh tərəfindən “X4 Exports B.V.” şirkətinin Azərbaycan nümayəndəliyinə məxsus, X2 tərəfindən idarə olunan “Volkswagen Polo” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi əzilmişdir.
8. Cavabdeh tərəfindən Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsində verilmiş izahatdan görünür ki, özünə məxsus “Ford Fusion” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhər İnşaatçılar küçəsi ilə Azərbaycan prospekti istiqamətində hərəkətdə olan zaman yol kəsişməsində “Stop” nişanının tələbini pozmuş, “Volkswagen Polo” markalı avtomobilin qabaq hissəsi ilə toqquşmuşdur.
9. QSC "xxxx" Volkswagenauto Baku tərəfindən verilmiş aktdan görünür ki, “Volkswagen Polo” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirinin ümümi qiyməti 6217,30 manatdır.
10. A-AS-021/23 nömrəli sığorta aktından görünür ki, 6217,30 manat məbləğdə sığorta ödənişi həyata keçirilmişdir.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
11. İddiaçı cavabdehə qarşı sadələşdirilmiş icraat qaydadasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1017,30 manat məbləğdə sığorta ödənişi, 30,18 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 1047,88 manat pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddianın əsaslarına görə, iddiaçı "xxxx" ASC ilə sığortalı “X3 Exports B.V” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AS-H 064/22_28 nömrəli sığorta müqaviləsinə əsasən Cəmiyyət tərəfindən sığortalanmış “Volkswagen Polo” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığorta müddətində xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan “Ford Fusion” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə toqquşaraq zədələnmişdir. Sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində “Volkswagen Polo” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 6217,30 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində “Ford Fusion” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli iş kartında, yol-nəqliyyat hadisəsi nəticəsində “Volkswagen Polo” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 6217,30 təşkil edilmişdir. İddia ərizəsinə əlavə edilmiş subroqasiya tələblərinin reyestrindən çıxarışından görünür ki, “Ford Fusion” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC tərəfindən 5000 manat məbləğində sığorta ödənişi Cəmiyyətin hesabına ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 399/24 nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Volkswagen Polo” markalı, **-PX-*** dövlət nişanlı avtonəqliyyat vasitsəinə dəymiş zərərin qalıq hissəsinə görə ödənilməli olan 1217,30 manat məbləğində pulun Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilmiş, tələbə əsasən cavabdeh tərəfindən ümumilikdə 200 manat ödəniş həyata keçirmişdir.
b) iddiaya etiraz
13. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir; Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
Məhkəmə baxışının hədləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
17. İşdəki sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “X4 Exports B.V” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin mülkiyyətində olan “Volkswagen Polo” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən, xx.xx.2023-cü il tarixədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri ərazisində “Ford Fusion” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Volkswagen Polo” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh hadisədə təqsirli bilinərək Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Sığortalanan Volkswagen Polo” markalı avtomobilə dəymiş zərər 6217,30 manat məbləğdə qiymətləndirilmiş, həmin məbləğdə sığorta ödənişi iddiaçı tərəfindən ödənilmişdir.
18. İddiaçı ödənilmiş sığorta məbləğinin 5000 manat hissəsini zərər vuran avtomobilin sığortaçısı tərəfindən, 200 manat hissəsinin isə cavabdeh tərəfindən ödənildiyini bildirməklə qalıq 1017 manat məbləğdə sığorta ödənişinin tutulmasını xahiş edir.
19. Göründüyü kimi, işdə olan sübutlarla deliktin (yol-nəqliyyat hadisəsinin) cavabdehin təqsirli hərəkətləri nəticəsində törədilməsi müəyyən olunur.
20. Odur ki, iddiaçı tərəfin dəlilləri ilə razılaşan məhkəmə Mülki Məcəllənin 936.1, 936.2, 1096, 1097.1, 1108.1-ci maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçı sığortalıya ödənilmiş pul vəsaitinin subroqasiya qaydasında tələb etməkdə haqlıdır.
21. Belə ki, sığortalanmış “Volkswagen Polo” markalı avtomobilə məhz Cavabdeh оğlunun təqsirli hərəkətləri nəticəsində zərər dəymiş və iddiaçı həmin zərəri ödəyərək, Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq tələbetmə hüququnu əldə etmişdir. Eyni zamanda cavabdeh “Ford Fusion” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi olduğuna görə Mülki Məcəllənin 1096 və 1108.1-ci maddələrinin tələblərinə görə delikt törətmiş şəxs hesab olunur və yüksək təhlükə mənbəyinin sahibi kimi zərərin əvəzini ödəməlidir.
22. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30,18 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
24. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddia təmin edilməli, dəymiş zərərin məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
25. Göstərilənləri və MPM-in 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. 1017,30 manat zərər məbləği, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,18 manat və 0,40 manat xidmət haqqı olmaqla, ümumilikdə 1047,88 manat pul Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə