Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-847/2025 03.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1nə qarşı borcun silinməsi tələbinə dair iş üzrə (açar sözlər: borcun silinməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1nə qarşı borcun silinməsi tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Abonent haqqında məlumatdan görünür ki, "xxxx" MTK adlı müəssisəyə il üzrə hesablanmış borc məbləği 96669,60 manat təşkil edir.
2. "xxxx" MTK-ya ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqla istifadə edilən su təchizatı və kanalizasiya xidmətlərinə görə 104767,60 manat son ödəmə tarixi keçmiş ödənilməmiş borcun yarandığı bildirilmişdir.
3. xx.xx.2023-cü il tarixli hesab-fakturadan görünür ki, həmin tarixə qalıq borc məbləğinin 90,6 manat olduğu bildirilmişdir.
4. xx.xx.2024-cü il tarixli hesab-fakturadan görünür ki, həmin tarixə qalıq borc məbləğinin 104229,6 manat olduğu bildirilmişdir.
5. xx.xx.2024-cü il tarixli hesab-fakturadan görünür ki, həmin tarixə qalıq borc məbləğinin 104767,6 manat olduğu bildirilmişdir.
6. xx.xx.2024-cü il tarixli hesab-fakturadan görünür ki, həmin tarixə qalıq borc məbləğinin 105395,6 manat olduğu bildirilmişdir.
7. PHŞ tərəfindən MTK-ya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 105987,6 manat mövcud borcun 9318 manatı cari ilin 9 ayı ərzində satışın qarşılığında ödəniş olunmaması nəticəsində yaranmışdır.
8. xx.xx.2024-cü il tarixli üzləşmə aktından görünür ki, xx.xx.2024-cü il tarixə cəmi qalıq borc 96669,60 manat təşkil edir.
9. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 tərəfindən göndərilmiş sorğuya cavabdan görünür ki, istehlakçılara verilən suyun hesabatı xx.xx.1999-cu il tarixli, 723-İQ nömrəli “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na əsasən aparılır. Bu qaydaların 3.1.1-ci yarımbəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi (STKM), su təchizatı və tullantı sularının axıdılması sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib edilməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək hüququna malikdir. Həmin qaydaların 8.7-ci bəndinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. Sözügedən ünvanın su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatının aparılması üçün təqdim etdiyi sənədlərə istinadən xx.xx.2007-ci il tarixdə 13932587 nömrəli müqavilə bağlanaraq 072925 nömrəli abonent kodu açılmış və binanın su xətti üzərində 4 ədəd mexaniki su sayğacı quraşdırılmışdır. Yasamal rayon Sukanal idarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində sözügedən ünvanın su təchizatı xəttinə baxış keçirilən zaman 2 ədəd (D=200mm və D=20mm) sayğacdan kənar xətdən qeyriqanuni istifadə halı aşkarlanmış və faktla bağlı olaraq 602199 nömrəli dəymiş ziyan aktı tərtib edilmişdir. Bu səbəbdən də sudan qanunsuz istifadəyə görə 5 aylıq (xx.xx.2023xx.xx.2023-cü il tarixlərə) 94527 m3 sərfiyyat hesablanmışdır. Hazırda su təchizatı və tullantı suları xidmətlərindən istifadəyə görə abonentin hesabında 112115,60 manat borc var.
10. Sorğuya əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, ünvana baxış keçirilərkən "xxxx" MMMC-yə məxsus yaşayış binasının istilik sistemlərini təmin edən MMC-yə məxsus qazanxanada D=200 mm-lik su xəttindən qeyri-qanuni istifadə aşkarlandı. Bundan əlavə olaraq binanın xidməti sahəsində sayğacdan kənar D=20 mmlik boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə aşkarlandı. Aktı mühəndislər Azad Babayev və Məhərrəm İmaməlili öz imzaları ilə təsdiq etmişlər. Obyektin nümayəndəsi qrafasına “imtina” qeydi düşülmüşdür.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" MMMC xx.xx.2017-ci il tarixdə ünvan 2 ünvanlarında daşınmaz əmlak kompleksini birgə idarə etmək və bu kimi digər məqsədlərlə yaradılmışdır. İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
12. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMMC-yə (Forum 95 MTK) hesablanmış 96669,60 manat məbləğdə borcun cavabdeh tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddianın əsaslarına görə, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsindəki yaşayış kompleksi artıq 20 ilə yaxın müddətdir ki, inşa edilmişdir. Uzun müddətdir ki, sakinlər mənzillərdə yaşayaraq suda, təbii qazdan istifadə edərək, kommunal borclarını vaxtında və tam həcmdə ödəyir. Yaşayış binası "xxxx"-nın idarəsində olmuş, xx.xx.2017-ci il tarixindən etibarən isə MTK ləğv edilərək MMMC təsis edilmişdir. Yaxın keçmişə qədər MMMC və sakinlər sudan fasiləsiz istifadə edirlər. Lakin 2024-cü ilin əvvəllərində “Yasamal Rayon Sukanal İdarəsinin” rəhbərliyi dəyişdikdən sonra yeni təyin olunmuş rəhbər tərəfindən İddiaçı MMMC-yə qarşı ədavət başlamışdır. Dəfələrlə, sonuncu dəfə xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixində gecə saatlarında "xxxx" ASC (indiki Cavabdeh)-nin əməkdaşlar tərəfindən qanunsuz şəkildə pəncərənin dəmir barmaqlıqlarını sındıraraq mühafizə olunmuş əraziyə daxil olaraq, su xətləri kəsilmiş, nəticədə kompleksin sakinlərini su ilə təmin edən irihəcmli nasoslar sıradan çıxmış və müəssisəyə xeyli miqdarda ziyan dəymişdir. Hazırda da sakinlərin su təchizatı Yasamal Rayon Məhkəməsinin qərardadı ilə bərpa edilmişdir. Yasamal rayon Sukanal İdarəsi tərəfindən dəfələrlə qanunsuz olaraq, heç bir rəsmi sənəd, akt , borcun hesablanması barədə dəlillər və sənədlər təqdim etmədən 95000 manat borcun ödənilməsi tələb edilmiş, ilk dəfə olaraq isə rəsmi şəkildə xx.xx.2024-cü il tarixli hesab fakturada şişirdilmiş borc məbləği (104767,6 manat) mövcud olması göstərilmişdir. Vəkil sorğusuna göndərilmiş cavabda xx.xx.2024-cü il tarixdə 96669,6 manat qalıq borc mövcud olmuşdur. Çoxmənzilli yaşayayış binasında hər bir mənzilə ayrıca su sayğacı quraşdırılmışdır, istinad edilən qanunsuz borc yalnız ümumi istifadə olunan sayğaca aid edilmişdir ki, MMMC-nin isə aylıq sərfiyatı maksimum 500-600 manat civarındadır. Borcun yaranma əsasları barədə məlumatın alınması və hesablama üçün əsas olan sənədlərin surətini əldə etmək üçün Yasamal rayon sukanal idarəsinə vəkil sorğusu ilə müraciət edilmiş və daxil olmuş xx.xx.2024-cü il tarixli məktubla məlum olmuşdur ki, 2024-cü ilin 9 ayı ərzində 9318 manat su sərfiyyatına görə borc yaranmış, xx.xx.2024-cü il tarixdə isə 96669,6 manat borc qalığı yaranmışdır. Amma yenə də Yasamal Rayon sukanal idarəsi həmin borcun xx.xx.2024-cü ilədək yaranmış qalıq borcun hansı dövrdə, hansı əsasla yaranmasına dair nə bir məlumat, nə də rəsmi sənəd təqdim etmişdir.
b) iddiaya etiraz
13. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
c) məhkəmə icraat iştiakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehin məhkəmə iclasına gəlməmiş, iclasın başqa vaxta keçirilməsini xahiş etmiş, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Su Məcəlləsi: Maddə 98. ... Xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur.
17. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 30.1. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; Maddə 49.
1. Su təchizatı və kanalizasiya müəssisələri bu Qanuna uyğun olaraq hüquq və vəzifələrin həyata keçirilməsini həvalə etməklə səlahiyyətli nümayəndələrini təyin edirlər; Maddə 67. Qanunsuz qoşulma
1. Bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır.
18. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”: Bənd 2.1.5. İstehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smartkart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək STKM-in vəzifəsidir; Bənd 2.1.7. İstehlakçının suölçən cihazını onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlamasından keçirmək STKM-in vəzifəsidir; Bənd 5.1.5. Verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır; Bənd 7.2. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər; Bənd 8.6. Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir; Bənd 8.7. Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır.
19. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
22. İşdən müəyyən olunur ki, iddiaçının fəaliyyət göstərdiyi ünvanın su təchizatı xx.xx.2007-ci il tarixli, 13932587 nömrəli müqavilə əsasında aparılır, ünvan üzrə 072925 nömrəli abonent kodu açılmışdır.
23. İddiaçı hazırda cavabdeh tərəfindən hesablanmış 96669,60 manat məbləğdə borcun silinməsi xahiş etməklə, tələbini onunla əsaslandırır ki, adi dövriyyədə ödənilən sudan istifadəyə görə haqqlardan kəskin dərəcə fərqlənən hesablanmış borcun heç bir əsası yoxdur, borcun əsasları barədə hər hansı məlumat təqdim edilməmişdir.
24. Borcun əsasları barədə isə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli akt təqdim edilmişdir. Aktda 2 ədəd boru vasitəsi ilə qanunsuz qoşulma faktının aşkarlandığı göstərilir.
25. Məhkəmə qeyd edir ki, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır. Bu cür faktlar aşkarlandıqda isə su təchizatçısının bunu rəsmiləşdirməklə müvafiq tədbirlər görməsi təbiidir. Bununla belə, qanunsuz hərəkətlər barədə aktın tərtib olunması və həmin akta əsasən abonentə müəyyən məbləğdə sanksiya tətbiq edilməsi elə mötəbər sübutlar fonunda baş verməlidir ki, qanunsuz hərəkətlərin və hesablanmış borcun əsaslılığına heç bir şübhə qalmasın.
26. Hazırkı işin halları baxımından cavabdeh tərəfindən təqdim edilmiş akt yalnız cavabdeh qurumun əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilib imzalanmışdır. Ərazisində yoxlama aparılan obyektin nümayəndəsi aktı imzalamamışdır. Sonradan da aktın nüsxəsi iddiaçıya təqdim edilməmiş, nə də poçt vasitəsi ilə göndərilməmişdir.
27. Belə olan halda, bu akt özülüyündə mötəbər sübut kimi qəbul oluna bilməz.
28. Xüsusi ilə, bu cür böyük miqdarda su itkisinə səbəb olmuş qanunsuz hərəkətlər aşkar olunduğu zaman hər hansı foto-video çəkiliş aparılmaması, qanunsuz qoşulma faktı barədə cinayət təqibi orqanlarına məlumat verilməməsi bu cür hərəkətlərin həqiqətən mövcudluğunu şübhə altına alır.
29. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulmaqla bu resursların talanması, bu əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti yaradır.
30. Odur ki, iddiaçıya hesablanmış borc baxımından, borcun yaranma əsaslarını cavabdeh sübut edə bilməmişdir.
31. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçınə (Forum 95 MTK) hesablanmış 96669,60 manat məbləğdə borc “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 tərəfindən silinməlidir.
32. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. İddiaçınə (Forum 95 MTK) hesablanmış 96669,60 manat məbləğdə borc “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 tərəfindən silinsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə